Türk dünyasının mədəniyyət paytaxtından birlik və bərabərlik mesajı verildi

 

Türk dünyasının builki mədəniyyət paytaxtı Şuşa şəhəridir. Bu barədə qərar ötən il martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının Türkiyə Respublikasının Bursa şəhərində keçirilən iclasında qəbul edilib. Qeyd edək ki, "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara görə, hər il türk dünyasından bir şəhər "mədəniyyət paytaxtı" elan olunur. Astanadan (2012, Qazaxıstan), Əskişəhərdən (2013, Türkiyə), Kazandan (2014, Tatarıstan - RF), Mərvdən (2015, Türkmənistan), Şəkidən (2016, Azərbaycan), Türküstandan (2017, Qazaxıstan), Kastamonudan (2018, Türkiyə), Oşdan (2019, Qırğızıstan), Xivədən (2020, Özbəkistan) və Bursadan (2022, Türkiyə) sonra Şuşa şəhəri "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib. Beləliklə, türk dünyasında bu missiyanı yerinə yetirən 11-ci şəhər Şuşa olub.

 

Türk dünyasının qürur ünvanına çevrilən şəhər

 

Mədəniyyət NazirliyiTÜRKSOY-un birgə təşkilatçılığı ilə mayın 12-də Şuşa şəhərində "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi açılış mərasimi düzənlənib. Tədbir Azərbaycan Respublikası Prezidentinin "Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında"

6 dekabr 2022-ci il tarixli sərəncamına uyğun olaraq təşkil edilib. Dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri və digər qonaqlar mərasimdə iştirak ediblər. Tədbirdə olduqca maraqlı, əhəmiyyətli fikirlər söylənilib. Türk dünyasının birlik və bərabərlik mesajı bu dəfə təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan qədim qala şəhərimiz, muğam-sənət beşiyi, "Türk dünyasının mədəniyyət paytaxtı" Şuşa şəhərindən verilib.

1992-ci ilin mayında, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal olunan bu mədəniyyət abidələri ilə zəngin, qədim və gözəl şəhər otuz ilə yaxın düşmən əsarətində qaldı. Həmin illərdə Şuşa həsrətlə özünün əsl sakinlərinin yolunu gözlədi. Erməni vandalları şəhəri ələ keçirsələr də, onu erməniləşdirə bilmədilər. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər: "Şuşa Azərbaycan ruhunu qoruya bildi".

Azərbaycanlıların Şuşa həsrəti 2020-ci ilin noyabrında bitdi. İkinci Qarabağ müharibəsi zamanı müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlub edərək Şuşanı azad etdi. Müharibədən sonra Azərbaycan dövləti tərəfindən Qarabağın və Şərqi Zəngəzurun bir çox yaşayış yerləri kimi, Şuşa şəhərində də genişmiqyaslı tikinti, bərpa-quruculuq işləri həyata keçirilir. İkinci Qarabağ müharibəsindən sonra Şuşanın üzü həm də burada düzənlənən bir-birindən maraqlı və əhəmiyyətli respublika və beynəlxalq səviyyəli tədbirlərlə gülür. Mədəniyyət NazirliyiTÜRKSOY-un birgə təşkilatçılığı ilə mayın 12-də Şuşa şəhərində "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi açılış mərasimi də həmin tədbirlərdən biri oldu.

 

"...Şuşabütün Qarabağ öz intibah dövrünü yaşayır"

 

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli vurğulayıb ki, Şuşa azərbaycanlılar üçün olduqca böyük mənəvi əhəmiyyəti olan şəhərdir: "Bu şəhər xalqımızın taleyində, onun tarixində, mədəniyyətində, milli inkişaf yolunda böyük əhəmiyyətə malikdir. Şuşa şairlər, yazıçılar, rəssamlar, memarlar, bəstəkarlar şəhəridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev mədəniyyət mərkəzi olan Şuşaya və xalqımızın mədəni irsinin qorunmasına xüsusi önəm verirdi. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

30 illik erməni işğalı dövründə Şuşa, o cümlədən Azərbaycanın 20 faiz ərazisi dağıdılıb, talan edilib. İşğal dövründə ümumi türk dünyasının mədəni irsi hesab edilən məscidlər, mədrəsələr, görkəmli şəxsiyyətlərin evləri, qəbirüstü abidələr və digər mədəni irs nümunələri erməni vandalizminə məruz qalıb".

Nazir qeyd edib ki, bu gün Şuşabütün Qarabağ öz intibah dövrünü yaşayır: "Qələbədən qısa müddət keçməsinə baxmayaraq, şəhərlərimizin, kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin, məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun qısa müddətdə kompleks bərpası və yenidən qurulması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır".

Türk dünyası nümayəndələri bu il Şuşa şəhərində bir daha toplaşacaqlar. Oktyabr ayında planlaşdırılan Nazirlərin Daimi Şurası çərçivəsində Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi nəzərdə tutulub. Şuşa ötən əsrlərdə mədəniyyətimizdə, klassik musiqimizdə bir sıra yenilikləri ilə tarixə düşdü. Şuşada baş tutacaq Birinci Türk Dünyası Mədəniyyət Forumu da XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər açacaq.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxışında qeyd edib ki, Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması türk dünyası tərəfindən bu şəhərə olan böyük ehtiramın ifadəsidir: "Şuşa azərbaycanlılar üçün olduğu kimi, türk dünyası üçünböyük əhəmiyyət daşıyır. Bu tədbir də bir daha bunu sübut edir. Şuşamız bundan sonra da möhtəşəm və yaddaqalan neçə-neçə tədbirə evsahibliyi edəcək".

TÜRKSOY-un baş katibi Sultan Raev isə bildirib ki, bu torpaqlar bizim üçün sənətin, musiqinin beşiyidir, Şuşa Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Üzeyir bəy Hacıbəyli və neçə-neçə söz, sənət xiridarının vətənidir. O, diqqətə çatdırıb ki, Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunduğuna görə zəfərin, rifahın və şənliyin çox yaraşdığı bu şəhərdə bir-birindən zəngin, yaddaqalanrezonans doğuracaq proqramlarımız olacaq. Sultan Raev TÜRKSOY-un "Qorqud Ata" Türk dünyası III Film festivalının da açılışının Şuşada olacağını deyib. Bildirib ki, "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" ilinin bağlanış mərasimi isə noyabr ayına planlanıb. Sultan Raev qeyd edib ki, bağlanış tədbirində 2024-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" estafeti Türkmənistanın Anev şəhərinə veriləcək.

Şuşanı - bu əzəmətli şəhəri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mənəviyyat mərkəzi, qürur yeri adlandıran baş katib deyib: "Fikrimcə, Şuşa Azərbaycanın ürəyidir. Bu il həm də TÜRKSOY-un 30 illiyidir. TÜRKSOY-un yaşı qədər işğal altında qalan, barbarlıqla dağıdılan, hazırda azadlığına qovuşan bu tarixi şəhəri biz fürsətdən istifadə edib həm türk dünyasına, həm də bütün dünyaya mədəniyyətin, incəsənətin, musiqinin beşiyi kimi tanıtmaq niyyətindəyik".

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.-14 may.- S.6.