Qalibiyyətin təntənəsi

 

"Neçə illər əvvəl Azərbaycan bayrağına xitabən yazılmış şeirin bir misrasını xatırlayıram - "Olsun bu Vətən torpağı başdan-başa bayraq!" İllərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımız dalğalandı. Qalibiyyətin, Azərbaycan Ordusunun qüdrətinin nəticəsi kimi!"

Böyük zəfərə aparan yol bütün ərazilərimizdə suverenliyin təmin olunması ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Səbinə Xasayeva qəzetimizə açıqlamasında bildirib ki, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. Azərbaycan diplomatiyası işğalı sonlandırmaq üçün illərlə mübarizə apardı, işğalçı dövlət isə danışıqlardan yayındı. Azərbaycan sonda məsələni güc yolu ilə həll etdi. İşğaldan azad edilən ərazilərdə dövlət bayrağımız dalğalandı. Bu, sonrakı döyüşlər üçün böyük mənəvi dəstək, yüksək əzm, qələbə ruhu oldu. Tarixi zəfərdən sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə çıxışlarında deyirdi ki, suverenliyimiz tam bərpa ediləcək.

Dövlət başçısı tarixi zəfərdən sonra işğaldan azad edilmiş bütün rayonlarda oldu,  həmin ərazilərdə quruculuq işlərinin aparılmasına sərəncamlar verdi. Nəhayət, oktyabrın 15-də Prezident Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağını qaldırıldı. Bu, bütün soydaşlarımızda, Azərbaycanı sevənlərdə böyük qürur yaratdı. 

Vətən müharibəsində hər döyüş bizi illərlə arzuladığımız günə yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlət başçısı Azərbaycan bayrağını o vaxt işğal altında olan torpaqlarda, bütün şəhər kəndlərdə qaldıracağını bildirmişdi.

"Azərbaycan torpağında heç bir tarixi, coğrafi siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu 100 il ərzində xalqımız böyük əzab görüb, tarix bizi ağır sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qaldıq. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, mənəvi dəstək göstərmədi. Bütün əsas güclər Ermənistanın arxasında idi. Ancaq Azərbaycan haqqa, ədalətə, xalqın gücünə, ordunun qüdrətinə güvəndi. Bu güvən isə tarixi zəfərlə tamamlandı", - deyə deputat bildirib. 

Deputatın sözlərinə görə, Vətən müharibəsində Prezident İlham Əliyevin xalqa müraciətləri xalqda inam yaradırdı. Xalq bu müraciətlərdən tezliklə növbəti qələbə sorağını gözləyirdi. Bu, oldu. Kəndlər, qəsəbələr, rayonlar işğaldan azad edilirdi, Prezident bu sevinci, bu qüruru xalqa böyük qürurla çatdırırdı.

Zəfərdən üç il sonra Prezident İlham Əliyev Xankəndidə çıxışında dedi: "Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir əminəm dünya ictimaiyyəti yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi…"

Deputat bildirib ki, bu kəlmələr bütün azərbaycanlıların düşüncələrini Vətən müharibəsinə bir daha köklədi. Bu da ölkənin qüruru oldu. Prezident 20 il öncə xalqına verdiyi vəzifə borcunu xatırlatdı. Həmin zaman dövlət başçısı Azərbaycan bayrağının işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər kəndlərdə qaldırılmasını vəzifə borcu kimi müəyyənləşdirmişdi.

S.Xasayevanın sözlərinə görə, Prezidentin Xankəndidə söylədiyi "Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik fikirləri hər kəsdə qürur hissi yaşadıb: "Bu qürur dünyəvi qürurdur, bəşəri qürurdur. Prezident İlham Əliyev məhz oktyabrın 15-də Xankəndidə dövlət bayrağımızı dalğalandırmaqla Azərbaycan xalqının qalib ruhunun dönməzliyini dünyaya bir daha bəyan etdi".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.10.