Dost hədiyyəsi

 

İşğaldan azad edilmiş ərazilərimizdə Özbəkistan məktəb, Qazaxıstan isə uşaq yaradıcılıq mərkəzi tikir

 

Düşmən 30 il ərzində Qarabağda və Şərqi Zəngəzurda onlarca şəhər və kəndimizi yerləyeksan etdi. Düşündü ki, o yerlərə dönəcək yollarımızı bağlamaq üçün bu da bir vasitədir.

Düşünmədi ki, Azərbaycan 44 gün ərzində onu susdurmağa, darmadağın  etməyə qadirdir. Üstəlik, dağıdılanları təzədən qurmağa maddi gücümüz, siyasi iradəmiz də var.

İşğaldan azad edilmiş kəndlərimizdə və şəhərlərimizdə başlanan genişmiqyaslı və çoxşaxəli bərpa-quruculuq işlərinə dostlarımız da qoşuldular. Belə ki, burada ilk vaxtlardan Azərbaycan müəssisələri ilə birgə qardaş Türkiyə şirkətləri də işləməyə başladılar. Sonra Qarabağın və Şərqi Zəngəzurun qurucuları arasında digər dost ölkələrin şirkətlərinin nümayəndələri də göründü. Təkcə o faktı xatırlatmaq kifayətdir ki, Zəngilan rayonunda reallaşan ilk "ağıllı kənd" layihəsində Türkiyə, İtaliya, Çin, İsrail şirkətlərinin mütəxəssisləri müxtəlif təyinatlı işlər yerinə yetirərək dost münasibəti nümayiş etdirdilər.

Azərbaycanın nüfuzu, müxtəlif ölkələrlə qurduğu əməkdaşlıq və tərəfdaşlıq, eləcə də dostlarımızın düzgün əqidəsi düşmənə gözdağıdır. Dostqardaş ölkələr işğaldan azad olunmuş ərazilərimizə artıq ilk hədiyyələrini də ediblər. Məsələn, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hələ xeyli bundan əvvəl Füzuli şəhərində orta məktəb tikdirməyi qərara aldı. Məktəb artıq inşa edilməkdədir.

Özbəkistan Prezidentinin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Prezident İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.

Dövlət başçısı bu barədə deyib: "Biz Qarabağı hələlik öz gücümüzlə bərpa edirik. Əlbəttə, qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Ona görə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra biz Şavkat Miromonoviçlə görüşəndə o belə bir təşəbbüs irəli sürdübu təklif minnətdarlıqla qəbul edildi. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq".

Bu il  mayın 5-də  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Füzuli rayonunda olarkən  məktəbin  tikildiyi əraziyə də baş çəkdilər. Özbək xalqı adından hədiyyə kimi inşa edilən 960 şagird yerlik bu məktəb binasında tikinti işlərinin gedişi ilə tanış oldular.

Qeyd edək ki, ötən il başlanan tikinti işlərinin bu ilin dekabrında başa çatdırılması planlaşdırılır. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika və 5 funksional tədris otağı, akt  idman zalları, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, qaçış zolaqları, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası, istirahət etmək və tədbirlər  keçirmək üçün yerlər olacaq. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir.

Ölkəmizin Qazaxıstanla da əlaqələri getdikcə genişlənir. Əməkdaşlıq və tərəfdaşlıq əsasən enerji layihəri ilə  güclənsə də, digər sahələri də əhatə etməkdədir. Qazax qardaşlarımızı eləcə də Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işlərimiz qürurlandırır. Keçən il avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı  Prezident İlham Əliyev və Qazaxıstanın dövlət başçısı  dost ölkənin "Bİ-Group" Holdinqi tərəfindən Füzuli şəhərində inşa ediləcək Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin layihəsi ilə tanış olmuşlar.

"Bİ-Group" Holdinqin Direktorlar Şurasının sədri Aydın Raximbayev demişdir: "Bu layihəni - Füzuli şəhərində yaradıcılıq mərkəzinin tikintisi layihəsini təqdim etmək mənim üçün böyük şərəfdir. Layihə bizim Prezidentin şəxsi tapşırığı əsasında qısa müddət ərzində hazırlanıb. Bu günə olan vəziyyətə görə, artıq məkan müəyyən edilib, yəni layihə dörd böyük istiqamətdən ibarətdir".

Bu ilin aprel ayında isə mərkəzin təməli qoyulub. Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi layihəyə əsasən, Füzuli şəhərində ümumi sahəsi 1,5 hektar olan ərazidə yerləşəcək. Tikinti sahəsi 2708 kvadratmetr təşkil edir. İkimərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla, növbəli şəkildə 600 şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur. Burada şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır.

Bu layihə  Azərbaycan və Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın bölgələrdən olan istedadlı gənclərin bir araya toplanmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, incəsənət məktəbinin layihəsi üzrə Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin yer aldığı işçi qrupu yaradılıb, müvafiq görüşlər keçirilərək, qarşıdakı hədəflər müzakirə olunacaq.

Dost, qardaş hədiyyəsi həmişə əziz, dəyərli olar. Odur ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura dostlarımızın hədiyyəsinin xüsusi önəmi var.

 

Flora SADIQLI,

Azərbaycan.-2023.- 13 may.- S.1;3.