Şeyxülislam Allahşükür Paşazadə Misir müftisi ilə görüşüb

 

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasının paytaxtı Qahirədə oktyabrın 17-də Misirin müftisi, Dünya Fətva Heyətləri Baş Katibliyinin rəhbəri Şövqi Əllamla görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu bildirən Şövqi Əllam rəhbərlik etdiyi qurumun VIII Forumu, toplantıda müzakirə ediləcək məsələlər barədə geniş məlumat verib.

Misir müftisi qeyd edib ki, Forumda Dünya Fətva Heyətləri Baş Katibliyinin fəaliyyətinə verdiyi töhfələrə görə şeyxülislam Allahşükür Paşazadəİmam Qarafiordeni ilə təltif olunacaq.

Şeyxülislam A.Paşazadə öz növbəsində bildirib ki, Misirə növbəti dəfə səfər etmək qardaşı Şövqi Əllamla yenidən görüşmək imkanına görə Allah-taalaya dualar edir. QMİ sədri sülhə əmin-amanlığa böyük ehtiyac duyulduğu dövrdə Qahirədə belə bir Forumun keçirilməsini mühüm hadisə adlandırıb tədbirin işinə uğurlar arzulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov da iştirak edib.

 

 

Azərbaycan.-2023.- 19 oktyabr, № 228.- S.11.