Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələsi

 

"18 Oktyabr -Müstəqilliyin Bərpası Günü Azərbaycanda hər bir vətəndaş üçün əziz gündür. SSRİ-nin süqutu digər postsovet ölkələri kimi Azərbaycan Respublikasının da müstəqilliyinə qovuşmasını şərtləndirmiş oldu".

Bu sözləri "Azərbaycan" qəzetinə Müstəqilliyin Bərpası Gününün 32-ci ildönümü ilə bağlı danışarkən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, digər ölkələrdən fərqli olaraq, Azərbaycan öz müstəqilliyinə çox ciddi problemlərlə qovuşub. Ermənistanın təcavüzü işğalçılıq siyasəti fonunda müstəqilliyinə qovuşan dövlətimizi qarşıda həll etməli olduğu bir sıra mühüm məsələlər gözləyirdi. Lakin həmin dövrdə ölkədə yaranan qeyri-müəyyənlik, daxili siyasi xaos gələcəyə çox da ümidlə baxmağa imkan vermirdi. Buna baxmayaraq, 1991-ci il oktyabr ayının 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası işə başladı bir neçə gün davam edən müzakirələrdən sonra, oktyabrın 18-də Ali Sovetin iclasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Həmin dövrdə Azərbaycan Ali Sovetinin 360 deputatından 331-i Konstitusiya Aktının qəbul olunmasının lehinə səs verdi.

 E.Mirbəşiroğlu qeyd edib ki, 2021-ci  ildən etibarən oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir. Bu gün özündə həm Azərbaycan dövlətçilik tarixinin çox mühüm bir mərhələsini ifadə edir. "Belə ki, Konstitusiya Aktında göstərilir ki, müasir müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Yəni Müstəqilliyin Bərpası Günü o anlamı ifadə edir ki, Azərbaycan Respublikası müstəqil dövlət kimi mövcud olub, 1991-ci il oktyabrın 18-də isə bu müstəqillik yenidən bərpa edilib. Müstəqilliyin Bərpası Günü Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunu, Şərqdə ilk demokratik respublika olaraq qurulduğunu təsdiqləyir. 1991-ci ilin dekabrında ölkədə ümumxalq səsverməsi, yəni referendum keçirildi. Bu referendumda iştirak edənlərin 95 faizi ölkənin müstəqilliyinə, suverenliyinə səs verdi. Bununla da Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşdu", - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, həmin dövrdə Azərbaycandakı qeyri-sabitlik, daxili xaos ölkənin müstəqilliyini təhlükə ilə üzləşdirdi. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində vacib addımlar atıldı. Daxili siyasi xaosa son qoyuldu, qeyri-müəyyənlik aradan qaldırıldı, ölkənin inkişaf strategiyası müəyyənləşdirildi.

E.Mirbəşiroğlu deyib ki, vaxtilə Heydər Əliyevin atmış olduğu addımlar müstəqilliyin dönməz olmasını şərtləndirdi: "Prezident İlham Əliyev hər zaman vurğulayır ki, Ulu Öndərin sayəsində Azərbaycanın resursları, düzgün müəyyənləşdirilmiş siyasi xətti ölkənin müstəqilliyini davamlı olaraq möhkəmləndirdi. Dövlət başçısının yanaşması ondan ibarətdir ki, dövlət güclü olmadan tam mənada müstəqil ola bilməz. Azərbaycan bu gün dünyanın ən güclü dövlətlərindən biridir, tam müstəqil, milli maraqlarına uyğun siyasət həyata keçirir.  Artan gücümüzə müvafiq olaraq dövlət müstəqilliyimiz davamlı olaraq möhkəmlənir.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.8.