Ekspert: Litva ilə strateji tərəfdaşlıq münasibətləri Azərbaycan üçün yaxşı potensial vəd edir

 

Litva coğrafi mövqeyinə görə çox mühüm ərazidə yerləşir. Azərbaycanla Litva əlaqələrinin yaxşı potensialı var.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.

Dövlətimizin başçısının da elan etdiyi bir strategiya var ki, biz qrup tərəfdaşlıqlarından çox ikitərəfli əlaqələrə xüsusi fikir veririk. Bu baxımdan da Litva Avropa birliyinə daxil olan digər ölkələr ilə ikitərəfli əlaqələrin yaxşılaşdırılması həm iqtisadi, həm siyasi, həm strateji baxımdan ölkəmiz üçün çox vacibdir. Nəzərə alsaq ki, Baltikyanı ölkələr həm NATO, həm Avropa Birliyinin üzvü olub, eyni zamanda, çox ciddi nüfuza malik olan ölkələrdir, buna görə bu ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinin qurulması ölkəmiz üçün yaxşı potensial vəd edir”, - deyə ekspert bildirib.

Ekspert, həmçinin bu ölkələrin ciddi surətdə texnoloji cəhətdən inkişaf etdiyini qeyd edib: “Həm texnologiya sahəsində, həm alternativ enerji sahəsində Azərbaycana investisiya qoyulmasının təşviq edilməsi bizim ölkəmizin marağındadır. Biz dövlətimizin başçısının dediyi kimi, həm inzibati quruluşu təkmilləşdirməyə çalışırıq, həm işğaldan azad edilmiş regionlarda qabaqcıl texnologiyanın, alternativ enerjinin, ağıllı kənd-qəsəbə digər belə yüksək texnologiyaya əsaslanan, ağıllı həllər vasitəsilə yenidən qurulmanın təmin olunmasına çalışırıq. Bu baxımdan, Litva şirkətlərinin təcrübəsinin öyrənilməsi Litva investisiyasının Azərbaycana cəlb edilməsi ölkəmizin marağına daxildir. Baxmayaraq ki, ticari əlaqələrimizin həcmi ticari partnyorluq səviyyəsi çox böyük deyil, ancaq Litva bizim üçün strateji əhəmiyyətli ölkələrdən biridir”.

 

Azərbaycan. - 2023.-24 may.- S. 5.