Bolşevik-daşnak qruplaşması azsaylı xalqlara da qənim kəsilmişdi

 

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür

 

1918-ci ildə ermənilərin törətdiyi 31 Mart soyqırımı nəticəsində milliyyətindən asılı olmayaraq, minlərlə dinc insan şəhid olub. Martın sonlarından başlayaraq, Azərbaycanda erməni silahlıları tərəfindən planlı şəkildə növbəti dəhşətli soyqırımı aktı həyata keçirilib. Ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində on minlərlə azərbaycanlı digər xalqların nümayəndələri vəhşicəsinə qətlə yetirilib.

Sovet dövründə bu faciəni unutdurmağa çalışsalar da, 1991-ci ildə Azərbaycan öz müstəqilliyinə nail olduqdan sonra bu soyqırımı aktına dair çoxsaylı fakt sənədlər aşkarlanaraq dünya ictimaiyyətinə çatdırıldı. Tədqiqatçıların fikrincə, 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara burada yaşayan digər xalqlara qarşı törədilən kütləvi qətllər ona qədərki dövrdə yeridilən siyasətin nəticəsi idi.

Hər kəs bilir ki, ermənilərin dənizdən-dənizə "böyük Ermənistan" yaratmaq iddiaları tarixən ağlasığmaz faciələrlə nəticələnib. "Daşnaksütyun" terror təşkilatının dəstəyi ilə ermənilərin əsas məqsədi havadarlarından güc alaraq əsrlərlə burada yaşayan azərbaycanlıları, habelə etnik xalqları soyqırımına məruz qoymaqla, onların yerinə xaricdə yaşayan erməniləri mərhələ-mərhələ köçürmək olmuşdu. Yəni onların ən başlıca istəyi etnik göstəriciləri öz xeyirlərinə dəyişmək idi. Bu istiqamətdə də həmişə bəzi dövlətlər ermənilərə həm iqtisadi, həm də maliyyə baxımından dəstək olublar.

Mart soyqırımı günlərində ümumilikdə Azərbaycanda Arazdan şimalda 50 mindən çox adam qətlə yetirilibsə, bundan 5 dəfə çox, 250 minə yaxın insan isə Cənubi Azərbaycanda öldürülüb. Göstərilən rəqəm olduqca böyükdür. Hələ 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov Amerikanın prezidenti Vilsonla görüşəndə bu faktları, həmçinin Fövqəladə Tədqiqat Komissiyasının materiallarını diqqətə çatdırsa da, heç bir nəticəsi olmamışdır.

Yaxın tarixə nəzər salsaq, görərik ki, XX əsrin əvvəllərində milli mənsubiyyətinə görə on minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırıb, insanları diri-diri oda atıblar. Onlar tərəfindən milli-memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılıb, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu soyqırımı nəticəsində 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda çoxsaylı soydaşımız qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerləyeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib.

Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biribudur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və, nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləməyə məruz qalıblar. Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aiddir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" konvensiya ilə müəyyən olunub. Azərbaycan Respublikası bu konvensiyaya əsasən, Ermənistan Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq hüququna malikdir. Odur ki, böyük dövlətlər Azərbaycan xalqına qarşı tarixboyu baş vermiş təcavüz hərəkətlərinə son qoyulması üçün Ermənistana təzyiqləri artırmaqla, sanksiyalar tətbiq etməklə təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

Azərbaycan qədimdən azsaylı xalqların yaşadığı tolerant ölkədir. Qətlə yetirilənlər arasında yalnız azərbaycanlılar deyil, yəhudilər, ləzgilər, gürcülər, tatlar, udilər və digər azsaylı xalqlar da olub. Lakin ölkəmiz keçmiş sovetlər birliyinin tərkibində olarkən bu soyqırımı faciələrinin üstünü aça bilməyib. Bu, yalnız ölkəmizin müstəqilliyi dövründə baş verib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət idi. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir. Bu sənədin uğurlu görünən tərəflərindən biriodur ki, son illər əksər beynəlxalq təşkilatlar və dövlətlər Ermənistanın soyqırımı əməllərini, eləcə də Azərbaycanın ərazi bütövlüyünə qarşı işğalçılıq siyasətini pisləmiş, münaqişənin respublikamızın ərazi bütövlüyüsuverenliyi prinsipi əsasında həllinin vacibliyini önə çəkmişdilər.

Ulu Öndərin daxilixarici siyasətini qətiyyətlə davam etdirən dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev daim öz çıxışlarında ermənilərin təcavüzkarlıq siyasətindən əl çəkməyəcəkləri təqdirdə Azərbaycanın güc tətbiq etmək məcburiyyətində qalacağını bəyan etmişdi. Bu vaxt gəlib çatdı. 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "dəmir yumruğu" və şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 30 ilə yaxın erməni tapdağı altında olan ərazilərimiz işğaldan azad edildi. Amma buna baxmayaraq, Ermənistan yenə də öz çirkin əməllərindən əl çəkmək istəmir. Sərhəd bölgələrində terror törədir, zabit və əsgərlərimizi, hərbi bölükləri, mülki adamları iriçaplı silahlardan atəşə tutur. Separatçı daşnak birləşmələrini yeni müharibəyə cəlb etmək məqsədilə gizli yollarla Xankəndiyə, Xocalıya və digər ərazilərə zirehli texnika, silah-sursat daşıyır. Paralel olaraq işğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti-quruculuq işlərinə mane olur, mina terroru həyata keçirir. Ermənistan imzaladığı 2020-ci il 10 noyabr tarixli təslim aktının şərtlərinə əməl etmir, sülh danışıqlarından boyun qaçırır. Hər kiçik fürsətdə belə Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, mənəviyyatına sahib olmaqdan ötrü bütün vasitələrdən istifadə edir. Amma bunun qarşısı alınır, Azərbaycan Prezidentinin uğurlu diplomatiyası sayəsində ədalət zəfər çalır.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2023.- 31 mart.- S.12.