Erməni xisləti dəyişmir

 

Son qanlı hadisə Ermənistanın sülhə əngəl törətdiyini bir daha təsdiqləyir

 

Vətən müharibəsində torpaqlarının 30 illik işğalına güc yolu ilə son qoyan Azərbaycan münaqişə bitdikdən dərhal sonra sülh razılaşması üçün ərazi bütövlüyününsuverenliyin tanınmasına əsaslanan beş əsas prinsipini təqdim edib.

İki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Ermənistana təkmil sülh modeli təklif edən rəsmi Bakı özü 10 noyabr üçtərəfli Bəyanatı ilə üzərinə götürdüyü bütün öhdəliklərini layiqincə və zamanından öncə yerinə yetirib.

 

Rəsmi İrəvan ölkəmizə qarşı məkrli siyasətindən əl çəkmək istəmir

 

Lakin 44 günlük müharibənin üzərindən keçən iki il yarımlıq vaxt ərzində Ermənistanın eyni konstruktivlik nümayiş etdirmədiyini, əksinə müharibədəki biabırçı məğlubiyyətindən dərs çıxarmayaraq əlinə keçən hər fürsətdə bölgədə sülhə xələl gətirən davranışlar sərgilədiyinin şahidi olduq. Eyni zamanda Ermənistan ötən müddət ərzində davamlı təcavüz aktları və təxribatlar törədərək ölkəmizə qarşı işğal siyasətindən əl çəkmək niyyətində olmadığını açıq şəkildə göstərdi.

Elə martın 5-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində Ermənistanın törətdiyi növbəti təxribatlar da bunun əyani göstəricisidir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, Ermənistan tərəfi 10 noyabr üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasını həyata keçirməkdə davam edib.

Laçın yoluna alternativ olan köməkçi yollardan silah və sursatın, şəxsi heyət və minaların daşınması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və dəqiqləşdirmək məqsədilə martın 5-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əməliyyat bölməsi əraziyə göndərilib, Ermənistandan Xankəndiyə silah, sursat, şəxsi heyət və minaları daşıyan avtomobillərin yoxlanmasına cəhd edilib. Bu zaman qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ölən və yaralananlar olub. Qarşı tərəf Silahlı Qüvvələrimiz tərəfindən açılan cavab atəşi ilə susdurulub.

 

Üçtərəfli Bəyanata zidd davranışlar

 

Ermənistanın sülhə zərbə vuran xain əməlləri sözügedən faktla da yekunlaşmır və davam edir. Müdafiə Nazirliyinin məlumatına əsasən, martın 4-də Azərbaycan Ordusunun hərbi qulluqçusu xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Nazirliyin digər bir məlumatında bildirilir ki, martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub.

Törədilən bütün bu təxribatlar isə bir daha Ermənistanın bölgədə sülhə başlıca təhdid olduğunun əyani göstəricisidir.

Ötən dövrdə sülhün əldə olunması istiqamətində Brüsseldə və Soçidə keçirilən görüşlərdə rəsmi İrəvan üzdə barışığa razı olduğunu bildirsə də, hər dəfəsində riyakarlıq göstərərək sülh sazişinin bağlanmasına əngəl olub. Üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini hələ də Azərbaycan ərazilərindən çıxarmayıb, kommunikasiyaların açılmasını, sərhədlərin delimitasiyasını təmin etməyib. Təcavüzkar ölkə Birinci Qarabağ müharibəsində əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar haqda məlumat verməkdən hələ də yayınır. Eləcə də Laçın yolundan təyinatına uyğun, yəni humanitar məqsədlərlə istifadə etməyən Ermənistan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün bu yoldan istifadə edib.

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yolunda ekofəallarımızın və QHT nümayəndələrimizin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində separatçı rejimin təbii sərvətlərimizi talamasına, ekologiyamıza qarşı terror törətməsinə qarşı qalxdıqları etiraz aksiyasındakı tələbləri arasında Ermənistan tərəfinin Laçın yolundan hərbi texnikanın, minaların, silah-sursatın və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinə son qoyulması da var.

Ermənistanın törətdiyi bu hərbi cinayət əməlləri Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin vacibliyini bir daha sübut edir.

Azərbaycanın sülh üçün Ermənistana tanıdığı zamanın limiti artıq tükənmək üzrədir

Görünən odur ki, müstəmləkəçi Fransa kimi havadarlarına olan güvəni, eləcə də Azərbaycanın icazəsi olmadan Avropa İttifaqının məramı sülh olmayan missiyasının sərhədimizə gəlişi Ermənistanı ölkəmizə qarşı təxribata, revanşa cürətləndirir. Buna görə hətta yaxın zamanlara qədər İrəvan rəsmi səviyyədə riyakarcasına sülhə razı olduğunu bildirsə də, törətdiyi təxribatlarla bunun əksini, barışığı istəmədiyini göstərmiş olur.

Bir sözlə, zaman dəyişsə də, erməni xisləti dəyişmir, "məzlum" obrazında cilddən-cildə girərək xalqımıza qarşı qanlı əməllər törətməkdə davam edir.

O da var ki, 30 illik işğala cəmi 44 günə son qoyan Azərbaycan sonrakı dövrdə də  Ermənistanın ölkəmizə qarşı törətdiyi bütün təxribatların cavabını layiqincə verib və təcavüzkarları yerlərinə otuzdurub.

Ermənistan özü də yaxşı bilir ki, artıq Azərbaycanın sülh üçün Ermənistana tanıdığı zamanın limiti tükənmək üzrədir. Buna görə də rəsmi İrəvan 10 noyabr üçtərəfli Bəyanatı ilə  üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcburdur, əks təqdirdə Azərbaycan güc yolu ilə təcavüzkarı buna məcbur edəcək.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 7 mart.- S.8.