Daxili İşlər Nazirliyi ilə BMT-nin bir çox təsisatları arasında əməkdaşlıq uğurla davam edir

 

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 24-də BMT-nin Narkotiklər Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə nümayəndəsi xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Qonağı salamlayan nazir BMT-nin bir çox təsisatları ilə Daxili İşlər Nazirliyi arasındakı sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu, ölkəmizin BMT-nin terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin dövriyyəsinə, qanunsuz miqrasiyaya insan alverinə qarşı mübarizə üzrə müvafiq Konvensiya Protokolların iştirakçısı olaraq, Təşkilatın bir çox xüsusi qurum orqanları ilə faydalı əməkdaşlıq münasibətlərini davam etdirdiyini vurğulayıb.

Səmimi qəbula görə minnətdarlığnı bildirən xanım Aşita  Mittal Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həyata keçirildiyini, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini xatırladıb, BMT-nin Azərbaycandakı strukturları ilə Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

          Azərbaycan.- 2023.- 25 may.- S.2.