Ermənistan sonuncu faciəni yaşaya bilər

 

Ermənistan hökuməti müxtəlif bəhanələrlə üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən imtina edir. Azərbaycanın tirəli sürdüyü sülh təklifini imzalamır. Danışıqlar prossesini müxtəlif bəhanələrlə pozur. Vaxt udmaq üçün "erməni oyunu" oynayır. Azərbaycanın qəbul etməyəcəyi "sülh gündəliyi"ni masaya çıxarmağa cəhd edir.

Üçtərəfli Bəyanatın şərtlərinə zidd olaraq Ermənistan ordusunun qalıqlarını Qarabağdan çıxarmır. Eyni zamanda Qarabağa silah-sursat daşıyır. Sərhədlərin delimitasiya və demarkasiyasını əngəlləyir. Məsələ burasındadır ki, Ermənistanın etdikləri bununla bitmir. Rəsmi İrəvan qəsdən regionda gərginlik yaratmaqla, təxribat törətməklə siyasi gündəmi "zəbt etməyə" çalışır. Elə bu məqsədlə də real təhlükəni bildiyi halda nümayişkaranə surətdə təxribatlara əl atır, sərhəd pozuculuğu edir. Öz çirkin niyyətlərini reallaşdırmaq üçün yüksəkrütbəli hərbçilərini belə qurban verməkdən çəkinmir. Ermənistanın hərbi-siyasi dairələrinin istəyi də budur ki, Qarabağ probleminin həll olunmadığı görüntüsü yaratsın, "hər an müharibə ola bilər" fikrini formalaşdırsın və diqqəti özlərinə cəlb etsinlər. Eyni zamanda məğlub Ermənistanın məqsədi Qarabağ probleminin həllini beynəlxalq müstəviyə çıxararaq sülh prosesini illərlə uzadıb yenidən güc toplamaqdır.

Ermənistanın sülh istəmədiyi, daha çox vaxt udmağa, revanş götürməyə çalışdığı açıq-aydın görünməkdədir. Düşmən ölkəyə bu gün rəhbərlik edənlər yaxşı başa düşürlər ki, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın təbrincə desək, "dərəyə yuvarlanmış Ermənistan ordusu" ilə bu gün müharibə etmək mümkün deyil. Ona görə çalışırlar ki, Qarabağ beynəlxalq güclərin savaş meydanına çevrilsin. Əslinə qalsa bu ideyanı Qərbdən gəlmə də hesab etmək olar. Qərb dövlətləri, xüsusilə Fransa Qarabağ kartından istifadə etməklə Cənubi Qafqazdakı proseslərə müdaxilə etməyə çalışır. Rusiyada da yaxşı başa düşürlər ki, Qərbin müdaxiləsi onun Qafqazda hərbi-siyasi məğlubiyyəti deməkdir. Görünən budur ki, Cənubi Qafqazda hərbi-siyasi gərginlik yenidən ən yüksək həddə çatıb.

Təbii ki, Cənubi Qafqaz uğrunda mübarizədə ABŞ də iştirak edir. Lakin Ağ Evin məsələyə münasibəti hələlik daha mötədil və konstruktiv görünür. ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bono ölkəmizə səfəri zamanı bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Minsk qrupu ilə bağlı mövqeyindən məlumatlıdır. Yəni amerikalı diplomat demək istəyir ki, ABŞ Azərbaycan liderinin "Minsk qrupu fəaliyyətini dayandırıb" tezisinə həssas yanaşır və buna qarşı çıxmır.

Maraqlıdır ki, Prezident İlham Əliyevlə görüşdə ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri L.Bono daha bir önəmli məqama toxunub. Amerikalı diplomat ABŞ-nin Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı Azərbaycanın təhlükəsizlik maraqlarını başa düşdüyünü qeyd edib.

Xatırladaq ki, Münhen görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasının zəruriliyini vurğulayıb. İstər Qərb dövlətləri, istərsə də ABŞ siyasi dairələri dövlətimizin başçısının beynəlxalq hüquq normalarına uyğun olan bu təklifini normal qarşılayıblar. Artıq Ağ Evdən verilən mesajlar deməyə əsas verir ki, ABŞ rəsmi Bakının bu niyyətinə qarşı deyil. Ermənistanın Azərbaycanın xoş niyyətindən istifadə edərək onlara humanitar məqsədlər üçün verilmiş Laçın yolundan hərbi məqsədlərlə istifadə etməsi, eləcə də üçtərəfli Bəyanatda göstərilməyən yollarla Qarabağa hərbi silah-sursat daşıması və martın 5-də Azərbaycan Ordusu tərəfindən bu təxribatın qarşısının qətiyyətlə alınması deməyə əsas verir ki, yaxın zamanlarda Laçın yolunda Azərbaycanın Konstitusiyasına və beynəlxalq qanunlara uyğun olaraq Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradılacaq.

Ermənistan özünün qazdığı quyuya düşüb. Ermənistanın məqsədi Laçın yolunun bağlanması görüntüsünü yaradıb Azərbaycana təzyiq etmək idi. Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması haqqında Azərbaycan Prezidentinin Münhendə verdiyi təklif Ermənistanın əlindən bu bəhanəsini də almış oldu.

Görünən budur ki, Azərbaycan Ordusu ərazilərimizə tam nəzarət edir. Martın 5-də baş verən insident deməyə əsas verir ki, bundan sonra da sərhədlərimizi pozanların, torpaqlarımıza pis niyyətlə ayaq basanların qarşısı qətiyyətlə alınacaq. Qarabağda ermənilərin yaşamasının yeganə yolu Azərbaycan qanunlarına əməl etməkdir. Yox, əgər Ermənistan rəhbərliyi yenidən ağlını itirib müharibə etmək niyyətinə düşərsə, bu onun sonuncu faciəsi olar.

 

Elşən QƏNİYEV

 

Azərbaycan.- 2023.- 11 mart.- S.10.