Azərbaycanın sülh çağırışı regionda təhlükəsizliyin yeganə təminatıdır

 

Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar respublikamızın mövqelərini daha da möhkəmləndirib

 

Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar regionun təhlükəsizliyinin yeganə təminatçısıdır. Ermənistan nə qədər cidd-cəhdlə, müxtəlif manevrlərlə bu reallıqlardan yan keçməyə, tərs mütənasib davranış ortaya qoymağa, sabitliyin təmin olunmasına qarşı çıxmağa çalışsa da, yekunda Azərbaycanın istədiyi olacaq. 44 günlük müharibədə  olduğu kimi.

 

İlham ƏLİYEV: "Biz haqqın, ədalətin tərəfdarıyıq"

 

Torpaqlarımızın işğaldan azad edilməsindən ötən müddət ərzində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı bir neçə platformada müzakirələr aparılıb. Moskvada və Brüsseldə aparılan danışıqlarda Azərbaycan daim sülhə tərəfdar olduğunu göstərib, münasibətlərin normallaşdırılması istiqamətində konstruktiv təkliflər ortaya qoyub.

Lakin istər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, istərsə də Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə aparılan müzakirələrdə  müəyyən razılaşmalar əldə olunsa da, Ermənistan davamlı şəkildə imzaladığı bəyanatların, üzərinə götürdüyü öhdəliklərin ruhuna və məzmununa uyğun olmayan davranış ortaya qoyub. Nə 10 noyabr Bəyanatının müddəaları, nə də sonrakı razılaşmalar praktiki olaraq icra olunmayıb. Rusiya sülhməramlılarının olduğu Qarabağda hələ də Ermənistan ordusunun qalıqları qalmaqdadır. O cümlədən Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı öhdəliklərinə də əməl etməyib.

Bütün bunlara rəğmən proseslərin indiki mərhələsində, yəni həm istər münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrdə, həm də Qarabağda yaşayan ermənilərlə bağlı məsələdə Azərbaycan özünün qətiyyətli mövqeyini nümayiş etdirir. Məsələn, Fransa qərəzli və birtərəfli ermənipərəst mövqe tutduğundan Azərbaycan tərəfindən müzakirələrdən kənarlaşdırılıb.

Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə bağlı məsələ isə Azərbaycanın  daxili işidir. Bu mövzunu Bakı heç bir tərəflə, o cümlədən Ermənistanla müzakirə etmir. Bu çərçivədə Azərbaycan Qarabağ mövzusunu da artıq beynəlxalq müzakirələrdən çıxarır və bu, hər hansı bir formada respublikamızla Ermənistan arasında imzalanacaq sazişə daxil edilməyəcək. Prezident İlham Əliyev fevralın 18-də Münhendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində bu barədə deyib: "Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalıdır, açıqdır. Mən bunu qapalı görüşlərdə də ifadə edirəm, rəsmi açıqlamalarımda da. Bu gün dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyirgörür".

Bir neçə gün əvvəl Qarabağa göndərilmiş Vardanyanla bağlı məsələ də göstərdi ki, Azərbaycan öz mövqeyini qətiyyətlə təmin edir. Bütövlükdə görünən odur ki, Azərbaycan Vətən müharibəsindən sonra yaranmış yeni reallıqların hər bir mərhələsində öz mövqelərini daha da möhkəmləndirib.

 

Ermənistanın yalanları beynəlxalq məhkəmələrdə ifşa olunur

 

Ermənistan həm işğal, həm də müharibə günlərində çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlərə imza atmışdır. Bu mənada qarşıda duran vəzifələrdən biri Ermənistanı beynəlxalq məhkəmələrdə ifşa etməkdir. Hazırda beynəlxalq məhkəmələrdə Ermənistanın hərbi cinayətlərinə lazımi hüquqi qiymətin verilməsi üçün Azərbaycan dövləti tərəfindən lazımi aparılır.

Erməni yalanları artıq bu məhkəmələrdə sübuta yetirilir. Məsələn, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin son qərarına əsasən, Laçın yolu ilə bağlı Ermənistanın vəsatəti və aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyə ləğv edilib. Ermənistanın iddiası ondan ibarət idi ki, bu aksiya saxtadır və iştirakçılar guya Azərbaycan hökuməti tərəfindən öyrədilmiş şəxslərdir. Bununla bağlı Ermənistan məhkəməyə müraciət edərək aksiyanın süni şəkildə təşkil olunmasının təsdiqini tapmaq istəyirdi. Lakin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddiasını rədd edib. O cümlədən məhkəmə prosesində Ermənistanda 2021-ci ildə istehsal edilmiş minaların işğaldan azad edilmiş ərazilərimizdə aşkarlanması haqqında bizim tərəfdən ortaya qoyulan faktların heç birini bu ölkə məhkəmə prosesi zamanı təkzib edə bilməyib.

Fevralın 27-də isə Azərbaycan Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq, Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başladıb. Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş arbitraj bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə bu ölkədən təzminat və maliyyə kompensasiyası tələb edib. Bu arbitraj işinin məqsədi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisində Ermənistan tərəfindən enerji ehtiyatlarının 30 ilə yaxın bir dövr ərzində qeyri-qanuni istismarı və qəsb edilməsinə cavab olaraq haqqı-ədaləti və Ermənistanın təzminat ödəməsini təmin etməkdir.   

Göründüyü kimi, Azərbaycan bir sıra beynəlxalq platformalarda, məhkəmələrdə Ermənistana qarşı dövlətlərarası iddialar qaldırıb. Son məhkəmə qərarları göstərir ki, dövlətimiz bu istiqamətdə qarşıya qoyulan məqsədlərinə tədricən nail olur. Azərbaycan Ermənistanı öhdəliklərinə əməl etməyə, yeni reallıqların şərt və tələblərini yerinə yetirməyə məcbur etməklə yanaşı, onun beynəlxalq məhkəmələrdə də tam ifşasına nail olacaq.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2023.- 1 mart.- S.1; 4.