Azərbaycan xalqı 30 il öncə Heydər Əliyev yolunu seçdi

 

Tarixin ən qüdrətli Azərbaycanının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin xalqın böyük səs çoxluğu ilə ilk dəfə prezident seçilməsindən 30 il ötür. 1993-cü il oktyabrın 3-də Ulu Öndərin dövlət başçısı seçilməsi ilə xalqımızın  gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Ona görə xalqımızın 30 il əvvəl göstərdiyi güclü siyasi iradə müstəqil Azərbaycanın qurtuluşunun, ölkəmizin tərəqqi yolunun möhkəm bünövrəsini təşkil edir.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, 1993-cü ilin oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqımız Ümummilli Lider Heydər Əliyevi səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçməklə özünün gələcək taleyini, müqəddəratını həll edib: "Bu, Heydər Əliyevin Azərbaycanda ali siyasi hakimiyyətə ikinci qayıdışı idi. Həmin seçkilərdə Ulu Öndərin 98,84 faiz səslə qələbə qazanması qədirbilən xalqımızın Heydər Əliyevin xalq sevgisinə idarəçilik istedadına olan dərin inamından irəli gəlirdi. Xalqımız əlbəttə ki, yanılmamışdı, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bir sıra istiqamətlərdə çox ciddi dönüşlərə nail olunmuş, ölkədə daxili siyasi sabitlik təmin edilmişdi".

Deputat bildirib ki, Ulu Öndərin bütün səyləri birləşdirməsi nəticəsində təcavüzkar Ermənistanın ölkəmizə qarşı olan hücumlarının həm hərbi, həm siyasi müstəvilərdə qarşısı alındı. "Məhz Heydər Əliyevin siyasi iradəsi sayəsində 1994-cü ildə atəşkəs sənədi imzalandı. Bu da öz növbəsində Azərbaycan Ordusunun formalaşdırılması üçün lazımi şəraitin yaradılmasına təkan verdi. Bütün bunlara əsasən, əminliklə deyə bilərik ki, bugünkü qələbəmizin etibarlı bünövrələri məhz həmin dövrdə Ulu Öndər tərəfindən formalaşdırılıb", - deyə E.Mirbəşiroğlu söyləyib.

Deputat əlavə edib ki, Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycan dövlətinin milli iqtisadi sistemini formalaşdırdı: "Ölkəmizin dövlət müstəqilliyini yenicə bərpa etdiyi, Ermənistanla müharibə şəraitində yaşadığı bir dövrdə Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu. Onun iradəsi, strateji baxışları sayəsində 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın iqtisadi sektorda yüksəlişinin əsası qoyuldu. Bu sənəd ölkəmizin dinamik inkişafını təmin etdi. Bütün bunlar sübut edir ki, Ümummilli Lider Heydər Əliyev öz fəaliyyəti ilə əsl etalon yaradıb. Bu gün Heydər Əliyevin ideyaları Azərbaycanın inkişafının əsas hərəkətverici qüvvəsi rolunda çıxış edir ölkəmiz daim yüksək uğurlara imza atır".

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 3 oktyabr.- S.10.