Ata vəsiyyətini yerinə yetirən, arzuları reallaşdıran Ali Baş Komandan

 

 

Azərbaycanın qədim və şanlı tarixində çox sayda dövlət başçıları və sərkərdələr olub. Onların hər biri Azərbaycan xalqının qarşısında xidmətlərinə görə tarixə düşüb, daim xatırlanır. Azərbaycan tarixində ən problemli məsələlərdən biri isə Qarabağla bağlı olub. Bu problemlə dünyanın ən nüfuzlu dövlətləri, təşkilatları, kiçik dövlətlər belə maraqlanıb, hətta Qarabağla bağlı fikir və mülahizələr söyləyiblər.

Hələ XVIII əsrdə belə bir fikir var idi ki, bu ərazilərdə  erməni,  xristian dövləti yaratmaq olar.  Amma II Yekaterinanın ölümü çar Rusiyasının Qarabağla bağlı arzu və istəklərini yarımçıq qoydu və bu fikri müdafiə edən, uğrunda mübarizə aparan ermənilər bu arzu və istəklərini reallaşdıra bilmədilər. Ən nəhayət, çarizmin Cənubi Azərbaycan torpaqlarını, o cümlədən müstəqil Azərbaycan xanlıqlarını işğal etməsi, Qarabağ xanlığı ilə Kürəkçay müqaviləsi imzalaması, daha sonra Gülüstan və Türkmənçay müqavilələrinin bağlanması ilə Şimali Azərbaycan torpaqları çar Rusiyasının əlinə keçdi. Bu, ermənilərə imkan verdi ki, on minlərlə erməni həm Cənubi Azərbaycan, həm də Osmanlı torpaqlarına köçürülsün.  Hətta köçürmə komissiyasına rəhbərlik edən general Lazarev mənşəcə erməni idi. O, ermənilərə müraciətində deyirdi ki, sizin üçün təzə vətən tapmışıq. Bu yeni vətən haradır? Qarabağdır, Naxçıvandır, təbii ki, İrəvan torpaqlarıdır. Qısa müddət ərzində yüz minlərlə erməni Azərbaycan torpaqlarına köçürüldü. Burada demoqrafik vəziyyət dəyişildi və azərbaycanlı əhalinin torpaqları zorla əllərindən alınıb ermənilərə verildi. Beləliklə, azərbaycanlıların faciəli və dəhşətli tarixi başladı. 1918-20-ci illərdə mövcud olan Xalq Cümhuriyyəti də Qarabağla bağlı mümkün olanları etdi. Qarabağ general-qubernatorluğunu yaratdı və buradakı-erməni separatçılarının böyük hissəsini ərazidən uzaqlaşdırdı. Amma bolşevik işğalı Qarabağla bağlı erməni iddialarına birdəfəlik son qoyulmasına imkan vermədi.

Sovet dönəmi, əslində, Azərbaycan xalqı üçün yeni faciələr yaratdı. Bu faciələrin ən birincisi  isə sovet Rusiyasının bilavasitə rəhbərliyi ilə 1923-cü ildə Azərbaycanın Qarabağ torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması oldu. Bu qara yara Azərbaycanı içəridən dağıtmaq, həmişə narahat etmək üçün ermənilərin, sovet Rusiyasının əlində bir qılınc idi. Doğrudan da, 70  illik sovet dönəmində ermənilər imkan düşən, şərait yaranan kimi Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsini dövlət, Moskva səviyyəsində tələb edirdilər. Amma sovet dövləti buna razılıq vermirdi, çünki bu, SSRİ-ni dağıda, zəiflədə bilərdi və ona görə də hər dəfə bu məsələ təxirə salınırdı. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində sovet dövlətinin zəifləməsi və süqutu ermənilərə imkan verdi ki, onlar Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirməyə cəhd göstərsinlər. Azərbaycan dövlət müstəqilliyini bərpa edən ərəfədə erməni silahlı dəstələri, xaricdəki havadarları sovet rəhbərliyinin bilavasitə xeyir-duası ilə Azərbaycana qarşı müharibəyə başladılar. Azərbaycan torpaqlarının 20 faizi işğal olundu. Azərbaycanlı əhali həm Qərbi Azərbaycanı, həm də Qarabağı və ətrafındakı torpaqları belə tərk etməyə məcbur  edildi. Bir milyon insan qaçqın və köçkün həyatı yaşamağa başladı.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda qardaş qırğınını, vətəndaş müharibəsini dayandırdı və müstəqil Azərbaycan yavaş-yavaş çətinlikləri aradan qaldıraraq, ərazi bütövlüyünü təmin etmək üçün mümkün olanları etdi. Amma bizim mübarizəmiz və müharibəmiz təkcə Ermənistanla deyildi. Ermənistanı müdafiə edən qüvvələr o qədər çox idi ki, hətta BMT Təhlükəsizlik Şurasının ermənilərin torpaqlarımızı işğalı ilə bağlı dörd qətnaməsi də yerinə yetirilmirdi.  ATƏT-in Minsk qrupu da uzun illər ərzində, sadəcə, Azərbaycana turist səfərləri edir, yalnız tövsiyələr, təkliflər verirdi. Bu təkliflərin əksəriyyəti də Azərbaycanın ərazi bütövlüyünün əleyhinə idi.

2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə İlham Əliyev prezidentliyə namizəd oldu və bütün xalq onu dəstəklədi. Hakimiyyətə gələn İlham Əliyev Azərbaycan iqtisadiyyatı, təsərrüfatı, xarici siyasəti, ümumiyyətlə, bütün sahələrdə uğurlar qazandı və bunlarla bağlı kifayət qədər əsərlər yazılıb.

Amma tarixçi olaraq bir məsələnin üzərində xüsusi dayanmaq istəyirəm.

İlham Əliyev Azərbaycan dövlətçilik tarixində zirvədir. Çünki XVII əsrdən sonra Qarabağla bağlı erməni iddiaları, erməni iddialarını reallaşdırmaq üçün 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Qarabağın Azərbaycandan ayrılması, azərbaycanlı əhalinin öz evlərindən didərgin salınması, Qarabağdakı Azərbaycan tarixi, dini abidələrinin məhv edilməsindən sonra İlham Əliyev Azərbaycan dövlətçilik tarixində ilk dəfə olaraq, 2020-ci ildə 44 günlük müharibə ilə erməniləri darmadağın etdi və Qarabağı düşməndən azad etdi. Düşmən ilk dəfə Azərbaycanın gücünü, Azərbaycan Ordusunun qəhrəmanlığını, Azərbaycan Prezidentinin cəsarətini, inadkarlığını və təcrübəsini gördü. Bu, təbii ki, Qarabağın tarixində ilk hadisə idi.

Ermənistanı müdafiə edən havadarları 44 gün ərzində əllərindən nə gəldisə etdilər, ancaq Azərbaycan Prezidenti bir addım belə geri çəkilmədi, o qələbə üstünə qələbə gətirdi. İşğaldan azad edilən kənd və şəhərlərin sayı hər gün artdı və sonda isə Şuşanın azad edilməsi dövlət başçısının ən böyük uğuru, ən böyük qəhrəmanlığı və zəfəri oldu.

Prezident İlham Əliyev bununla da kifayətlənmədi. Erməni məkrinin kökünü kəsmək, ermənilərin azərbaycanlılara qarşı törətdiyi təxribatları birdəfəlik sona çatdırmaq üçün 2023-cü ilin sentyabrında antiterror əməliyyatı həyata keçirməklə bütün Qarabağda Azərbaycanın suverenliyini təmin etdi, Vətən bütövləşdi.

1923-cü ildə bu ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti adlı bir bədnam qurum yaradılmışdı. 100 ildən sonra isə həmin qurum tarixdən silindi. Bu, Azərbaycan tarixi üçün ən böyük hadisədir və bu hadisələrin də qəhrəmanı birmənalı olaraq dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevdir.

Üç il ərzində Azərbaycan Ermənistana sülh müqaviləsi imzalamaq üçün müraciətlər edib  və bu məqsədlə dünyanın ayrı-ayrı mötəbər şəhərlərində görüşlər də baş tutub. Amma erməni tərəfi belə başa düşürdü ki, nə vaxtsa Qarabağı geri qaytara biləcək. Ancaq bu il sentyabrda olan birgünlük antiterror əməliyyatı ermənilərin bütün arzu - istəklərini məhv etdi və dünya erməniləri bununla başa düşdülər ki, Azərbaycanın dövlət başçısı heç bir zaman geri çəkilməyəcək və geri çəkilmək xarakterində olan bir adam deyil.

2023-cü ildə Qarabağ probleminin həll olunması Heydər Əliyevin 100 illiyinə Azərbaycanın dövlət başçısının ən böyük töhfəsidir. Çünki vaxtilə Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi ki, O, İlham Əliyevə inanır. İnanır ki, İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin edəcək və işğal altında olan bütün torpaqlar azad olunacaq. Ali Baş Komandan həm ata vəsiyyətini yerinə yetirdi, həm də Ümummilli Lider Heydər Əliyevin arzularını reallaşdırdı. Bu gün həm Ulu Öndərin, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların ruhları şaddır. Onlar Vətən üçün əllərindən gələni etdilər və son olaraq Ali Baş Komandan bütün Azərbaycan xalqını və Azərbaycanı istəyən insanların arzu və istəklərini reallaşdırdı. Azərbaycan xalqı bu gün xoşbəxtdir, ona görə ki, onun güclü, dünyanın nəhəng dövlət xadimləri ilə müqayisə olunan dövlət başçısı var. Prezident İlham Əliyevin 2003-cü  ildə hakimiyyətə gələrkən ilk sözü bundan ibarət olmuşdu ki, o, bütün Azərbaycan xalqının Prezidenti olacaq. Bəli, cənab İlham Əliyev  bütün Azərbaycan xalqının Prezidentidir.

 

Anar İSGƏNDƏROV,

Milli Məclisin deputatı

Azərbaycan.-2023.- 15 oktyabr, № 225.- S.14.