Təkrarlanan qətliamlar

 

31 Mart Azərbaycanlıların Soyqırımı Gündür

 

Tarixin 1918-ci il 31 martı idi. Təpədən-dırnağadək silahlanmış erməni daşnakları və bolşeviklər müsəlman-türk məhəllərinə hücuma keçdilər. Elə vəhşiləşmiş, azğınlaşmışdılar ki, onlar üçün fərqi yox idi həyatına son qoyduqları uşaqdır, cavandır, qocadır, qadındır, kişidir. Tək bir düşüncələri vardı: qətlə yetirdikləri müsəlmandır, türkdür.

Qanlı əməliyyatlar xüsusi plana uyğun aparılırdı. Hadisələrdən əvvəl Bakı şəhərinə Birinci Dünya müharibəsində müxtəlif cəbhələrdə vuruşmuş təxminən 7 min erməni əsgəri gətirilmişdi. Anastas Mikoyanın başçılıq etdiyi soyqırımında xüsusilə fəallıq göstərən "Qızıl Qvardiya" adlı 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi.

Martın 31-i səhər tezdən bolşevik-daşnak dəstələrinin hücum etdikləri "Kərpicxana", "Məmmədli" və başqa məhəllələr həm də havadan təyyarələr, dənizdən hərbi gəmilərlə bombalanırdı. Rus hərbçilərini aldadan ermənilər onları İçərişəhərdə türklərin rusları qətlə yetirdiklərinə inandıra bilmişdilər. Matroslar bunun yalan olduğunu öyrəndikdən sonra atəşi dayandırdılar. Amma artıq gec idi. Bakının alovlara bürünən məhəllələrində ölənlərin sayı-hesabı bilinmirdi...

Mart qırğınları zamanı azərbaycanlılar dəhşətli işgəncələrlə qətlə yetirilirdi. Gənc qadınları diri-diri divara mıxlayır, hamilə qadınları ağlasığmaz işgəncələrlə öldürürdülər.

Həmin dəhşətli günlərin şahidi olan Kulner soyadlı bir alman 1925-ci ildə Bakı hadisələri barədə yazırdı ki, ermənilər 1918-ci ilin mart hadisələri zamanı müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər: "Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etmədilər".

Mart qırğınları barədə tədqiqatçı Kulqe yazırdı: "Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlərqarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər". Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə gəmirdilən azərbaycanlıların şəkillərini də çəkmişdi.

O zaman ermənilərin törətdikləri vəhşiliklər barədə Nəriman Nərimanov deyirdi: "Müsəlmanlara qarşı hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər".

Qətlə yetirilənlərin çoxunun meyidi tapılmadı. Şahidlərin sözlərinə görə, ermənilər cinayətin izini itirmək üçün meyitləri od-alova bürünmüş evlərə, dənizə, quyulara atırdılar.

Sonrakı gün - aprelin 1-də də kütləvi qırğınlar davam etdirildi. Bolşevik-daşnak dəstələri müsəlmanların ziyarətgahlarını, məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarını uçurub dağıtdılar. Bakının ən gözəl memarlıq abidələrindən sayılan "İsmailiyyə", "Kaspi" qəzeti redaksiyasının binalarını və redaksiyada yeni çap edilmiş "Quran-Kərim"ın 5 min nüsxəsini yandırdılar.

Bakıda azərbaycanlıların ah-naləsi ərşə qalxmışdı. Bu vəhşiliklərə dözməyən şəhərdə yaşayan azərbaycanlılar könüllü dəstələr təşkil edərək Bakı Sovetinə müqavimət göstərməyə başladılar. Ancaq qüvvələr qeyri-bərabər idi. Bolşevik-daşnak qüvvələrinin törətdikləri faciələrin qarşısını almaq mümkünsüz idi.

1918-ci ildə bolşevik-daşnak birləşmələri yalnız Bakı və Bakıətrafı bölgələrdə deyil, Şamaxı, Quba, Xaçmaz, Muğan, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə də qırğınlar törətdilər, on minlərlə azərbaycanlını qətlə yetirdilər.

Mart qırğınlarından sonra sülh sazişi imzalansa da, sentyabrın 15-nə qədər ermənilər müntəzəm olaraq Bakı şəhərinin küçələrində, ətraf kəndlərə gedən yollarda azərbaycanlıları qətlə yetirir, meyitlərini neft quyularına, dənizə atırdılar. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin 15 iyulunda yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində bu barədə məlumatlar var.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 31 martın azərbaycanlıların ümummilli matəm günü kimi qeyd olunması barədə qərar verdi. Lakin 1920-ci ilin 28 aprelində bolşeviklər Cümhuriyyət hökumətini süquta uğradaraq hakimiyyəti ələ keçirdilər. Sovet hökuməti 70 il Azərbaycan xalqının öz tarixi həqiqətlərini öyrənməməsinə, qəhrəmanlarını düşmən, düşmənlərini dost kimi tanımasına çalışdı. Ancaq bu uzun illər ərzində də Azərbaycan xalqına qarşı ədavət, kin, düşmənçilik sona çatmadı. Sovet hakimiyyətinin himayə etdiyi ermənilər 1948-1953-cü illərdə azərbaycanlıların xeyli hissəsinin Qərbi Azərbaycan torpaqlarından deportasiyasına nail oldular.

Təcavüzkar, işğalçı ermənilər 1988-ci ildən yenə Azərbaycana qarşı torpaq iddiaları irəli sürdülər. Şuşa, Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan torpaqlarında erməni cəlladları günahsız insanları qanlarına qəltan etdilər. 1990-cı illərdə torpaqlarımızın 20 faizini işğal etdilər. Yenə də erməni qəsbkarları öz güclərinə deyil, havadarlarına arxalanmışdılar. 1918-ci ildə olduğu kimi, dövrün müasir silah-sursatı ilə təmin olunmuşdular. Havadarlarından hər cür yardımlar alan erməni vandalları XX əsrin sonlarında da insani duyğulardan məhrum olduqlarını dəhşətli əməlləri ilə sübut etdilər. 1990-cı illərdə Qarabağda, Şərqi Zəngəzurda qəddar, qatil ermənilər yenə də uşaq, qoca, qadın demədən  azərbaycanlıları dəhşətli işgəncələrlə şəhid etdilər. Kərkicahan, Malıbəyli, Meşəli faciələrinin davamı isə Xocalı soyqırımı oldu.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının köməyi ilə silahsız, köməksiz Xocalıya hücum etdilər. Aylarla mühasirədə saxlanılan Xocalı şəhəri toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Fevralın 26-sı səhər saat 5 radələrində şəhər alova büründü. Xocalı işğal olundu. Hücum üç istiqamətdə aparıldığından əhali Əskəran tərəfə üz tutub qaçmağa başladı. Lakin erməni silahlı dəstələri evlərindən dərbədər saldıqları xocalılılara pusqu qurmuşdular. Naxçivanik kəndi yaxınlığında yolu kəsdilər. Dinc azərbaycanlılara divan tutdular. Mənfur ermənilər vertolyotlarla, geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanları axtarır, tapdıqlarına işgəncələr verir, ya qətlə yetirir, ya da əsir götürürdülər. Güllələrdən yayınıb meşələrə, dağlara qaçanların çoxu isə soyuqdan, şaxtadan məhv oldu.

Xocalı soyqırımı zamanı ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyitlər tikə-tikə doğranmışdır. Bu barədə məlumatlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına Xocalı soyqırımı zamanı əsir və girov  götürülmüş insanların ifadələrində də var.

O dəhşətli gün barədə danışan Camal Əbdülhüseyn oğlu Heydərov deyib: "Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar".

Şahin Zülfüqar oğlu Heydərov Naxçıvanik kəndi yaxınlığında 80-nə yaxın meyit gördüyünü söyləyib. Meyitlərə işgəncələr verilmiş, başları kəsilmişdi. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Fəxrəddin Səlimov, Mikayıl Səlimov da qətlə yetirilənlər arasında idi.

Ermənilər Cəlil Hümbətəli oğlu Hümbətovun gözü önündə həyat yoldaşı Firuzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələyiblər. Başqa bir xocalılı - Kübra Adil qızı Paşayeva da eyni dəhşətləri yaşayıb. Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşən Kübra gizləndiyi kolluqdan həyat yoldaşı Şura Tapdıq oğlu Paşayevin, oğlu Elşadın güllələndiyini görüb.

Xocalı işğal olunan zaman erməni silahlıları Xəzəngül Təvəkkül qızı Əmirovanın ailə üzvlərini girov götürüb. Anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni ermənilər güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırıblar. 150 nəfərədək xocalılı ilə 3 gün meşədə qalan Zoya Əli qızı Əliyevanın yanında Dünya Əhmədova və onun bacısı Gülxar donaraq ölüblər. Xocalı sakini Kübra Əliş qızı Mustafayeva "Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələmişdilər", Əli Ağami oğlu Nəcəfov isə "Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişdilər"  deyiblər...

Xocalı dərdi danışdıqca bitməz... Xocalı soyqırımında erməni vandallarının törətdikləri faciələr barədə dünyanın nüfuzlu kütləvi informasiya vasitələrində yazılar dərc edilib, sujetlər təqdim olunub. Ancaq nə qədər yazılsa da, bəhs olunsa da, Xocalı soyqırımını olduğu kimi anlatmağa yetmir. Çünki törədilmiş hadisələr təsəvvürə sığmayacaq qədər dəhşətlidir. Eynilə 1918-ci ildə, ermənilərin azərbaycanlılara qarşı törətdikləri 31 Mart soyqırımında olduğu kimi...

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2023.- 31 mart.- S.8.