Saatlı məscidi bərpa olunub

 

Azərbaycanın mirvarisi, Qarabağın baş tacı - Şuşa şəhəri əsrlərboyu özünəməxsus ab-havası, tarixi-mədəni və dini abidələrinin zənginliyi ilə tanınıb, görənləri heyran edib. Şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları olub. Şuşa eyni zamanda 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri ilə tanınıb.

Araşdırıcılar bu abidələrin çoxunun memarının XIX əsrdə yaşamış Kərbəlayi Səfixan Qarabaği olduğunu, həmin dövrün məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədildiyini yazıblar. Şuşa 1977-ci ildə tarixi-memarlıq qoruğuna çevrilib. Qoruğa Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası, Qarabağ xan sarayı, Xan qızı Natəvanın evi, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun evibaşqa abidələr daxil edilib.

1992-ci ilin mayında Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərini erməni qəsbkarları ələ keçirdilər. İşğal otuz ilə yaxın davam etdi. Həmin illər ərzində Qarabağın və Şərqi Zəngəzurun əksər ərazilərindəki kimi, Şuşa şəhərində olan tarixi-mədəni, dini abidələr də erməni vandalizminə məruz qaldı. İşğalçılar tarixi əhəmiyyətli abidələri qarət etdilər, taladılar, dağıtdılar.

2020-ci ilin noyabrında 44 günlük Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun zəfəri ilə başa çatdı. Ermənistan silahlı qüvvələri məğlub oldu. Azərbaycan öz tarixi ərazilərini işğalçılardan geri aldı.

Böyük qələbədən sonra Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə başlanıldı. Artıq bir sıra tarixi tikililər yenidən bərpa olunub. Onlardan biriŞuşa şəhərinin Saatlı məhəlləsində yerləşən tarixi məsciddir. Mayın 10-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışında iştirak etdilər. Həyata keçirilmiş işlər barəsində dövlət başçısına və birinci xanıma məlumat verildi. Vurğulandı ki, Şuşadakı Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilib.

Kərbəlayi Səfixan Qarabaği Qarabağda bir neçə monumental dinimülki tikilinin, həmçinin Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə İmamzadə türbəsinin də memarı olub. Saatlı məscidinin əsas fasadında yerləşdirilmiş inşaat kitabəsində onun memarı barədə məlumat verilib. Abidə Kərbəlayi Səfixan Qarabağinin son əsərlərindən biri sayılır.

XIX əsrin memarlıq nümunəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi, bir-birinə bitişik mədrəsə və məscid binaları olub.

Qəsbkar Ermənistanın işğalında qaldığı illərdə Şuşa şəhərindəki digər məscidlər kimi, Saatlı məscidi də dağıdılmışdı. Məsciddə 2021-ci ilin dekabrından Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanıldı. "PAŞA Holding"in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiyarestavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın "Wehdorn Architekten" şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq həyata keçirilib.

İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri aparılıb. Zədələnmiş ön sütunun gücləndirilməsi işləri görülüb, məscidin döşəməsi bərpa olunub.

Qeyd edək ki, Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olması idi. Belə ki, şəhərdəki bu tip digər məscidlərin damında müəzzin üçün kiçik köşk yerləşdirilsə də, Saatlı məscidi üçün rəngarəng kərpiclərdən istifadə olunaraq zəngin naxışlarla bəzədilmiş minarə inşa edilmişdi.

Saatlı məscidinin bərpası zamanı bütün məsələlər diqqətdə saxlanııb. Belə ki, aparılan təhlil nəticəsində minarənin üzərindəki naxışların ilkin rəngi müəyyənləşdirilib, minarə ona uyğun bərpa olunub, ornamentlər bütün incəliklərinə qədər qorunub saxlanılıb.

 

  Z.FƏRƏCOVA,

Azərbaycan.-2023.-14 may.- S.6.