Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub

 

Martın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, regional humanitar layihələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Azərbaycanın sülh quruculuğu sahəsində səyləri, bölgədə yenidənqurma işləri barədə ətraflı məlumat verib. Ermənistan tərəfinin artan təxribatlarının, sülh sazişi üzrə danışıqlarda yaratdığı çətinliklərin, bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş addımların sülhə maneə törətdiyi vurğulanıb.

Xüsusi nümayəndə Mixayıl Şvıdkoy Azərbaycanın multikulturalizm məkanı olduğunu, Azərbaycanda keçirilən beynəlxalq forumların əhəmiyyətini xüsusi qeyd edərək, mədəniyyət və humanitar sahələrdə birgə proqramların həyata keçirilməsinə hazır olduqlarını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2023.- 8 mart.- S.10.