Azərbaycanın ekologiyası: problemlər və onların həlli yolları

 

Bu gün dünyada yaranan ekoloji problemlərin əsasında qlobal iqlim dəyişmələri, torpaqların deqradasiyası, ərzaq təhlükəsizliyi və onların yaratdığı fəsadlar durur. Qlobal iqlim dəyişmələri fonunda yaranan qlobal istiləşmə aridliyin artmasına, torpaqların deqradasiyasına, biomüxtəlifliyin azalmasına, torpaqların deqradasiyası isə səhralaşmaya səbəb olur.

Dünyanı rahatsız edən qlobal problemlərdən biriiqlim dəyişmələri və onun fəsadlarıdır. Məhz buna görə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası yaradılmışdır. Azərbaycan da 1995-ci ildən bu konvensiyanın üzvüdür.

İqlim dəyişmələrinin insan həyatının bütün fəaliyyət sahələrinə təsirinin öyrənilməsi və bu təsirlərə qarşı müəyyən tədbirlərin görülməsi öz aktuallığı ilə digər prioritet problemlərdən seçilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının üzvü kimi Azərbaycan özünün antropogen mənşəli parnik qazları tullantılarının inventarlaşdırılmasını aparmış, ölkədə istifadə olunan karbon balansına görə emissiya olunan CO2-nin və digər qazların maksimum miqdarını hesablamışdır.

İqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması üçün adaptasiya tədbirləri işlənib hazırlanmışdır. Bəs adaptasiya nədir?

Adaptasiya - iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması üçün müəyyən tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bura maarifləndirmə, iqlim dəyişmələrinin təsirinin öyrənilməsinə professional hazırlıq, həmçinin quraqlığa davamlı bitkilərin əkilməsi, sahil zonasının müdafiəsinin gücləndirilməsi daxildir. Adaptasiyada ilk addım iqlim dəyişmələrinin təsirinə nəyin və hansı formada məruz qalmasını təyin etməkdir.

Bütün dünyanı, o cümlədən Azərbaycanı da rahatsız edən qlobal problemlərdən biri də torpaqların deqradasiya problemidir. Bura torpaqların eroziyası, şoranlaşmason nəticə olaraq səhralaşma problemi daxildir. Səhralaşma isə torpağın və bitki örtüyünün deqradasiyası, onların biolojiiqtisadi məhsuldarlığının azalması və ya tamamilə itirilməsi deməkdir. Səhralaşma zamanı məhsuldarlıq fəlakətli dərəcədə aşağı düşür, mal-qara tələf olur, su mənbələri quruyur, əkin sahələri şoranlaşır, qumluqlar yaşayış yerlərinə doğru "hərəkət" edir, nəticədə yoxsulluq, aclıq və xəstəliklər baş verir.

Hazırda səhralaşmanın arealı çox sürətlə genişlənir: bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir. İl ərzində isə bu rəqəm 6 milyon hektara çatır. Planetimizdə 3,6 milyard hektar sahə səhralaşmaya məruz qalmışdır. Bu, Avropanın ərazisindən üç dəfə böyükdürya Yer kürəsi sahəsinin dörddə biri qədərdir. Bütün qitələrdə (Antarktida istisna olmaqla) - dünyanın 110 ölkəsində mövcud olan səhralaşma daha çox Avstraliyada, Afrikada, Avrasiyada getmişdir.

Səhralaşma prosesi Azərbaycandan da yan keçməmişdir. Ölkəmizdə səhralaşma prosesi əsasən dağətəyi, düzənlik ovalıq ərazilərdə təbii, xüsusən antropogen amillərin təsiri nəticəsində baş verir. Bu ərazilərdə yağıntıların orta illik miqdarı 150-400 mm arasında tərəddüd edir. Səthi buxarlanma isə yağıntının miqdarından 3-4 dəfə artıqdır. Azərbaycan ərazisində səhralaşmanın arealları əsasən Abşeron yarımadası, Kür-Araz ovalığı, Naxçıvan Muxtar Respublikası regionlarıdır.

Belə olan halda ölkəmizdə səhralaşma ilə mübarizə istiqamətində hansı tədbirlər həyata keçirilməlidir? İlk növbədə:

* Səhralaşmış ərazilərin inventarlaşdırılması xəritələşdirilməsi;

* Səhralaşma proseslərinin uzunmüddətli ekoloji monitorinqini təşkil etmək (bura hidrometeoroloji, aqrokimyəvi, bioloji, hidroloji stansiyaların nəzarəti, ərazinin aerokosmik şəkillərinin çəkilməsi daxildir);

* Təbii ehtiyatlardan səmərəli istifadə etmək, otlaqlardan istifadəyə nəzarət;

* Meliorasiya işlərinin həmçinin fitomeliorasiya işlərinin aparılması;

* Su ehtiyatlarından səmərəli istifadə və onların genişləndirilməsi;

* Əkinçilikdə torpaqlardan düzgün istifadə, aqrotexniki qaydaya riayət edilməsi;

* Otlaqların fitomeliorasiyası, həmçinin səhralaşmış ərazilərdə qumsallıqları bərkidən bitkilərin əkilməsi;

* Biomüxtəlifliyin qorunmasının təşkil edilməsi;

* Səhralaşmaya dair fundamental tədqiqat işlərinin aparılması, səhralaşmanın dinamikasına nəzarət, səhralaşma ilə bağlı proqnozların verilməsi;

* Səhralaşma ilə mübarizədə sosial-iqtisadi mexanizmlərdən istifadə və beynəlxalq əməkdaşlığın rolunun artırılması.

Səhralaşma prosesi həm də ona görə çox ciddi problem sayılır ki, o, nəticə etibarilə məhsuldarlığın son dərəcə aşağı düşməsinə və nəticədə ərzaq qıtlığına səbəb olur. Ərzaq təhlükəsizliyinin təminatı isə, məlum olduğu kimi, dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ona görə də səhralaşma probleminin həlli milli, iqtisadi, sosial, demoqrafikekoloji faktorların geniş spektrini əhatə edir.

Ərzaq təhlükəsizliyinə nail olmaq üçün Azərbaycan hökuməti iki mərhələdən ibarət strategiyanın həyata keçirilməsini öhdəsinə götürür:

1. İslahatlar aparıldığı müddətdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün qısamüddətli və ortamüddətli keçid tədbirlərinin tətbiqi. Bu, əsasən özəl fermer təsərrüfatçılığına və sahibkarlığa kömək göstərilməsi vasitəsilə təmin edilir. Həmin mərhələdə tədbirlərin

8 istiqamətdə aparılması nəzərdə tutulur: müvafiq qanunların həyata keçirilməsinə nəzarət; gözlənilən ilkin nəticələrin əldə edilməsi üçün lazım olan büdcə ayırmalarının dəqiqləşdirilməsi; ərzaq istehsalı sahəsində müvəqqəti vergi güzəştlərinin tətbiqi məsələsinə baxılması; qida məhsullarının istehsalı, emalı və satışı üçün kreditlərin alınmasına kömək göstərilməsi; qida məhsulları istehsalçılarının ərzaq idxalından müdafiəsi; müəssisələr arasında qarşılıqlı borcların restrukturizasiyası; istehlakçıların müdafiəsinin gücləndirilməsi; ərzaq təhlükəsizliyi sahəsində müvafiq məlumat sisteminin yaradılması yolu ilə fövqəladə vəziyyətə hazırlıqla bağlı əlavə tədbirlərin həyata keçirilməsi.

2. Ərzaq təhlükəsizliyi sahəsində uzunmüddətli tədbirlərin başlıca məqsədi Azərbaycanın kənd təsərrüfatının gəlirliliyinin və rəqabət qabiliyyətinin artırılmasını, eləcə də onun beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmasını nəzərdə tutur. Ərzaq təhlükəsizliyi əsasən ölkədə kənd təsərrüfatının inkişafı və ərzaq istehlakı vəziyyətinin yaxşılaşdırılması hesabına təmin edilməlidir. Buna nail olmaq üçün dörd əsas istiqamətdə tədbirlər həyata keçirilməlidir: ərzaq təhlükəsizliyi ilə bağlı idarəetmə mexanizmlərinin möhkəmləndirilməsi; fermer təsərrüfatlarının kommersiyabazar iqtisadiyyatı tələblərinə cavab verən qurumlara çevrilməsi, kənd təsərrüfatı və ərzaq sektorları üçün müəyyən olunan güzəştlərin mərhələlərlə məhdudlaşdırılması; ölkədə ərzaq məhsulları növlərinin istehsalının inkişafı və kənd təsərrüfatının rəqabət qabiliyyətinin təmin edilməsi; kənddə infrastrukturun inkişafına kömək edən dövlət investisiya siyasətinin aparılması.

Azərbaycanda qeyd etdiyimiz ekoloji problemlərin daha tez və səmərəli həllində əhalinin düzgün maarifləndirilməsi və bu hesaba yaxından iştirak etməsi də olduqca vacib şərtlərdən sayılır.

 

Bəhram Hüseyn ƏLİYEV,

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor

Azərbaycan.-2023.-14 may.- S.5.