Hayastanın növbəti avantürası onun daha böyük məğlubiyyəti olacaq

 

"Dəmir yumruq" bir daha işə düşsə, heç bir kənar qüvvə Azərbaycana təsir edə bilməyəcək

 

"Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb.

Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan - azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz".

Tərtər rayonunun Talış kəndinə səfəri zamanı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edən Prezident İlham Əliyev eyni zamanda 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətindən sonra ölkəmizlə sülh müqaviləsini imzalamaqdan yayınan Hayastana sonuncu xəbərdarlığını etdi. Qalib Ali Baş Komandan cəmi 44 günə diz çöküb yalvaran ölkənin rəhbərliyini bir daha Azərbaycanla hesablaşmağa çağırdı. Əks təqdirdə baş verəcəklərin yalnız Hayastana ağır zərbə vuracağını bəyan etdi.   

 

İşğal dövründə susqun dayanan bəzi beynəlxalq dairələr Azərbaycana qarşı hücuma keçiblər

 

Azərbaycan Prezidenti bir daha işğal dövründə Ermənistanla əməkdaşlığa başlamaq üçün ölkəmizin göstərdiyi səylərdən, ortaya qoyduğu mövqedən söz açaraq dedi ki, xalqımız və dövlətimiz güclü iradə göstərərək bütün bu cəhdləri dəf edib. Çünki Azərbaycanın işi hər zaman haqq işi olub.

İlham Əliyev bir daha tarixə ekskurs edərək keçmiş Qarabağ münaqişəsini və aparılan sülh danışıqlarını xatırladı və bildirdi ki, Azərbaycan işğala məruz qalan ölkə kimi hər zaman ikili standartlarla, təzyiqlərlə üzləşib. Amma Hayastana bir dənə də olsun sanksiya tətbiq edilməyib. Bu cəzasızlıq mühitindən istifadə edən işğalçı ölkənin rəhbərliyi isə harınlamağa başlamışdı. Hətta o qədər azğınlaşmışdır ki, "Qarabağ Ermənistandır və nöqtə" sözlərini deyərək Azərbaycan xalqının haqlı hüququnu əlindən almaq istəyirdi. Əfsuslar olsun ki, Hayastanın arxasında dayanan qüvvələr, o cümlədən ovaxtkı Minsk qrupuna həmsədrlik edən ölkələr bu bəyanata heç bir reaksiya verməmişdilər.

İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, Azərbaycan müharibə yolu ilə öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Müzəffər Ali Baş Komandanın qüdrətli ordusu cəmi 44 günə torpaqlarımızı düşməndən təmizlədi və 3 ilə yaxındır ki, dünya erməni barbarlığına şahidlik edir. 

Təəssüfləndirici məqam odur ki, 30 illik işğal dövründə Hayastana heç bir xəbərdarlıq, heç bir sanksiya tətbiq etməyən beynəlxalq təşkilatlar indi Azərbaycana qarşı hücuma keçiblər. Öz doğma torpaqlarımızı azad etdiyimiz üçün bizə qarşı ədalətsiz addımlar atılır, çirkin əməllər törədilir.

Prezident dedi ki, bu gün hay havadarları, Hayastanın işğalçılıq siyasətinə şərik olan ölkələr Azərbaycana qarşı informasiya müharibəsi elan ediblər. Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edirlər. Bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, dırnaqarası "Dağlıq Qarabağın müstəqilliyini" tanıyırlar. Bu da həmin ölkələrin real mövqeyini ortaya qoyur. Prezidentin də söylədiyi kimi, bütün bunlar göstərir ki,  həmin dairələrin yeganə amalı işğalı əbədiləşdirmək olub. Amma istəkləri, niyyətləri ürəklərində qalıb.

 

Heç kim qabağımızda dura bilmədi, bu gündura bilmir, sabah da dura bilməyəcək

 

Azərbaycan Prezidenti həmçinin İkinci Qarabağ müharibəsi dövründə baş verən proseslərə də toxunub. Dövlət başçısı bildirib ki, müharibə zamanı Azərbaycana qarşı edilən təzyiqlərin heç bir nəticəsi olmayıb.

Bir tərəfdən Ermənistana yardımlar göndərib, digər yandan Azərbaycana təzyiqlər edilsə də, son nəticə haqlının qələbəsi ilə başa çatıb: "Heç kim bizim qabağımızda dura bilmədi. Mən demişdim ki, öldü var, döndü yoxdur, ya Qarabağın azadlığı, ya ölüm! Heç kim bizim qabağımızda dura bilmədi, bu gündura bilmir, sabah da dura bilməyəcək. Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək".

İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addım atan İlham Əliyev işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı yeni layihələrlə bir daha dünyaya Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirir. Çünki bu möhtəşəm yenidənqurma işlərini Azərbaycan yalnız öz iqtisadi imkanları hesabına, yəni heç kimdən maddi yardım almadan həyata keçirir.

Hayastanın 30 ildə viran qoyduğu, talan etdiyi əraziləri İlham Əliyev yenidən cənnətməkana çevirir. Tərtərin Talış kəndində yaradılan infrastruktur da bunun əyani təcəssümüdür. Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən azad edib. Qalib Ali Baş Komandan kimi İlham Əliyev 2021-ci il oktyabrın 4-də Talış kəndindəki Bayraq meydanında Azərbaycanın Dövlət Bayrağını ucaldıb. İşğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb. Kənddə aparılan təmir-bərpa işlərinin birinci mərhələsi çərçivəsində Bayraq meydanında abadlıq işləri görülüb. Talış kəndinin yüksək nöqtələrindən birində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət guşəsi və seyr meydanı, uşaq bağçası, məktəb və digər sosial-iaşə obyektləri tikilib. Görülən işlər çərçivəsində 10 qeyri-yaşayış və ictimai iaşə obyekti də bərpa olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin ərazisində abadlıq işləri aparılıb. Bunlardan biriinzibati binadır.

Bütün bunlar Azərbaycanla Hayastanın fərqini dünyaya nümayiş etdirir. Söyləməyə başqa fikir yoxdur. İlham Əliyev bayram təbrikində bəyan edib ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda bundan sonra daha da möhkəmlənəcək: "Biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaqancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsində 44 gün ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik".

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2023.-28 mart.- S.1-2.