İkitəkərli... ambulans

 

Təcili tibbi yardım maşınları tıxaclarda ilişib qalanda köməyə o çata bilər

 

Paytaxtın ən böyük problemlərindən biri tıxacdır. İllərdir avtomobil tıxacları xroniki xəstəlik  kimi yoluxub Bakının küçələrinə və ondan qurtulmaq hələlik mümkün olmur.

Əslində dünyada tıxac problemini yaşamayan iri şəhər yoxdur. Meqapolisdə yaşayırsansa, bu problemi "həzm" etməyə məhkumsan. Amma bu məhkumluğu "həzm" etməyə imkanı olmayanlar da var axı, onlar neyləsinlər?!

Yəqin ki, tıxacda ilişib qalan ambulansı görməyən adam az olar. Bəlkə də çoxumuz fərqinə varmırıq ki, həmin ambulansı evdə gözləyən xəstəyə təcili həkim yardımı lazımdır və onun həyatı bundan asılıdır. Yaxud da fikirləşmirik ki, ambulansın klinikaya tez çatdırmalı olduğu xəstənin yaşam ümidi dəqiqə-dəqiqə, bəzən də saat-saat tıxacda sönür, əriyir. Bir də fərqinə varsaydıq, fikirləşsəydik əlimizdən nə gələsidi. Tıxaca boş yerdən tıxac demirlər ki...

Amma təkcə ölümə çarə yoxdur. Bəzi yerlərdə bu problemin çarəsi tapılıb. Qardaş Türkiyədə və Avropanın bəzi ölkələrində ənənəvi ambulanslarla yanaşı, təcili tibbi yardım motosikletlərindən də istifadə olunur. İlkin tibbi yardım üçün dava-dərmanla təchiz edilən, ekipajı həkim və orta tibb personalından ibarət olan həmin motosikletlər üçün tıxac problem deyil. Lap mopedlə yemək daşıyan kuryer kimi. Yəqin ki, xəstəyə həkimin tez yetişməsinin, kimə isə dönərin isti-isti çatdırılmasından daha vacib olduğunu heç kim danmaz. 

Elə isə Azərbaycanda da təcili tibbi yardım sisteminə ambulans motosikletlər niyə cəlb edilməsin ki?! Doğrudur, ikitəkərli ambulansları bütün çağırışlara göndərmək olmaz. Çünki onlara lazım olan bütün tibbi avadanlıqları yükləmək mümkün deyil. Amma xəstəni kritik vəziyyətdən çıxarmaq, stasionar ambulans gəlib çıxanacan vaxt qazanmaq üçün onların əvəzi yoxdur.

Qarşıdan isti yay günləri gəlir. Günvurma, qida zəhərlənməsi kimi halların tez-tez baş verdiyi yay aylarında təcili yardıma edilən müraciətlərin sayı da artır. Üstəlik təzyiq, ürək tutması kimi xəstəliklər də yay aylarında daha çox baş qaldırır. Bakının küçələri üçünsə tıxac mövsümü, tıxac saatı yoxdur, paytaxtda tıxac, necə deyərlər, 7/24-dür. Deməli, bu zaman həmin xəstələrin dadına təcili tibbi yardım motosikletləri çata bilər.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2023.-14 may.- S.1;8.