Zəngilanlıların yaddaş tarixi

 

Bu gün Zəngilanın işğaldan azad edildiyi gündür. 20 oktyabr Azərbaycan xalqının qürur duyduğu tarixlərdəndir. Azərbaycan xalqının şərəf qürurunu, ləyaqət vicdanını gələcək nəsillər üçün aydınlaşdıran bir gündür oktyabrın 20-si. Zəngilanın erməni faşizmindən azad edilməsi bütövlükdə Azərbaycanın şanlı Zəfər tarixinin silinməz salnaməsidir.

1993-cü il oktyabrın 29-da işğal edilən Zəngilan 27 il sonra eyni ayda, sadəcə 9 gün fərqlə düşməndən təmizləndi. Rayonun işğal tarixi yerini azadolma tarixinə verdi. Həmin gün qazanılan qələbə ordunun gücü Ali Baş Komandan İlham Əliyevin milli maraqlara söykənən qətiyyətli dönməz siyasətinin nəticəsi idi. 2020-ci ilin 20 oktyabrı Zəngilandan köçkün düşənlərin məcburi köçkün adından qurtulduqları gündür. Zəngilanlıların 27 illik həsrətinə son qoyduğu zamandır. İllərlə axıdılan acı göz yaşlarının sevinc göz yaşları ilə əvəzləndiyi tarixdir. Bu tarix bütövlükdə azərbaycanlıların əziz unudulmaz günüdür.

Xoş xəbər, xoş söz insanın üzündə təbəssüm yaradır, gözünün işığını artırır, ömrünü uzadır, taleyinə silinməz naxış vurur. Üstəlik bu xəbəri verən şəxsin kim olduğu məlum olanda həmin duyğular aşıb-daşır, qarşısıalınmaz hisslərə çevrilir. 44 günlük savaş günlərində biz belə xəbərləri Ali Baş Komandandan gözləyirdik. Prezident İlham Əliyev həmin günlər xoş xəbər carçısı kimi bitməz-tükənməz sevgimizi qazanmışdı. Təbii ki, bu sevgi Ali Baş Komandanımıza ana südü kimi halal idi. 2020-ci ilin 20 oktyabr günü tarixə yazılan xəbəri Prezident belə vermişdi: "Əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram. Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə daxil olub, girib yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir"!

Prezident İlham Əliyev bir neçə ay əvvəl bütün bu səmimi hisslərə, xoş duyğulara, əbədi sevincə təbəssümə daha bir silinməz möhür vurdu. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" iyulun 31-də imzaladığı sərəncamla oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd olunacaqdı. Biz bu gün bir daha qələbə qürurunu yaşayır, sevincimizi bölüşürük. Bundan qürurlu ola bilər ki?!

Zəngilan işğal illərində yerlə-yeksan olunmuşdur. Ermənistanın faşist ordusu rayondakı tarixi abidələri, mədəniyyət ocaqlarını, məscid qəbiristanlıqları, eləcə yaşayış məntəqələrinin əksəriyyətini, sosial-iqtisadi infrastrukturları dağıdaraq vəhşi xislətlərini ortaya qoymuşdular. 30 il davam edən bu vəhşiliyə Azərbaycan xalqı, onun Prezidenti, Silahlı Qüvvələri cəmi 44 günə son qoydu. Zəngilan torpağının işğaldan azad edilməsində Müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgər zabitləri gələcək nəsillər üçün örnək oldular. Bu örnək Zəngilanın işğaldan azad olunma tarixini, Zəngilan Şəhəri Gününü qeyd edən nəsillərin yaddaşına hopacaq. Hər ildönümdə xatirələri həmişə əziz tutulan unudulmaz şəhidlər bir daha yad olunacaq, ruhları qarşısında baş əyiləcək.

Bu gün Zəngilanda Azərbaycan bayrağı dalğalanır. Həmin bayraq altında Azərbaycanın bu dilbər guşəsində sürətlə bərpa-quruculuq işləri aparılır. 27 il ərzində erməni barbarlarının viranə qoyduqları Zəngilan torpağı tikinti-quruculuq meydanına çevrilib. Cəmi 3 il əvvələ qədər həyatın söndürüldüyü bu ərazinin çox yerləri bu gün cənnətməkana bənzəyir. Bir çox yaşayış məskənində müasir infrastruktur qurulub, "ağıllı kənd" Ağalı salınıb. Zəngilan Beynəlxalq Hava Limanı regionun inkişafını sürətləndirir. Maraqlıdır ki, Böyük qayıdışa məhz Zəngilanda "ağıllı kənd"in tikintisi ilə start verilib. Ağalı kənd meydanında sülhün əbədi təmin olunmasını təcəssüm etdirən "Göyərçin" abidə-fəvvarə kompleksi yaradılıb.

İlham Əliyevin Zəngilana hər səfəri onu göstərir ki, rayon özünün yeni dövrünə başlayır. Bura ölkəmizin ən abad rayonlarından biri olacaq. Yeni yolların çəkilişi, kənd şəhərlərin salınması, müasir texnologiyaların, innovasiyaların tətbiqi, kənd təsərrüfatının dirçəldilməsi sürətlə Zəngilanın simasını dəyişir. Dünya burada aparılan yeniliklərin şahididir. Təsadüfi deyil ki, bu il sentyabrın 29-da 2-ci Azərbycan Milli Şəhərsalma Forumu Zəngilanda keçirilib. Beynəlxalq tədbirin açılışında çıxış edən Prezident Zəngilanın gələcəyi haqqında danışarkən bu fikirləri söylədi: "Bu şəhərin baş planı artıq təsdiq edilib. Biz infrastruktura böyük vəsait ayırmışıq, bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bura turistlər tərəfindən ən çox sevilən bölgə olacaq".

Zəngilanın bugünkü dirçəlişi, 2800 məcburi köçkünün evinə dönməsi, ilin sonunadək bu rəqəmin 5300-ə çatdırılacağı deməyə əsas verir ki, tarixə qürur şərəf günü kimi yazılan 20 oktyabr qarşıdakı illərdə daha təntənə ilə qeyd ediləcək. Zəngilan Şəhəri Günü zəngilanlılar üçün yaddaş tarixidir. Onlar bu tarixi ildə bir gün deyil, bir ömür yaşayacaqlar.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2023.- 20 oktyabr, № 229.- S.9.