BMT Xankəndiyə Ağdamdan gəldi

 

Nəhayət, 30 ildən sonra Azərbaycana gələn BMT-nin missiyası Ağdamdan keçərək Əsgəran-Xankəndi istiqamətində hərəkət edib...

Xatırladaq ki, BMT ilə fəal qarşılıqlı əlaqəmiz Ermənistanın təcavüzü nəticəsində başlamışdır. 1992-ci ilin martında BMT- üzv qəbul edilən Azərbaycan  BMT- müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etmişdir. O zaman BMT-nin nümayəndə heyəti Azərbaycanın müraciətinə əsasən regiona səfər  etmişdi.

1993-cü ildə Təhlükəsizlik Şurasının beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam qeyd-şərtsiz çıxarılması tələbi ilə 4 qətnaməsi qəbul olunmuşdu.  Adətən, bu mühüm beynəlxalq təşkilatın qətnamələri çox qısa müddət ərzində icra edilir. Lakin Azərbaycana gəldikdə, BMT-nin qərarları icra olunmamış qaldı...

BMT-nin qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasətini davam etdirərək yeni ərazilərimizi işğal edərək xarabazara çevirməkdən çəkinmədi. Şəhərlərimiz, kəndlərimiz böyük dağıntılara məruz qaldı. İşğalçı dövlət tarixi abidələrimizi məhv etdi, dini ocaqlarımızı dağıtdı, tərəfdaşları ilə təbii sərvətimizi qanunsuz istismar edərək gəlir götürdü. Torpaqlarımızda qanunsuz məskunlaşmalar apardı. Dövlətimiz dəfələrlə bu beynəlxalq təşkilata müraciət edərək işğalçı dövlətin qanunsuz fəaliyyətinin nəticələri ilə tanış olmaları, törədilən vandalizmi yerində görmələri üçün regona nümayəndələrinin səfərlərinin təşkil olunmasını xahiş etsə , Ermənistan himayədarları buna əngəl oldular.

Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədrlik edirdi. Onlar özləri qəbul etdikləri qətnamələrin icra olunması üçün nəinki səy göstərdilər, hətta bunun əksi olaraq problemin dondurulması, status-kvonun saxlanması üçün bütün imkanlarından istifadə etməyə çalışdılar. Əfsuslar olsun ki, 28 il ərzində problemin həllində vasitəçilik edən Minsk qrupu Azərbaycanın çoxsaylı israrlı xahişlərinə rəğmən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini gündəliyə gətirmədilər. Əvəzində Ermənistana hərbi yardım göstərdilər. Cəzasızlıq isə azğınlaşmış Ermənistanı müharibəyə, yeni əraziləri işğal etməyə həvəsləndirirdi. Dövlətimizin başçısının dediyi kimi, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən ya bunu etmək istəməyənlərin üzərinə düşür.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirərək ədaləti  bərpa etdi. Bildirək ki, BMT-nin Nizamnaməsinin 51-ci maddəsi hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Biz beynəlxalq hüququn normalarına uyğun olaraq öz ərazi bütövlüyümüzü bərpa etdik...

Dövlətimiz hər zaman şəffaflığın təmin olunmasına xüsusi önəm verir. Sentyabrın 19-da Qarabağda lokal xarakterli antiteror əməliyyatı başlamazdan öncə ölkəmizdə fəalliyyət göstərən diplomatik korpusun beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağa səfərləri təşkil edildi. Məqsəd səfər iştirakçılarının mövcud vəziyyəti reallıqları görüb dəyərləndirməsi idi.

Sentyabrın 19-20-də aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra da Azərbaycan ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların, diplomatik korpusun nümayəndələrinin bir daha Qarabağa səfərini təşkil etdi. Eyni zamanda dövlətimiz BMT-nin müvafiq qurumlarını da Qarabağ bölgəsinə səfərə dəvət etdi. Yəni rəsmi Bakı heç vaxt həqiqətləri olduğu kimi göstərməkdən narahat olmayıb. Ümid etmək olar ki, BMT-nin Qarabağa səfər etmiş  bu missiyası da Azərbaycana əlavə dividendlər qazandıracaq.

Hazırda bu missiyanın səfəri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında,  BMT Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçirilir. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Tərkibində BMT-nin müxtəlif qurumlarının üzvləri olan heyət üzvlərinə, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrindən  müsadirə edilmiş  külli miqdarda silah-sursat arsenalı, minaların  yaratdığı  təhlükələr   nümayiş etdirilir.

Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazır olduğunu bildirmişdi.

Bu yerdə daha mühüm bir məqamı da yada salmaq yerinə düşər. Dövlətimizin başçısı İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən xüsusi olaraq vurğulamışdır:  " ... bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var. Bildiyiniz kimi, UNESCO ilə təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz, ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq mənim bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir". 

"Xain xoflu olar", deyiblər. 30 il işğal etdikləri əraziləri xarabazara çevirən Ermənistanın "əl işləri", etdikləri vandallıqlar göz qabağındadır. Azərbaycan isə işğaldan azad olunmuş  bu torpaqlara yenidən həyat verir, qurur, yaradır, yol salır, işıq çəkir... 35 il silahların "danışdığı" Qarabağı cənnətə döndərmək, sülh, sevgi diyarına çevirməkdir...

Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ölkəsinin Azərbaycanın evsahibliyi etməyə hazır olmasından məmnunluğunu bildirdi. İnanmaq istərdik ki, missiya  öz işini başa vurduqdan sonra həqiqətləri deyəcək, biz məmnun olacağıq.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 3 oktyabr.- S.10.