Qərəz və riyakarlıq ünvanı

 

Azərbaycana qarşı erməni sərsəmləmələri ilə bağlı "sənəd"lər qəbul edən korrupsioner Avropa Parlamentinin bütün məkrli cəhdləri faydasızdır

 

Azərbaycan xalqının hər bir nümayəndəsi Avropa Parlamentinin 2023-cü il martın 15-də ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnaməni qətiyyətlə pisləyir və rədd edir!

Üzümüzü korrupsioner və əl oyuncağına çevrilən avroparlamentarilərə tutub deyirik ki, xalqımıza qarşı sərgilədiyiniz bu ikiüzlü, mənfur, iyrənc siyasəti dayandırın!

Bəsdir "insan haqlarının keşikçisi" donuna bürünüb millətimizin haqq və hüquqlarını tapdalamağa çalışdığınız!

Onsuz da ard-arda qəbul etdiyiniz bu bir qara qəpik dəyəri olmayan kağız parçalarınız Azərbaycanı milli maraqlarını qətiyyətlə təmin etməkdən çəkindirə, döndərə bilməz.

Bir tərəfdən sizi də anlayırıq, axı, Vətən müharibəsində qazandığımız şanlı zəfərin sizin timsalınızda bəzi riyakar təşkilat və ölkələrin yuxusuna haram qatdığını, hələ də Hayastanın "dəmir yumruq" qarşısında baş əydiyi səhnənin gözünüzün qarşısından getmədiyini bilirik.

Amma korrupsioner avroparlamentarilər, siz də yaxşı bilin və yaddaşınıza birdəfəlik həkk edin ki, çirkli erməni puluna olan quduz iştahanız səbəbindən "demokratiya" adı altında çıxardığınız hoqqalarla heç nəyə nail ola bilməyəcəksiniz, necə ki 44 günlük müharibədə Azərbaycanın Hayastanı darmadağın etdiyini dişiniz dodağınızı kəsə-kəsə izləməkdən başqa çarəniz olmadı, eləcə də diplomatiya meydanında ölkəmizin haqq və ədaləti təmin etməsini başınızdan qara tüstü çıxa-çıxa seyr etməyə məcbursunuz.

 

"Demokratik" deputatların "diqqətini çəkməyən" erməni cinayətləri

 

Nə sirri-hikmətdirsə "demokratik prinsipli" Avropa Parlamenti son dövrlər bütün iş-gücünü buraxıb yalnız Hayastanın "ərazi bütövlüyü", erməni sərsəmləmələri ilə bağlı hay-həşir qoparmaqla məşğuldur.

O Avropa Parlamenti ki, Azərbaycan torpaqlarının Hayastanın işğalı altında olduğu 30 illik böyük bir zaman kəsimində işğalçıya qarşı bircə dənə də olsun qətnamə qəbul etməyib. Halbuki şovinist erməni milliyyətçiləri işğalçılıq siyasəti ilə yüz minlərlə soydaşımızı tarixi yurdlarından didərgin salmış, qaçqına, məcburi köçkünə çevirmişdi. İşğal müddətində erməni vandalları həmin ərazilərdə daşı daş üstündə qoymayıb, tarixi, dini, mədəni irsimizi yerləyeksan edib, bu yerlərdə "yanmış torpaq" siyasəti həyata keçiriblər.

Birinci Qarabağ müharibəsindən etibarən Hayastan silahlı qüvvələri tərəfindən azərbaycanlı hərbçilərə, mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədilib. Hayastan silahlıları Birinci Qarabağ müharibəsi dövründə beynəlxalq hüquq normalarının və humanitar hüququn tələblərinə zidd olaraq mülki əhalini girov götürüb, olmazın işgəncələr verib, onları xüsusi amansızlıqla öldürüblər. Həmin insanların meyitlərini kütləvi məzarlıqlarda basdırıblar. Bu günə kimi rəsmi İrəvan Birinci Qarabağ müharibəsi zamanı əsir və girov düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verməyib.

 

Azərbaycana qarşı ikiüzlü siyasət

 

İşğal müddətində torpaqlarımızı "mina tarlası"na çevirən Hayastan insanları hədəf alan bu cinayət əməlindən hələ də vaz keçməyib. Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı partlayışların qurbanı olub. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Hayastanda istehsal olunması faktı onu göstərir ki, Hayastan yeni minalar basdırmaqla azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirir.

44 günlük müharibədən sonra Hayastan üçtərəfli Bəyanata zidd olaraq Laçın yolundan hərbi məqsədləri üçün istifadə edib, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ İqtisadi Zonasına silah-sursat, mina daşıyaraq Azərbaycan ərazilərində  təxribatlar törədib.

Bu gün Azərbaycanı erməniləri "blokada"da saxlamaqla suçlayan Avropa Parlamenti 30 ildir ki, blokadada olan Naxçıvanın və naxçıvanlıların talelərinə biganəlik sərgiləyir. AP deputatları Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun  açılmamasına etiraz səslərini qaldırmırlar, Hayastanı öz ordusunun qalıqlarını Azərbaycanın hələ də işğal altında saxladığı 8 kəndindən geri çəkilməyə çağırmırlar. Bütün bunlar Avropa Parlamentinin Azərbaycana qarşı nümayiş etdirdiyi ikiüzlü siyasətinin göstəricisi deyilmi?

 

Erməni puluna olan quduz iştaha

 

Məkr yuvasına çevrilmiş AP-nin martın 15-də növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməsi bu riyakar qurumun ölkəmizə münasibətdə necə düşmən mövqedə dayandığını sübut edir.

Korrupsioner qurumun vaxtaşırı bu kampaniya xarakterli anti-Azərbaycan fəaliyyəti ölkəmizin ədalətli mövqeyinə təsir göstərmək, Azərbaycanı gözdən salmaq və Hayastanın xeyrinə güzəştlər əldə etmək cəhdidir. Reallıqdan uzaq, erməni sərsəmləmələri ilə bağlı "sənəd"lər qəbul etməklə özünü nüfuzdan salan AP təkzibedilməz şəkildə sübut edir ki, erməni lobbisinin oyuncağına çevrilib, hər vəchlə Cənubi Qafqazda sülhə maneçilik törətməyə çalışır.

Korrupsioner AP deputatlarının bu çirkin əməllərinin məqsədi isə yalnız erməni təəssübkeşliyindən irəli gəlmir, erməni puluna olan quduz iştahalarından da qaynaqlanır.

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan.- 2023.-18 mart.- S.6