Dəmir yumruq antiterror əməliyyatına başlasa...

 

Qarabağ və Şərqi Zəngəzurda bütün təxribatçı ünsürlərin məhv edilməsinə bir gün yetər

 

Martın 5-dən etibarən erməni silahlı bölmələri yenə də Qarabağda təxribatlara əl atmağa başladı. Belə ki, təxribatçıların Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə etməklə hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması faktı Ermənistanın mənfur əməllərini bir daha ortaya çıxardı.

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqelərinin atəşə tutulması isə Ermənistanın niyyətindən, üzərinə götürdüyü öhdəlikdən boyun qaçırdığından xəbər verdi.

Rusiya Müdafiə Nazirliyi isə baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif edərək silah-sursatla tam təchiz olunmuş erməni hərbi qulluqçularını "pasportviza" xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim etdi. Eyni zamanda insident nəticəsində yaralanan hərbi qulluqçularımıza guya Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə məlumatlar əksini tapdı. Bu isə riyakarlıqdan başqa bir şey deyildi.

Digər tərəfdən bunlar göstərir ki, Ermənistan Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah-sursat, təminat və digər hərbi vasitələrin daşınmasını davam etdirməklə, eləcə də şəxsi heyətin rotasiyasını həyata keçirməklə, üçtərəfli Bəyanatın müddəalarını pozur. Rusiya sülhməramlıları da eynilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir.

 

Rusiya üzərinə düşən öhdəliyi yerinə yetirməlidir

 

Milli Məclisin deputatı Sahib Alıyev qəzetimizə açıqlamasında bildirib ki, Rusiya hərbi kontingentinin müvəqqəti nəzarəti altında olan Azərbaycan torpaqlarında qanunsuz erməni silahlı birləşməsinin martın 5-dəki təxribatı ilə bağlı nazirliyin xəbər bülletenində əksini tapan "Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmini, mümkün insidentlərin qarşısının alınması üçün Azərbaycan və Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahları ilə davamlı əlaqə saxlanılır" cümləsi, əslində, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın yerinə yetirilməməsinin daha bir təsdiqidir.

Deputatın sözlərinə görə, Qarabağdakı Rusiya hərbi kontingenti yerləşdiyi Azərbaycan torpağında hər hansı insidentin qarşısını almaq üçün Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahıyla əlaqə saxlamamalıdır: "Üzərinə düşən öhdəliyi yerinə yetirərək həmən ölkənin hələ də Qarabağda qalmaqda davam edən ordusunun tör-töküntülərini oradan çıxarmalıdır. Əgər təkbaşına gücü çatmırsa, bizim ordumuzdan dəstək istəməlidir. Əks təqdirdə nə baş verəcəyi kimsəyə sirr deyil".

Sahib Alıyev düşünür ki, Azərbaycan Ordusu qanunsuz erməni silahlı təxribatçılarının torpaqlarımızda "at oynatmalarını" görməzdən gəlməyəcək. "Əminəm ki, hərbçilərimizə atəş açan istənilən təxribatçının cavabı amansızlıqla veriləcək və onların mövqeləri özləri ilə birgə göyə sovrulacaq", - deyə deputat əlavə edib.

 

İnsidentin baş verməsinə görə məsuliyyəti Ermənistan daşıyır

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində təxribatların törədilməsi birmənalı olaraq qəbuledilməzdir. Ermənistan bu təxribatların qarşısının qəti şəkildə alınacağını və buna adekvat olaraq qəti tədbirlər görüləcəyini bilməlidir: "Rusiya tərəfinin açıqlamasına gəldikdə isə səsləndirilən fikirlər qəbuledilən deyil. Əslində bu, onu göstərir ki, Rusiya üzərinə düşən öhdəliyi yerinə yetirmir".

Ceyhun Məmmədovun fikrincə, belə bəyanatların verilməsi Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasına deyil, daha da pisləşməsinə doğru aparır. Bu məsələdə günahkar birbaşa Ermənistandır. İnsidentin baş verməsinə görə məsuliyyəti bu ölkə daşıyır.

Deputat, həmçinin əlavə edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: "Ötən müddət ərzində Azərbaycana qarşı törətdiyi təxribatlar bunun bariz göstəricisidir. Qarabağda təbii sərvətlərimizin talanaraq Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu vasitəsilə gizli daşınması, bu yoldan istifadə etməklə, hərbi silah-sursatın həmin ərazilərə gətirilməsi bəyanatın şərtlərinə ziddir. Eyni zamanda Ermənistan tərəfindən ölkəmizə qarşı mina terroru da davam edir. Bütün bunlar Ermənistanın  sülh danışıqlarına əngəl törətdiyini göstərir".

 

Əsmər QARDAŞXANOVA,

 

Azərbaycan.- 2023.- 10 mart.- S.14.