Süvari hissələrin yaradıcısı

 

Generallar

 

                                           

GenerallarÜmummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir.

Azərbaycan Milli Ordusunun təşkilatlanmasında xidmətləri olmuş şəxslərdən biri   Teymur bəy Mirzə Hacı bəy oğlu Novruzovdur.

Teymur bəy 1880-ci il aprelin 20-də Azərbaycanın qərb bölgəsində -Yelizavetpol (indi Gəncə)  qəzasının Qovlar kəndində peşəkar hərbçi, rus ordusunun general-leytenantı Mirzə Hacı bəy Novruzovun ailəsində anadan olub.

Uşaqlıqdan hərbçi peşəsinə böyük maraq göstərən Teymur ibtidai təhsilini Tiflis kadet korpusunda alıb. 1898-ci ildə Yelizavetqrad süvari yunker məktəbinə daxil olaraq zabit məktəbini bitirib. Sonra atası Mirzə Hacı bəy Novruzov zadəgan nəslindən olduğuna görə Peterburqdakı Paj hərbi korpusunda təhsil alıb.

T.Novruzov 1900-cü ildə rus ordusunda xüsusi atlı qoşun hissələri tərkibindəki polkda yunker qismində hərbi xidmətə başlayıb. 1901-ci ildə ona çar süvari qoşununun birinci zabit rütbəsi sayılan kornet rütbəsi verilib. O, 1905-ci ildən etibarən poruçik, 1909-cu ildən ştabs-rotmistr, 1913-cü ildən isə rotmistr hərbi zabit rütbəsinə yiyələnib.

T.Novruzov rus ordusunda göstərdiyi igidliklərə görə ayrı-ayrı vaxtlarda müxtəlif ordenlərlə, o cümlədən 1909-cu ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav", 1913-cü ildə 3-cü dərəcəli "Müqəddəs Anna", 2 noyabr 1914-cü ildə 3-cü dərəcəli "Müqəddəs Anna", 24 noyabr 1914-cü ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordenləri, " Georgi xaçı", onların lentləri qılıncla təltif edilmişdir.

1918-ci il aprelin sonlarında general-leytenant Əliağa Şıxlinskinin rəhbərliyi altında yaradılan Azərbaycan korpusunun sıralarında Teymur bəy respublikamızın ərazi bütövlüyünün qorunub saxlanılmasında yaxından iştirak edib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 avqust 1919-cu il tarixli qərarı ilə I süvari Tatar polkunun komandiri polkovnik T.Novruzova xidmətdə fərqləndiyinə görə general-mayor rütbəsi verilib. Bir qədər sonra isə Azərbaycan Ordusunda Süvari Diviziyanın komandiri təyin edilib.

Professor Ədalət Tahirzadənin, yazıçı-publisist Şəmistan Nəzirlinin, Milli Arxiv İdarəsinin sənədlərin nəşri istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun araşdırmalarında qeyd edilir ki, Azərbaycan Ordusunda süvari hissələrin yaradılması, komplektləşdirilməsi döyüş hazırlığının yüksəldilməsi sahəsində  T.Novruzovun böyük xidmətləri olub. Süvari Diviziyasının komandiri kimi süvari polkların formalaşmasında fəal iştirak edən general Azərbaycanın müstəqilliyi uğrunda inamla vuruşub. O, 1920-ci ilin martında Qarabağda (Şuşada) yerləşmiş daşnaklara daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında da fərqlənib.

T.Novruzov Azərbaycan Xalq Cümhuriyyəti ordusunun, hələ sağlığında haqqında şərqilər qoşulmuş azsaylı hərbçilərindəndir. O, 1917-ci ilin sonlarında  Qafqaz cəbhəsindən dönən rus qoşunlarının 1918-ci il yanvarın 9-da Şəmkirdə ("Şamxor davası"nda) tərksilah edilməsinin, eləcə sovet işğalçılarına qarşı Gəncə üsyanının (1920)  təşkilatçılarından olub. Qırmızı Ordu çox böyük qüvvə üstünlüyü hesabına bu üsyanı yatırandan sonra T.Novruzov mühacirət etmək məcburiyyətində qalıb. O, Gürcüstandan keçərək Almaniyaya, oradan da Fransaya gedib. Teymur bəy mühacirətdə olarkən bir sıra hərbi təşkilatların sıralarında olub, 1938-ci ildə Parisdə keçirilmiş Rus Hərbi Əlillər İttifaqı Qurultayının iştirakçısı kimi İdarə Heyətinə seçilib.

General-mayor Teymur Mirzə Hacı bəy oğlu Novruzov 1961-ci il yanvarın 23-də Fransanın Nitsa şəhəri yaxınlığında-Mentonda vəfat edib şəhərin Kokad qəbiristanlığında dəfn edilib.

Ölkəmiz tarixi müstəqilliyinə qovuşduqdan sonra Fransada yaşayan soydaşlarımız, diaspor təşkilatının üzvləri, habelə bütün xalqımız Milli Ordu quruculuğunda müstəsna xidmətləri olan general-mayor Teymur bəy Novruzovu doğum anım günlərində, eləcə tarixi bayramlarda böyük ehtiram sevgi ilə yada salır, xatirəsini əziz tuturlar.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2023.- 26 iyun.- S.8.