Yurdu yaşadan cəngavərlər

 

44 günlük Vətən müharibəsindən  əvvəl savaş  istəmirdim.  Döyüşün qan qoxusunu oğullarımıza yaxın buraxmamaq hissindən yaxa qurtara bilmirdim. Anayam, axı! Analar müharibə istəmirlər. Analar övlad itkisinə dözə bilmirlər. Oğul yolu gözləməkdən bağrı çatlayan, ürəyi dayanan analar olub. Oğlu II Dünya müharibəsindən dönməyən  90-100 yaşlı ana var ki, hələ qulağı səsdə, gözü yoldadır.

Müharibə istəməməyimin ikinci bir səbəbi var idi. Bəzən söz düşəndə, yaxud  müharibə haqqında soruşanda bir şübhəmi ortaya qoyurdum. Deyirdim ki, müharibə başlasa, döyüşə kasıb balaları gedəcək, varlı-imkanlı ailələrin övladları kənarda qalacaq, öz keflərində olacaqlar. Ölkədə çox adam belə düşünürdü. (Varlı-kasıb balaları arasında  seçim aparanlara indi ara-sıra rast gəlmək olur). Amma indi bunun səhv olduğunu etiraf edirəm. 44 günün savaşı göstərdi ki, Vətən həm imkanlı ailələrdə böyüyən övladlar üçün  əziz, doğma imiş. Savaş günlərində bunu  sübut edən xeyli fakt sadalaya bilərəm.

Vətən millətin doğulduğu, doyduğu, sığındığı maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Çünki biz onun sayəsində inkişaf edir yetkinləşirik. Evini qorumayandan, ailəsinə biganə qalandan  ölkə vətəndaşı, "vətən daşı" olar. Vətən müharibəsi sübut etdi ki, böyük-kiçikliyindən, qadın-kişiliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu torpaq uğrunda can verməyə qadirdir bunu özünə  şərəf sayır.

Vasif Rasif Alıyev qardaşları Vətən sevgisindən yoğrulan, Azərbaycan adını, torpaq andını uca tutan qardaşlardır. Torpağı Vətən edən bir millətin  cəsur oğullarıdır. Vasif Rasif qardaşları bu millətin  demək olar ki, "şah damarı"  hesab edilən işğal altındakı Qarabağ torpaqlarının azadlığı uğrunda 44 gün döyüşüblər. Düşmən Qarabağı işğal edəndə onlar körpə idilər. Hələ  bu dünyada Qarabağ adında bir Vətən torpağının mövcudluğundan  xəbərləri yox idi. Amma qanla keçən, ana südü ilə içilən Vətən sevgisi, torpaq eşqi onları şərəfli, məğrur, dönməz cəsur etdi.

Gün gəldi ki, həmin şərəfin işığında əllərində silah düşmənə qarşı döyüşdülər, müharibənin ən qaynar  nöqtələrində Vətəni qorudular. Analarının göz bəbəyi, atalarının ləyaqət ölçüsü olan bu Vətən oğullarının böyük ürəkləri,  möhkəm, əyilməz biləkləri  var. Mübarizlik ruhu 44 gündə döyüşdən-döyüşə atılan bu oğulların dəyanətinə, cəsarətinə yol açdı. Həmin günlərdə  döyüş yolunun başlanğıcındakı ilk addımı böyük qardaş atdı - Azərbaycan Ordusunun hərbçisi, "N" saylı hərbi hissənin giziri Vasif Alıyev.

Müharibənin birinci günündən döyüşə Füzulidən başlayan Vasifin kiçik qardaşı Rasif dözmədi. Tovuz rayon hərbi komissarlığına onu döyüşə göndərmələri üçün müraciət etdi. "Hələ sənə ehtiyac yoxdur,  lazım olarsa çağırarıq" deyən komissarlıq nümayəndəsinə verdiyi "qardaşım ordadı, mən istəyirəm döyüşüm, onun yanında vuruşum" cavabını verib durdu. Günlərlə komissarlığın binasından  aralanmadı, necə deyərlər, əməkdaşları sözün yaxşı mənasında "bezdirdi". Məqsədinə çatmaq üçün evlərinə getmədi, komissarlığın həyətində səhərləri dirigözlü açdı ki, qardaşını tək qoymasın. Nəhayət, beş gündən sonra  Rasiflə birlikdə bir qrup könüllü gənc müharibəyə yollandı. Qardaşlar yan-yana,  çiyin-çiyinə döyüşməsələr , bir-birinə yaxın olan məsafələrdən erməniyə qan uddurdular.

Heç kim ailəsini seçmir. Hərə bir ailədə dünyaya göz açır onun sonrakı taleyi aldığı tərbiyəyə, təhsilə, ətrafına bağlıdır. Vasif-Rasif qardaşlarının  ailəsi bu Vətənin, bu torpağın hər qarışını sevən, canını, qanını Vətənə qurban verməyə hazır olan övladlar tərbiyə edib. Həmin günlərdə  bütövlükdə azərbaycanlı gənclər müharibəyə getmək üçün "yarışa" durmuşdular. Hərbi komissarlıqların qarşısında Rasif kimi gecələyən oğlanlar çox idi. Hər kəs düşməni diz çökdürməyin həzzini yaşamaq istəyirdi.

Rasif hələ Tovuz döyüşləri zamanı çox həyəcanlı, evə-eşiyə  sığmayan düşüncələrlə gününü başa vururdu, döyüşə can atırdı. Məhz o günlərdə ürəyi ilə gözünün arasındakı məsafədə yuva quran Vətən sevgisi daha da böyüdü. Düşmənə nifrət hissi alovlandı. Vasifin  xidmət etdiyi hərbi hissədə ürəyi Tovuzda oldu, 4 gün davam edən döyüşün həyəcanını uzaqdan-uzağa  damarları ilə axan qanında, canında  hiss etdi. General Polad Həşimovun şəhid olmasından sonra hər iki qardaş möhkəm-möhkəm Vətən sevgisinə bürünüb qisas gününü gözləməyə başladılar.

Rasiflə Vasifin valideynləri bilirdilər ki, bir gün müharibə başlayacaq, bu xalq ayağa qalxıb torpaqlarını geri alacaq, qoyub gəldiyi yuvalarına  dönəcək. Bilirdilər ki, savaş başlayan kimi oğlanları durmayacaq, birbaşa döyüşə yollanıb Qarabağ torpağını düşməndən təmizləyəcəklər.  Doğulduqları  kənd Qarabağdan yüzlərlə kilometr aralıda olsa da, ürəklərində Qarabağ sevdası gəzdirən qardaşlar həyatın ən ağır sınağı olan Vətən müharibəsindən alnıaçıq, başıdik çıxdılar. Vasif  motoatıcı diviziyanın tərkibində döyüşürdü, Rasif  isə tankçı kimi düşməni diz çökdürürdü.

Qardaşlar Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa rayonlarının düşməndən azad olunmasında şücaət göstəriblər. Qarabağdakı döyüş ab-havasını birlikdə udub, birlikdə nəfəs alan bu igid  qardaşlar aldıqları orden-medeallarla fəxr edir, qürur duyurlar. Baxmayaraq ki, hər ikisinin evi, ailəsi ayrı-ayrı yerlərdədi, amma  "Füzulinin  azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda",  "Vətən müharibəsi iştirakçısı" medeallarını bir yerdə eyni qutuda saxlayırlar. Sanki demək istəyirlər ki, yenə birlikdə vətən keşiyində dayanıblar.

Müharibə imkanlı, imkansız tanımır. Avtomat gülləsi, top mərmisi, əl bombası, ən müasir silahlar prokuror oğlunu, ya da fəhlə, əkinçi oğlunu seçmir. Savaşdan sağ çıxmaq  Allahın lütfüdü. Şəhid, ya da qazi olmaq isə bir başqa duyğudu. Çox şükür ki, Alıyev qardaşları savaşda ağır yaralanmadılar,  od püskürən texnika, ən müasir  silah onlardan yan keçdi. Yüngül yara ilə "kifayətlənən"  Rasif  xəsarət aldı. Qürur hissi, fəxr duyğusu ilə "yüklənərək" qalib ordunun qalib əsgəri kimi evə döndü, yolunu gözləyən ailəsinin həsrətinə son qoydu.

Zəfərdən  sonra Vasif  xidmət etdiyi  hərbi hissəyə dönmədi, "N" saylı hərbi hissəsinin tərkibində 7 ay Qarabağ torpaqlarında  xidmət etdi.  Hazırda  22 ildi  xidmət etdiyi  hərbi hissədə vətənə qulluğunu  davam etdirir.  Rasif isə hələ "döyüşür". Qarabağ Şərqi Zəngəzurun  bərpa-quruculuq işlərində əmək sərf edir, özü sevə-sevə çalışır. 44 günlük savaşın qəhrəmanı indi bərpa-quruculuq "müharibəsində" qəhrəmanlıq göstərir...

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2023.- 12 oktyabr, ¹ 222.- S.11.