İran Azərbaycana düşmən münasibəti göstərir

 

İranın Azərbaycana olan düşmən münasibəti bu günün, dünənin işi deyil. Azərbaycan müstəqilliyini elan edən gündən molla rejimi ölkəmizin varlığını özünə ən ciddi təhdid hesab etdiyindən bizə qarşı ciddi mübarizə aparmağa başlayıb.

Birinci Qarabağ savaşında İranın Hayastana hər cür hərbi dəstək verməsi, hətta SEPAH silahlılarının ermənilər tərəfindən döyüşməsi barədə məllumatlar ortalıqda idi. Torpaqlarımız işğal olunduqdan sonra azərbaycanlılara məxsus evlərin, tikililərin sökülərək İranın inşaat materialları bazarında satılmasını heç kim inkar edə bilməz. Uzun illər İranın Hayastanla dostluğunu, qardaşlığını, onların  bir məqsəd uğrunda çəkici bir zindana vurduqlarını bilməyən yoxdur. Amma məsələ burasındadır ki, "ayətullah"lar  düşmənçiliklərini  bir qədər üstüörtülü, pərdəli şəkildə apardıqlarından  indiki qədər açıq-aydın hiss olunmurdu.

İranın Azərbaycana qarşı qərəzi bir deyil, beş deyil ki saymaqla qurtara...

İran uzun illər Xəzərin statusuna qarşı dirəniş göstərdi. Hətta ən yüksək səviyyəli görüşlərdə mollalar Xəzəri "Mazandaran gölü" adlandırmaqdan belə çəkinmədilər. SEPAH yetkililərindən Xəzərdəki neft yataqlarımızı vuracaqları ilə açıq-aşkar hədələr də eşitdik. Müxtəlif zamanlarda İranın hərbi təyyarələri sərhədlərimiz boyu təxribat xarakterli uçuşlar etdi, hərbi katerləri su səhədlərimizi kobud surətdə pozdu. Bunlardan daha pisi, daha təhlükəlisi isə İranın Azərbaycanda özünün geniş casus şəbəkəsini yaratması oldu. Molla rejimi gah tezliklə Azərbaycanda islam dövləti quracaqlarını, gah da lazım gələrsə, Bakını tutacaqlarını həyasızcasına dilə gətirdi. Azərbaycandan İrana müalicə, alış-veriş üçün gedən zəif iradəli, imkansız şəxsləri pul, şantaj yolu ilə ələ alıb casusluğa cəlb etdi. Topladıqları kəşfiyyat materiallarını Ermənistana ötürdülər.

İkinci Qarabağ savaşından sonra Hayastanın sarsıdıcı məğlubiyyətə uğraması İranın Azərbaycana qarşı bütün gizlin niyyətlərini üzə çıxartdı. Bu ölkənin Azərbaycanla mübarizəsi, daha doğrusu, düşmənçiliyi tam açıq müstəviyə keçdi. Burada bir məsələyə diqqət yetirsək, İranın "pərtliyi"ni anlamaq o qədər də çətin olmaz. İllərdir  Hayastanı silah, sursat, əsgəri qüvvə, kəşfiyyat məlumatları ilə təmin edən İran Hayastanın məğlubiyyətini həzm edə bilmədi. Təbii ki, İran Azərbaycandakı casus şəbəkəsini saxlamaq üçün onlara yalnız  namaz qılmaq üçün "möhür", "təsbeh" bağışlamırdı. Küllü miqdarda vəsait xərcləyirdi. "Ayətullah"lar anladılar ki, onların xüsusi xidmət orqanlarının ələ aldıqları casuslar da özləri ağılda olub. İrana ötürülən yalan-dolan məlumatlar olub. Azərbaycan Ordusunun gücü, silah-sursat təchizatı barədə məlumatlar müharibə başlayana kimi ciddi qorunubbunu təsbehli, saqqalı cənablar hiss etməyiblər. İş o yerə gəlib çatdı ki, başını itirən molla rejimi 50 minlik bir ordu ilə sərhədlərimizə qədər gəlib, hərbi təlimlər adı altında Azərbaycana güc nümayiş etdirmək niyyətinə düşdü. Zəngəzur dəhlizinin açılmasını sərhədlərin dəyişdirilməsi kimi yozaraq bunu özünün qırmızı cizgisi elan etdi, ölkəmizə qarşı hədyanlar yağdırdı. Hayastana pilotsuz uçuş aparatları, hərbi mütəxəssislər göndərərək hayları müharibəyə şirnikdirməklə məşğul oldu. Hətta açıq-aşkar  Azərbaycanın daxili işlərinə qarışmaq həvəsinə düşdülər. Azərbaycanın İsraildə səfirlik açmasına qarşı aşkar təhdidedici çıxışlar etdi. Azərbaycan Prezidenti İsrailə səfir təyin etdiyi günlərdə ölkəmizin İrandakı səfirliyinə silahlı hücum təşkil edərək qanlı terror törətdi.

Bu arada İranın Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı siyasəti daha da qəddarlaşdı. İş o yerə gəlib çatdı ki, soyuq, qarlı, şaxtalı havada Xoyda baş vermiş zəlzələ zamanı soydaşlarımıza dövlət səviyyəsində yardım da edilmədi. İnsanlar, necə deyərlər, taleləri ilə baş-başa buraxıldı. Sosial tələblərlə küçələrə çıxıb etiraz edən soydaşlarımıza qarşı daha amansız münasibət sərgiləndi. Edamlar, həbslər kütləvi hal aldı.

Molla rejimi əhalini çaşdırmaq üçün daxildə baş verən sosial partlayışı xarici faktorlarla əlaqələndirməyə çalışdı. Hakimiyyətləri, lüks həyatları naminə şeytanla da ittifaqa getməkdən çəkinməyən "ayətullah"lar günahı apardıqları siyasətdə, ayrı-seçkilikdə, islam və insanlıq qanunlarına zidd əməllərdə axtarmaqdansa "sionist" rejimini günahlandırdılar. Niyə?  Əhalini çaşdırıb daxili narazılığı xarici  faktora yükləmək üçün. Əhalinin diqqətini yayındırmaq üçün. Molla rejimi hesab edir ki, özünün despotik ömrünü uzatmaq, sosial-siyasi tələblərlə hər gün küçələrə çıxan, haqqını-hüququnu tələb edən əhalinin başını qatmaq üçün hansısa bir yol tapmalıdırlar. Ona görə də ən yaxşı variant hələlik Azərbaycanı şantaj etmək olduğunu düşünürlər. Hələlik İran ölkəmizi hədələməklə,  terror aktları törətməklə ələ aldığı  "dindarlar"  vasitəsilə daxildə narazılıqlar salmağa cəhd göstərməklə, təxribatlar törətməklə məşğuldurlar.

Bir məsələyə də diqqət yetirək. İranın ölkəmizə olan qərəzli münasibəti, dünyanın supergücləri, Azərbaycanın dostları tərəfindən ciddi izlənilməkdədir.

Məlum olduğu kimi, ABŞ dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirmiş, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək "Cənub qaz dəhlizi" layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulamış, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirmişdir, eyni zamanda Azərbaycanın İranla böyük bir sərhədə malik olduğunu nəzərə alaraq ABŞ Konqresinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişinin bu il aradan qaldırılmasının vacib olduğunu bildirmişdir.

Bu günlərdə ABŞ dövlət katibi A.Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı artıq  907-ci  düzəlişin müvəqqəti olaraq aradan qaldırıldığını bildirib. Bizcə, əlavə şərhə ehtiyac yoxdur. İran ağıllı olub başını "dəmir yumruğ"a sürtməməklə hələlik müvəqqəti olsa da, rejimin ömrünü uzada bilər. Əks halda "ayətullah"lar anlamalıdırlar ki, mübarizəni Azərbaycan Respublikası ilə yox, Arazın o tayında yaranmış Cənubi Azərbaycan Respublikası ilə aparmalı olacaqlar.

 

Elşən QƏNİYEV

 

Azərbaycan.- 2023.- 29 mart.- S.1; 8.