Qan yaddaşımızın zülməti

 

Biz bu zülməti yarıb işığa çıxmalıyıq

 

Xatın faciəsi haqqında orta məktəbdə kitabdan oxuduqlarımızdan çox, müharibə iştirakçısı olan tarix müəllimimizin söylədiyi faktlar uşaq  təfəkkürümüzdə vahimə yaratmışdı. İllər sonra Belarusa səfər edərkən həmin kənddəki memorialı ziyarət etdik. "Xatın" memorial-kompleksinin müəllifləri  kəndlə birlikdə diri-diri yandırılmış və güllələnmiş 149 nəfər dinc sakinin xatirəsini əbədiləşdiriblər.

1943-cü ildə faşistlər bu kəndi  yer üzündən siliblər. Bu gün xəritədə Xatın kəndinin adı yoxdur. Memorialı ziyarət edərkən ekskursiya rəhbərinin söylədiklərindən dəhşətə gəlmişdik, belarusların halına acımışdıq. Ağlımızın ucundan belə keçməmişdi ki, vaxtilə bənzər faciəni biz də yaşamışıq. Bilmirdik.  Amma ağılın düşündükləri ilə reallıqdakı çirkin və mənfur siyasət heç bir zaman üst-üstə düşmür, bir-biri ilə çarpaz formada kəsişirdi.

105 il əvvəl Azərbaycanda  belə bir kəsişmə baş verib. Erməni daşnakları  dinc azərbaycanlılarla çarpışıblar. 1918-ci il martın 30-dan aprelin 3-nə kimi Bakı şəhərində və Bakı quberniyasının müxtəlif  bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni quldurları 10 minlərlə azərbaycanlını  vəhşicəsinə qətlə yetiriblər. İnsan nə dərəcədə vəhşi olmalıdır ki, evləri yandırsın?! Gözünü qan necə örtməlidir ki, insanı diri-diri oda atsın?! Bu, vandalizmin son həddidir. Bu, məqsədli şəkildə edilmiş soyqırımıdır. Bu, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, mənəviyyatına sahib çıxmaq cəhdidir.  Xatın faciəsi  bu soyqırımla müqayisədə kölgədə qalır.

Mart soyqırımı Xatın faciəsindən onunla fərqlənir ki, Azərbaycan xalqı dinc dövrdə erməni faşistlərinin insanlıqdan kənar, vəhşi hərəkətlərinin qurbanı olublar. Xatında baş verən vəhşilik isə İkinci Dünya müharibəsinin "yadigarı"dır.  31 mart soyqırımı bir millətin varlığına sui-qəsd deməkdir,  bütövlükdə insanlığa yönəlmiş amansızlıqdır. Mart soyqırımı Xatın faciəsindən bir  onunla fərqənir ki, Xatın yerləyeksan olub, kənddə bir kimsə qalmayıb, 149 nəfər torpağa gömülüb.  Azərbaycanda isə kütləvi qırğın olub.

Bu gün həmin soyqırımdan 105 il keçir. 105 ildir hər gələn nəsil keçmişə boylanıb ata-babalarının faciəsinə köks ötürür, bir millətin digər millətə olan nifrətinin soyqırıma əl atacaq qədər amansız olmasından dolayı dəhşətə gəlir. 105 ildir Quba kütləvi qəbiristanlığında narahat ruhlar dolaşır. Narahat  və didərgin ruhların "haray"ı amansız olur. Xatın  heykəlləşmiş daşlarda, gipslərdə yaşayır. Orada ruhlar da daşa dönüb artıq.  Amma  Azərbaycan dövlətinin qətiyyəti və Azərbaycan xalqının namusu, qeyrəti  31 mart soyqırımının  "doğduğu" ruhların daşlaşmasına icazə verməyəcək.

Xatın faciəsi  31 Mart Soyqırımından onunla fərqlənir ki, orada baş verən faşizmin vəhşiliklərini dünya görür, "kədərlənir", "göz yaşı axıdır". İllərdir Azərbaycan ictimaiyyəti və xalqı Azərbaycanda soyqırımının baş verdiyini beynəlxalq səviyyədə sübut edirlər. Amma ikili standartlarla yaşayan dünyanın kar olmuş qulaqlarını, kor olmuş gözlərini açmaq hələ ki "daşa dirənib". Halbuki bu, təkcə Azərbaycanın qan yaddaşı deyil, bütün bəşəriyyətin qanlı faciəsidir. Sovetlər zamanı bu soyqırımı haqqında məlumatsız olmuşuq, daha doğrusu, erməni havadarları  faciənin üstüörtülü qalması üçün hər cür əmələ əl ataraq bizə onu unutdurmağa  çalışıblar, söz deməyə, haqqımızı istəməyə imkan verməyiblər. Necə deyərlər, "qazan ağzıbağlı qaynayıb". 

Amma indi bu məsələdə kimsə qarşımızda duracaq  gücdə deyil. Ulu Öndər Heydər Əliyevin təbirincə desək, "Biz ermənilərdən fərqli olaraq soyqırımı adı ilə xaricdən maliyyə yardımı almırıq, məqsədimiz həqiqətləri dünyaya çatdırmaqdır". Məşhur diplomatlardan biri deyib: "Danışmaq lazımdır ki, həqiqət açılsın". Və biz illərdir danışırıq, göstəririk, sübut edirik. Yaddaşımızın qanlı səhifəsini dünyanın gözünə soxuruq. Amma nədənsə dünyanın buz kimi soyuq gözü heç nə görmək istəmir. 

Qan yaddaşının  oyanması amansız olur. Azərbaycan xalqının da qan yaddaşına hopmuş qətllər, cinayətlər, soyqırımlar vaxt gələcək ki, dünyanın gözünə batacaq.  Erməni daşnaklarının əli ilə cəhənnəmini görən bu xalq 31 Mart Soyqırımının da heyfini alacaq. Necə ki, 30 ildən sonra Qarabağ işğaldan azad edildi, Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə Zəfər yazıldı. Gün gələcək ki, bu xalq, bu millət soyqırımın da Zəfərini yaşayacaq. Bax o zaman  Azərbaycanın başı üzərində dolaşan  ruhlar rahat olacaqlar. Qan yaddaşının oyanışı ruhun sakitliyidir, sükutun harayıdır. Gün gələcək  haray çəkən bu sükut  pozulacaq. O zaman  dünyanın  kor gözü açılacaq, kar qulağı eşidəcək.  105 il əvvəl Azərbaycanda yaşanan soyqırımı insanlığın ləkəsidir. Bu ləkəni silmək Azərbaycan dövlətinin  əlləri ilə olacaq.  Azərbaycan xalqının şərəfi ötən əsrdə baş vermiş faciənin izlərinin gələcək nəsillərin əli ilə silinməsinə icazə verməyəcək.

Biz hər il bu günlər ötənlərə qayıdırıq ki, şüurlu surətdə keçmişimizə düşmüş qan ləkəsini silməyin yollarını arayaq, torpaq altında uyuyan minlərlə soydaşımızın ruhuna and içək. O günlərə dönürük ki,  ölməyən ümidimizin işığını artıraq, qaysaq bağlamayan yaramızın qanını dayandırmayaq, əks halda, qan yaddaşımız ölər.  Mart soyqırımı qan yaddaşımızın zülmətidir.  Biz  bu zülməti yarıb işığa çıxmalıyıq. Biz məhz bu işığa təşnəyik. Bu təşnə hər gün dodağımızı çatladır.

Tarix sübut edib ki,  qanlı çarpışmalarda, savaşlarda daha çox əzilən, daha çox qanı axan, yerə yıxılan tərəfin ayağa qalxması möhtəşəm  olur. 105 il əvvəlin soyqırımı bəlkə də  Allahın Azərbaycan xalqına verdiyi sınaqdır. Bizi bu sınaqdan çıxaran məhz çatlamış dodaqlarımızın qələbə təşnəsi olacaq!

 

Züleyxa ƏLİYEVA

 

Azərbaycan. - 2023.- 31 mart.- S.11.