İrəvanda xaos davam edir

 

Məğlub separatçılar Nikol Paşinyana qarşı çevrilişə hazırlaşırlar

 

Hayastanda gərginləşən ictimai-siyasi durum ölkədə xaotik vəziyyət yaradıb. Mövcud durumdan istifadə edən keçmiş hərbi xuntanın revanş istəyi isə vəziyyəti daha da gərginləşdirməkdədir. Əsas niyyət iqtidara  qarşı müqavimət itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olmaq, güc yolu ilə olsa belə, hakimiyyəti qəsb etməkdir.

İrəvanda Nikol Paşinyana qarşı təşkil edilən etiraz aksiyalarına polisin müdaxiləsi nəticəsində 100-dən çox insan həbs edilib, bir o qədəri yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Hazırda baş verənlərdən isə belə məlum olur ki, yaxın vaxtlarda Hayastanda vəziyyət daha acınacaqlı xarakter alacaq. Çünki separatçılar Paşinyanın baş nazir kimi ölkə idarəçiliyini davam etdirməsini istəmirlər.

Dünən  İrəvanda, Azərbaycan tərəfindən həbs edilən Ruben Vardanyan digər separatçılara dəstək nümayişi keçirilib.

Keçmiş hərbi xuntanı təmsil edənlər Nikol Paşinyana qarşı hər hansı uğur əldə edə bilmədikləri üçün istiqaməti dəyişməyə, diasporun, kilsə rusiyameyillilərin dəstəyini bu yolla əldə etməyə çalışırlar.

Mitinqin təşkilatçıları qeyd ediblər ki,  Qarabağdakı keçmiş terrorçu rejimin oyuncaq "dövlət naziri" Ruben Vardanyan 27 sentyabrda Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda deyilib ki,  oyuncaq qurumun "keçmiş xarici işlər naziri" David Babayan, "müdafiə ordusunun keçmiş komandiri" Levon Mnatsakanyan, "təhlükəsizlik şurasının keçmiş rəhbəri" Arşavir Qaramyan "müdafiə nazirinin keçmiş müavini" David Manukyan da saxlanılıb.

Etiraz aksiyaları zamanı polislər növbəti dəfə müxalifət fəallarına qarşı zorakılıq nümayiş etdiribər. Bu cür faktlara dair videoları dərc edən saytlar hətta "qırmızı beretli"lərdən birinin yaşlı qadına qapaz vurmasını yazıb. Görüntülərdə polisin bu davranışından sonra erməni qadınların onun üzərinə hücum etməsi əks olunub.

Bu arada yayılan məlumatlara görə, Paşinyanın göstərişi ilə İrəvan küçələrinə əlavə hərbi polis qüvvələri cəmləşdirilir. Erməni hərbi ekspert Samvel Koçaryan isə yaranmış vəziyyətdə ölkədə "rəngli inqilab"ın təşkil edildiyini vurğulayır.  Qeyd edilir ki,  günlərdir küçələrə faktiki nəzarət edən etirazçıların məqsədi hakimiyyəti əlbəttə ki, ölkənin xarici siyasət kursunu dəyişdirməkdir. Bu da öz növbəsində "rəngli inqilab"a aparır. Etirazçılar başqa ölkələrdəki "rəngli inqilab" təşkilatçılarının metodları ilə hərəkət edirlər. "Rəngli inqilab"ın emissarları Hayastanda hakimiyyətdən yığılıb qalmış narazılıqlardan istifadə etməyə çalışırlar. Etirazçılar arasında polislə toqquşma zamanı özünü necə aparmaq, necə təşkilatlanmaq s. barədə vərəqələr paylanır.

Göründüyü kimi, İrəvanda  etirazlar səngimək bilmir. Nikol Paşinyan isə ona qarşı yönəlmiş təhdidləri güc yolu ilə aradan qaldırmağı düşünür. Bu isə o deməkdir ki, Hayastanı qarşıdakı dövr ərzində gərgin  günlər gözləyir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2023.- 1 oktyabr.- S.8.