Azərbaycan-İsrail tərəfdaşlığının yeni mərhələsi başlayır

 

Təl-Əvivdə səfirliyimizin fəaliyyətə başlaması dövlətlərarası münasibətlərə mühüm töhfədir

 

Xəbər verildiyi kimi, martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılışı olub. Bu, Azərbaycan və İsrailin dostluq və əməkdaşlıq əlaqələrinin uğurlu davamı kimi qiymətləndirilir. İki ölkə arasındakı siyasi, iqtisadi, mədəni və hərbi  əlaqələrin möhkəmləndirilməsi Azərbaycan və İsrail üçün xüsusi əhəmiyyət kəsb edir. Təl-Əvivdə səfirliyimizin fəaliyyətə başlaması ilə münasibətlərimiz dərinləşəcəkdir.

Prezident İlham Əliyevin ötən il dekabrın 22-də Benyamin Netanyahuya İsrail Dövlətinin Baş naziri kimi fəaliyyətə başlaması münasibəti ilə göndərdiyi təbrikdə bu barədə bildirmişdi: "Ümidvaram ki, səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcəkdir. Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq, ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik".

 

Dərinləşən əməkdaşlıq hər iki dövlətin yerləşdikləri regionlarda geosiyasi təsirlərini artırır

 

Milli Məclisin deputatı Sahib Alıyev deyib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması müsbət qiymətləndirilməli, tarixi hadisə kimi dəyərləndirilməlidir: "Nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə qardaş Türkiyədən sonra Azərbaycanın ən böyük ticarət əlaqəsi məhz dost İsraillədir. Həmçinin mədəni, strateji, hərbi-texniki əməkdaşlığımız da son dərəcə mühüm əhəmiyyət kəsb edir. Biz bunun müsbət nəticələrinin İkinci Qarabağ savaşında şahidi olduq. Hesab edirəm ki, əməkdaşlığımızın yeni mərhələsi regionda dayanıqlı sülhün təmin olunmasına mühüm töhfələr verəcək. Sevindirici haldır ki, tərəflərin hər biri əlaqələrin dərinləşdirilməsində maraqlıdır. Qarşılıqlı iqtisadi fayda ilə yanaşı, bu əməkdaşlıq  Azərbaycan və İsrail üçün yerləşdikləri regionlarda geosiyasi təsirlərinin artması baxımından da əhəmiyyətlidir".

Deputatın dediyinə görə, dost İsrailin Azərbaycanın ərazi bütövlüyü məsələsində tutduğu prinsipial mövqe alqışlanmalıdır: "Bilmək lazımdır ki, Azərbaycan-İsrail əlaqələrinin dərinləşdirilməsi, münasibətlərin möhkəmləndirilməsi hansısa üçüncü dövlətə qarşı yönəlməyib. İki ölkə arasındakı əlaqələr beynəlxalq norma və prinsiplərə tamamilə uyğundur. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsraildə səfərinin ardınca Fələstinə getməsi də bunun bariz nümunəsidir. Azərbaycan ziddiyyətlərin beynəlxalq hüquq əsasında həllinin tərəfdarıdır. Azərbaycan etibarlı dost və tərəfdaş ölkələrlə əməkdaşlığı hər zaman davam etdirmək niyyətindədir".

 

Strateji münasibətlər daha da yaxşılaşacaq

 

Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Azərbaycanla İsrail arasında əlaqələr möhkəm təməllər üzərində qurulubdostluq ənənələrinə söykənir:  "İki ölkə arasında yüksələn dimanika üzrə inkişaf edən qarşılıqlı əlaqələr mövcuddur. Azərbaycan və İsrail həm iqtisadi, həm strateji, həm də siyasi sahədə ciddi əməkdaşlıq edirlər. Unutmaq olmaz ki, İsrail Azərbaycanın haqq işində, 44 günlük Vətən müharibəsində dəstəyini əsirgəməyib. Hələ 1990-cı illərdən tərəflər arasında kifayət qədər ciddi və dərin strateji münasibətlər formalaşıb. İsraildə Azərbaycan səfirliyinin açılması bu əlaqələrin daha da dərinləşməsinə imkan yaradır. İki dövlət arasındakı əlaqələrin, eləcə də xalqlarımızın münasibətlərinin sağlam məcrada inkişafı ölkəmizin İsraildə səfirliyinin açılmasını zəruri edib".

Deputat Azərbaycanla İsrailin iqtisadi əməkdaşlığı barədə də danışıb. Bildirib ki, iki ölkə arasında bir çox sahələri əhatə edən uğurlu münasibət, eləcə də iqtisadi əməkdaşlıq ölkələrarası ticarət dövriyyəsinə də birbaşa təsir göstərir. Bunun nəticəsidir ki, 2022-ci ildə Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi 85 faiz artaraq 1 milyard 700 milyon dollardan çox olub.

"Göstəricilərdən də aydın olur ki, ticarət dövriyyəsi kəskin artıb. Bu, həm də Azərbaycan və İsrail arasında mövcud olan uğurlu strateji əməkdaşlığın nəticəsi kimi qiymətləndirilməlidir. Bu kontekstdən yanaşsaq, deyə bilərik ki, qarşılıqlı iqtisadisiyasi əlaqələrimizdəki inkişaf İsraildə səfirliyimizin açılması ilə daha da sürətlənəcək.  Fikrimcə, İsrail şirkətlərinin ölkəmizin inkişafına verdiyi töhfələri də yeni müstəvidə daha qabarıq müşahidə ediləcək. Nəzərə almaq lazımdır ki, işğaldan azad olunmuş ərazilərimizin yenidənqurma və bərpa işlərində İsrail şirkətlərinin daha yaxından iştirak etməsi prioritet məsələlərdəndir. Bu istiqamətdə müzakirələr davam etdirilir", - deyə V.Bayramov bildirib.

Deputatın sözlərinə görə, ölkəmizdə bütün xalqların, eləcə də yəhudilərin hüquqlarının tam şəkildə qorunması, onlara qarşı tolerant münasibət, xalqlararası dərin tarixi əlaqələr iki dövləti bir-birinə daha da yaxınlaşdırır. İsraildə səfirliyimizin açılması etibarlı dostluq və tərəfdaşlıq münasibətlərimizi möhkəmləndirəcək.

 

Nəzrin QARDAŞXANOVA,

 

Azərbaycan.- 2023.-31 mart.- S.6.