Heydər Əliyevə yazılan məktub

 

...Keçən əsrin 1990-cı ili. Qanlı Yanvar hadisəsindən sonra Ulu Öndər Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək "qırmızı qvardiyaçı" cəlladların doğma xalqına qarşı törətdiyi cinayətə kəskin etirazını bildirmişdi. Həmin kadrları atamla birlikdə evdə izləyirdik. Ulu Öndərin bənizi solğun, əhvalı isə çox pəjmürdə idi...

 Bizim doğma diyarımızda isə vəziyyət gündən-günə pisləşir, yaşam şərtləri ağırlaşırdı. Naxçıvan əhalisi işıqsız, istiliksiz, ərzaqsız, ən dəhşətlisi isə ümidsiz qalmışdı. Təxribat xarakterli şayiələr yayılır, narahatedici xəbərlər səslənirdi. Amma bu şayiələrə məhəl qoymayan Naxçıvan camaatı bütün çətin məqamlarda yumruq kimi birləşdi. İnsanlar bütün çətinliklərə rəğmən canını, varını-yoxunu ortaya qoyub mübarizə aparmağa başladı.

Məhz həmin ağır günlərdə Ulu Öndər xilaskarlıq missiyasına başladı. Onun doğma yurduna qayıdışı bu yurdun insanlarına inam, yeni güc, mübarizlik ruhu bəxş etdi. Naxçıvan camaatı öz həqiqi liderinin müdafiəsində fəallıq nümayiş etdirdi. Beləliklə də Heydər Əliyevlə xalqın birliyi öz bəhrəsini verməyə başladı.

Həmin o günlərin canlı şahidi, o vaxt təşkil olunan görüşlərin iştirakçısı kimi bütün hadisələr xatirimdədir. Moskvadan Bakıya, oradan da təyyarə ilə Naxçıvana qayıdan Heydər Əliyevi doğma diyarı, böyüyüb boya-başa çatdığı məhəlləsi yenidən öz qoynuna aldı.

Baş verən hadisələr, siyasi proseslər yeniyetmə yaşlarımda mənə o qədər də aydın deyildi. Amma valideynlərimin, yaxın qohum-əqrəbalarımın, həmçinin şəhər əhalisinin üz-gözündəki təşviş və nigaranlıq xoş duyğularla əvəz olunmuşdu.

Ümummilli Liderin Naxçıvandan başlanan siyasi mübarizəsinin nüvəsində Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükəni dəf etmək və ölkə əhalisinə xoşbəxtlik bəxş etmək dayanmışdı.

1993-cü ilin yanvar ayının əvvəli idi. 16 yaşım vardı. Həmişə olduğu kimi, dərslərimi, yazı-pozumu çıraq işığında aparırdım. Dərslərimi bitirdikdən sonra neçə müddət idi ki, yazmaq istədiyim məktubun ilk sətirlərini qələmə aldım. Məktubum ölkəmizin xilaskarına ünvanlanmışdı...

1993-cü il 20 Yanvar - Anım Günü idi. Naxçıvanda uşaqdan-böyüyə - hamı Şəhidlər xiyabanına toplanmışdı. Mən fürsət axtarıb məktubu Ulu Öndərə vermək istəyirdim. Amma bu, həmin gün mümkün olmadı. Ona yaxınlaşmağımı hiss edən mühafizəçilər mənə tərəf gəldi, istədiyimi öyrənəndən sonra məktubu alıb mütləq ona çatdıracaqlarına söz verdilər. Məktubu birbaşa özünə verə bilmədiyimə görə çox məyus olmuşdum.

Həmin vaxtdan cəmi 5 gün keçmişdi. 1993-cü il yanvarın 25-də məni məktəbin direktoru öz kabinetinə çağırdı. Direktorumuz xoş xəbər verərək dedi ki, məni Ali Məclisə dəvət ediblər. Sevincimin hədd-hüdudu yox idi. Birdən direktorumuz təlaşla soruşdu: "Nədənsə narazısan, şikayətin var?" Amma mən heç bir şikayətimin olmadığını, sadəcə Naxçıvanın xilaskarına minnətdarlıq məktubu yazdığımı bildirdim.

Elə həmin gün nahardan sonra Naxçıvan Ali Məclisinə getdim. O nurlu insan, Ulu Öndər Heydər Əliyev məni qəbul etdi. 2 saat dahi liderin qəbulunda oldum. Bu 2 saat bir ömrü rövnəqləndirəcək qədər dəyərli idi.

Həmin vaxt soyuq qış günü idi. Ulu Öndərin otağını isidəcək soba olmasa da, masasının üzərində yazı-pozu işlərini rahat aparmaq üçün bir çıraq vardı. Məni təəccüb hissi bürümüşdü. Öz-özümə deyirdim ki, bu qədər dəyərli bir şəxsiyyət üçün niyə heç bir şərait yaradılmayıb? Axı o, bu məhrumiyyətlərlə, çətinliklərlə üzləşməməli idi. Hətta söhbət əsnasında bunu özünə dedim. Cavabı isə məni heyrətləndirdi: "Qızım, xalqımız çətin imtahan qarşısındadır, mən hər anımı insanlarımız kimi yaşamalıyam ki, azadlıq yanğısı, müstəqillik istəyimiz sönməsin. Vəziyyətin belə olması məni çəkindirmir, əksinə, mübarizə əzmimi artırır. Bacardığım qədər xalqımın yanında olacağam. Əlimdən gəlirsə, xalqımıza, millətimizə həsr edəcəyəm. Mənim hər zaman düşmənlərim olub, idarəçilik dönəmində onlarla necə lazımdırsa mübarizə aparmışam. Düşmənlərimin arasında hər millətdən olub. Ermənilərdən olub, qeyri-millətlərdən . Ancaq məni ən çox təəssüfləndirən "sapı özümüzdən olan baltalar"dır".

Heyranlıqla onun nur tökülən simasına baxırdım. Mənə Moskva Dövlət Universitetində oxumağı təklif etdi. Amma həmin vaxtların diktəsi başqa, günün tələbləri isə fərqli idi.

 Görüşümüzün sonunda mənə bir kitab hədiyyə edib vərəqində öz imzasını atdı. Gələcəkdə yaxşı təhsil almağıma, həyatda uğur qazanmağıma xeyir-dua verdi. Ümummilli Liderimizlə görüş mənə sanki əlavə güc yaradıcılıq potensialı bəxş etdi. Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın layiqli vətəndaşı olmaq üçün səylə çalışdım.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin vəfatı xəbəri məni çox sarsıtdı. Günlərlə özümə gələ bilmədim. Amma söz vermişdim, layiqli vətəndaş olmaq üçün səylə çalışmalı idim.

Çox keçmədi, mən elm yolunda irəliləyir, məqalələr yazır, elmi konfranslarda iştirak edir, tariximizdə gizlin məqamların araşdırılması ilə məşğul olurdum. 2018-ci ildə Ali Attestasiya Komissiyasından elmlər doktoru diplomumu alanda ilk getdiyim yer Ulu Öndər Heydər Əliyevin məzarı oldu.

İllər irəliləsə , mənim ruhum sanki o illərdə qalıb. 1989-1993-cü illərdə baş verənlər xəyalımdan bir an belə olsun getmir. Bəli, siyasi vəziyyətin, gedən proseslərin hamısı ölkəmizin müstəqilliyi üçün illər əvvəl Ümummilli Liderimiz tərəfindən çox dəqiqliklə hesablanıb, hazırlanıbmış. bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Xalqı, dövləti ilə bütövləşən, hər bir vətəndaşına vaxt ayırmağı bacaran, ölkəsinin hər bir daşını, qayasını, hər qarış torpağını canından da çox sevən böyük insan, əziz xatirən hər birimizin ürəyindədir.

 

Sevinc ABBASOVA,

Naxçıvan Dövlət Universitetinin dosenti, tarix üzrə elmlər doktoru

Azərbaycan.-2023.- 11 may.- S.17.