Fransada böhran

 

Öz sadə problemlərini həll edə bilməyən bu ölkənin hakimiyyət orqanları başqalarının işinə burun soxurlar

Fransada ictimai nəqliyyat, xəstəxanalar, kitabxanalar, təhsil müəssisələri, polis məntəqələri digər yerləri yataq bitləri basıb. Həşəratların işğalı mövzusu son günlər Fransa mediasının səhifələrini tərk etmir.

Ölkənin hakimiyyət orqanları müxtəlif səviyyələrdə toplantılar çağırır, bitlərə qarşı mübarizə planları haqqında danışırlar.

Hələ yayda Parisin "Şarl de Qoll" hava limanının gözləmə zonasında həşəratların tapıldığı barədə məlumatlar yayılmışdı. Sonra onlara təkcə sakinlərin evlərində deyil, xəstəxanalarda, kinoteatrlarda, kitabxanalarda, həmçinin metro vaqonlarında, avtobuslarda qatarlarda da rast gəlinməyə başlandı. KİV-in məlumatına görə, yay aylarında Fransada zərərvericilərə qarşı mübarizə üçün müraciətlərin sayı keçən illə müqayisədə 65 faiz artıb.

Fransanın ictimai nəqliyyatında bütün oturacaqlar həşəratların özlərini əla hiss etdiyi yumşaq tekstil üzlükdən hazırlanır. Böhran ötən həftə kulminasiya nöqtəsinə çatıb, o zaman istifadəçilər sosial şəbəkələrdə metroda aşkar edilən sürünən canlıların videolarını aktiv şəkildə yayımlamağa başlayıblar. İndi əksər sərnişinlər çox da geniş olmayan vaqonlarda ayaqüstə dayanmağa üstünlük verirlər.

Fransa Səhiyyə Nazirliyinin rəhbəri Orellan Russo vətəndaşları paytaxtın bitlər tərəfindən zəbt edilməsi ilə bağlı təşviş yaratmamağa çağırıb. Bir neçə aydan sonra Paris Olimpiya Oyunlarına evsahibliyi edəcək bu cür "reklam" ölkənin imicinə ciddi ziyan vura bilər.

Parlament artıq həşəratlarla mübarizə ilə bağlı qanun layihəsi hazırlamağa söz verib nəqliyyat naziri Kleman Bon nəqliyyatda "böyük təmizlik işləri" aparacağını vəd edib. Axı, Olimpiada zamanı logistikaya görə məhz o məsuliyyət daşıyacaq.

Fransada bu problem yeni deyil, dişləyən parazitlərin fransızların həyatına daxil olması tendensiyası uzun illər Qida Təhlükəsizliyi, Ətraf Mühit İş Sağlamlığı üzrə Milli Agentlik tərəfindən izlənilir (Anses). Məlumata görə, ölkədə hər onuncu ailədə çağırılmamış "sakinlər" var.

Son məlumata görə, Fransada beş məktəb bitlərin yayılması səbəbindən bağlanıb. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Söhbət Marseldə, eləcə Vokluz, Rone, Vosges Saone-et-Luara kommunalarında təhsil müəssisələrindən gedir. Bu günlərdə daha iki məktəb Strasburqda bağlanıb. Digər məktəblərdə, o cümlədən Parisin 12-ci rayonundakı liseydə bitlərin olması aşkar edilib. Oktyabrın 21-də başlayacaq məktəb tətilləri zamanı binaların dezinfeksiya edilməsi planlaşdırılır.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2023.- 12 oktyabr, № 222.- S.10.