Hayastan sülh prosesini yenidən pozmaq istəyir

 

Mayın 10-11-də Hayastan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutublar. Təxribat nəticəsində ordumuzun hərbi qulluqçusu şəhid olub. Brüssel görüşü ərəfəsində törədilən bu təxribat bir daha onu göstərir ki, Hayastan sülhün əldə olunmasında maraqlı deyil.

Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

 

Şuşadakı atəşfəşanlıq hayları rahat yatmağa qoymayıb

 

Milli Məclisin deputatı Anar İsgəndərov bildirib ki, Hayastan silahlı birləşmələri tərəfindən mayın 10-11-də Azərbaycan torpaqlarında törədilən növbəti təxribat göstərir ki, haylar tarix boyu hansı sifətin sahibi olublarsa, bu gün də elədir, məkr və hiylədən əl çəkmək istəmirlər: "Onlar bir tərəfdən gözyaşı axıdaraq Azərbaycanla sülh müqaviləsi imzalamaq istədiklərinə bütün dünyanı inandırmağa çalışır, digər tərəfdən isə xəbis niyyətlərini gizlədə bilmirlər. Azərbaycan əsgərlərinə namərdcəsinə snayper gülləsi atırlar. Lakin unutmasınlar ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Bu gün bütün dünyanın qəbul etdiyi, inkişaf etmiş ölkələrin enerji təminatçısı olan, türk dövlətləri arasında, müsəlman dünyasında, eləcə də Avropada tanınan və hörmətlə qarşılanan Azərbaycan dövləti var. Digər tərəfdən isə, müasir, güclü orduya sahibdir. Hayastan bunu anlamırsa, vay onun halına!"

Deputat qeyd edib ki, Azərbaycan sülh müqaviləsi imzalamaq üçün hələ 2020-ci ilin noyabrında şərtlərini Hayastana diktə edib: "Hayastan isə prosesi uzatmaq üçün hər dəfə bir bəhanə gətirir. Azərbaycan tərəfi danışıqlar üçün məkan fərqi qoymur. İstər Vaşinqton olsun, istərsə də Moskvaya Brüssel - yəni hara olursa-olsun, Azərbaycan qalib dövlət kimi haqqı diktə edir. Bizim heç bir dövlətin, o cümlədən də Hayastanın torpaqlarında gözümüz yoxdur. Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan, kəndlərimizdə daşı daş üstdə qoymayan Hayastan olub. Hayların türklərə və azərbaycanlılara qarşı cinayətlərinin sayı-hesabı yoxdur. Bunları unutmaq olarmı?! Erməni məkrinin mahiyyətini bu qədər tez yaddan çıxarmaq olarmı?! Əlbəttə ki, yox!"

Anar İsgəndərov vurğulayıb ki, Şuşadakı atəşfəşanlıq hayları rahat yatmağa qoymayıb: "Ona görə təxribatlarını növbəti dəfə işə salıblar. Lakin onların bütün cəhdləri əbəsdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu gün ərazi bütövlüyünü qorumaq üçün lazım olan hər şeyə qadirdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin möhkəm siyasi iradəsi, güclü, müasir olan Azərbaycan Ordusu və xalqı dəmir yumruğa çevirə bilən azərbaycançılıq ideologiyası dövlətimizin gücünə güc qatır. Bunun sayəsində üçrəngli bayrağımız qürurla dalğalanır".

 

Sülh istəyən qüvvələr İrəvana təzyiqlərini artırmalıdırlar

 

Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, Hayastan sülh müqaviləsinin imzalanması üçün zəmin yaranan vaxt mütləq təxribata əl atır: "Ötən günlərdə  Kəlbəcər istiqamətində mövqelərimizin Hayastan dövlətinin ərazisindən atəşə məruz qalması bunu bir daha göstərir. Brüsseldə keçiriləcək görüş ərəfəsində belə təxribatın törədilməsi onu deməyə əsas verir ki, Hayastan sülh müqaviləsini imzalamaqdan nəyin bahasına olursa-olsun imtina etməyə çalışır. Hayastanın siyasi, hərbi rəhbərliyində də mövqelər fərqlidir. Paşinyana müxalif olan qüvvələr cidd-cəhdlə status-kvonun saxlanmasına çalışırlar. Onların havadarları da bu məsələni daim qabardır, gündəmdən düşməyə imkan vermək istəmirlər. Belə təxribatların baş verməməsi üçün sülhməramlı qüvvələr öz vəzifələrinə ciddi yanaşmalıdırlar. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi bu təxribatlarla bağlı araşdırma aparmalı və ictimaiyyətə məlumat verməlidir".

Deputat bildirib ki, Azərbaycan tərəfi Hayastanla danışıqlarının müsbət nəticələr verməsinə, münasibətlərin normallaşmasına çalışır: "Regionda sülhün bərqərar olmasından ötrü hətta heç bir beynəlxalq statusu olmayan erməni icması ilə belə, danışıqlar aparmaq fikrimiz var. Lakin haylar öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Onlar Laçın yolunda qurulmuş sərhəd buraxılış-məntəqəsinin ləğv edilməsinə çalışırlar. Bu isə mümkün deyil, çünki həmin torpaqlar bizim suveren ərazilərimizdir. Danışıqların gedişi, eləcə də Laçın yolunda sərhəd-buraxılış məntəqəmizin qurulması Hayastan və havadarlarına xoş olmadığına görə onların təxribatlarının ardı-arası kəsilmir".

Arzu Nağıyevin sözlərinə görə, Hayastanın təxribatlarının əsasında sülh müqaviləsinin imzalanmasına mane olmaq məqsədi dayanır: "Azərbaycan tərəfi isə nə olursa-olsun sülhü bərqərar etmək üçün lazımi addımlar atır. Hayastan unutmamalıdır ki, Azərbaycan daxili məsələlərini təkbaşına həll etmək iqtidarındadır. Azərbaycanla Hayastan arasında sülhün bağlanmasını istəyən qüvvələr də İrəvana bu məsələdə təzyiqlərini artırmalıdırlar. Bu gün Paşinyan orduya nəzarəti tam həyata keçirə bilmir. Bu, hər şeydən əvvəl elə Hayastanın özünə ziyan verir".

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 13 may.- S.1;5.