Hayastan sülh danışıqlarının irəliləməsində maraqlı deyil

 

Bu gün Brüsseldə keçirilən üçtərəfli görüşdə Azərbaycan bir daha qətiyyətli mövqeyini ortaya qoyacaq

 

Vətən müharibəsində ağır məğlubiyyətdən sonra kapitulyasiya aktını imzalamağa məcbur olan Ermənistan 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Müharibədən ötən üç ilə yaxın müddətdə üçtərəfli Bəyanatın şərtlərini pozan Hayastan bununla yanaşı, müxtəlif vaxtlarda təxribatlara da əl atır.

Laçın yolunda Ermənistanla şərti sərhəddə Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin qurulmasına qədər Laçın -Xankəndi yolundan statusuna uyğun istifadə etməməsi, bu yolla müxtəlif silah-sursat daşıması, terrorçu dəstələri Qarabağa keçirməsi, mina terrorunu davam etdirməsi, həmçinin qanunsuz erməni hərbi birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaması işğalçı ölkənin sülhdə maraqlı olmadığını göstərən faktlardır.

İkinci Qarabağ savaşında zəfər qazanan ölkəmiz regionda söz, güc sahibinə çevrildi. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Təbii ki, ağır məğlubiyyətdən sonra Hayastanın Azərbaycanla sülh sazişi bağlamaqdan başqa yolu yoxdur. Buna baxmayaraq, regionda sülhün və təhlükəsizliyin bərqərar olmasını istəməyən bəzi ölkələr, qüvvələr Ermənistana dəstək verərək, onu silahlandıraraq yenidən təxribatlara əl atmasına həvəsləndirirlər.

Tarixdən bəllidir ki, ermənilər daim kimlərinsə oyuncağına çevrilib, hansısa dövlətə sığınaraq işğalçılıq siyasəti, təxribatlar həyata keçiriblər.

Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin qısa zamanda bağlanmasının həm region, həm də Ermənistan üçün əhəmiyyəti dəfələrlə vurğulansa da, Hayastanı doğru yola gəlməyə qoymayanlar da çoxdur.

Elə bunun nəticəsidir ki, iki ildən çox müddətdə Azərbaycanla Ermənistan arasında Rusiyanın iştirakı ilə iki Soçi, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 4 Brüssel, bundan başqa, Praqada baş tutan görüşlərin hər birində - danışıqlar masasında uduzan Hayastan bununla belə sülh müqaviləsinin bağlanmaması  üçün əlindən gələni edir. Görüşlərdən dərhal sonra hansısa havadar taparaq ona sığınır. Amma hər dəfəsində unudur ki, bu hərəkətlərlə bir yerə çıxa bilməyəcək. Hayastanın ağır vəziyyətdən çıxış yolu yalnız Azərbaycanla sülh danışıqlarından keçir.  Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh müqaviləsi onu xilas edə bilər. 

Erməni rəhbərləri müxtəlif vaxtlarda Azərbaycanla sülhə hazır olduqlarını desələr də, danışıqlar masasına gələndə ölkəmizə qarşı ərazi iddiaları irəli sürür, müəyyən məsələlərdə razılaşmadıqlarını deyirlər. Bu, onların xislətini bir daha göstərir.

Mayın 1-dən 4-nə qədər ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. Nazirlər hazırkı vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər. Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

Prezident İlham Əliyev mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda sualı cavablandırarkən Vaşinqton görüşünə də toxunub. Dövlət başçısı bildirib ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq: "Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər".

Ölkə rəhbəri eyni zamanda qeyd edib ki, Azərbaycan Ermənistana sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərib və onlar öz qeydlərini bildiriblər: "Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər. Lakin bizim bu şərhlərdə gördüklərimiz yenə də Azərbaycana qarşı ərazi iddialarıdır. ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-yə tamamilə aydın idi ki, burada iki istiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma "Dağlıq Qarabağ Respublikası"nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır".

Bu gün isə Brüsseldə növbəti üçtərəfli görüşün baş tutacağı gözlənilir. Bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb. Bu müzakirələrə iyunun 1-də  Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel MakronAlmaniya kansleri Olaf Şolzla görüş də əlavə olunacağı bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı qeyd edib ki, Azərbaycan tərəfi ötən il baş tutmamış və Aİ Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib.

Eyni zamanda Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa PrezidentiAlmaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan öz növbəsində Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil. 

Danışıqlardan öncə Ermənistanın havadarlarının fitvası ilə təxribatlara əl atması artıq ənənəyə çevrilib. Son hadisələr də bunu bir daha göstərir. Mayın 10-dan başlayaraq Ermənistanın Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri zərbə PUA-ları, minatanlar, D-30 topları tətbiq etməklə Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqelərini atəşə tutublar. Təxribatlar nəticəsində iki hərbçimiz şəhid olub.

Cavab tədbirləri olaraq Azərbaycan düşmən PUA-larının komanda-qərargah məntəqəsini, minaatan qrupuavtomobil texnikasını məhv edib.

Ermənistan bu əməlləri ilə sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını bir daha göstərir.

Bununla belə törətdiyi təxribatların layiqincə cavabını alan, "dəmir yumruğ"u dadan Ermənistan hər dəfə danışıqlar masasına məğlub edilmiş vəziyyətdə, məyus şəkildə oturur. Ermənistanın ağır durumdan tək çıxışı yolu Azərbaycanın 5 prinsipi əsasında sülh müqaviləsini imzalamaqdır. Sülh prosesini təxirə salmaq, gecikdirmək üçün müxtəlif yollara əl atmaq, himayəçilərə üz tutmaq Ermənistana ziyandan başqa heçvermir.

Ermənistan anlamalıdır ki, onun mövcudluğu Azərbaycanla sülhdən keçir.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.-14 may.- S.3.