Əsgəran sakini: Vaqif Xaçaturyan qəddarlığı ilə seçilən 7 nəfərdən biri idi

 

 

Vaqif Xaçaturyan Xocalı rayonunun Badara kəndində qəddarlığı ilə seçilən 7 nəfərdən biri olub.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Xocalı rayonunun Əsgəran qəsəbəsinin sakini Şamil Kazımov deyib.

O, müsahibəsinə belə davam edib: "Meşəli kəndində doğulsam da, sonradan Əsgərana köçmüşük. O elə bir kənddir ki, mövqeləri, giriş-çıxışı kənardan gələn bilmirdi.

Kənddə qoçaq, qorxmaz, sayılıb-seçilən, yaxşı atıcılıq qabiliyyəti olan kişiləri tanıyırdılar. Bilirdilər ki, həmin adamları öldürməsələr, onlar kəndin sakinlərini xilas edəcəklər. Kəndə Novruz kişi başçılıq edirdi. Çox qoçaq adam idi. Birinci onun evini yandırdılar. Oğlu polis idi, cəsurluğu ilə seçilirdi, onu da öldürdülər. Xəlil əmim ovçu idi, atıcılığı yaxşı idi, onu aradan götürdülər. Sayılıb-seçilənlərdən olan Hüseyn kişini onun yoldaşını da öldürdülər. Bunlar hamısı planlı şəkildə törədildi. Qardaşım Ramil Kazımov polis mayoru idi. Hələ Meşəli hadisələrindən iki il əvvəl içində Vaqif olmaqla yeddi erməni qardaşımı güllə ilə yaralamışdı. Onlardan Armais, oğlu Spartak, Ernes, Kolyanın adı yadımda qalıb. Meşəli hadisələri zamanı qardaşımın döyüşkənliyi ilə seçilən qonşusu Mikayılın evini pulemyotla nəzarətdə saxlayırdılar. İkisinə imkan vermədilər ki, kənd camaatına kömək eləsinlər. Beləliklə əsas adamları aradan götürəndən sonra kəndə təşviş düşdü. Ondan sonra kəndə od vurdular. Novruz kişini ailəsi ilə birgə evində yandırdılar. Meşə təsərrüfat idarəsində işləyən Əvəz kişinin evini kül etdilər. Heç kimə aman vermədilər. Körpələr belə yandı o evlərdə. Məktəbə od vurdular. Biz yanan şəxslərin külünü dəfn elədik.

Vaqif Xaçaturyan olanları boynuna almır, məhkəmə iclasında da elə adamların adını çəkir ki, onlar artıq həyatda deyillər. O, məni tanıdı, dediklərimə məhkəmədə irad tuta bilmədi. Vaqifin qardaşı briqadir idi, atam isə mühafizəçi işləyirdi. Vaqifin ailəsi ilə gediş-gəlişimiz olub. Təkcə Vaqifi yox, Badara kəndinin 80-90 faizini tanıyırıq. İşlədiyim çayxana Xocalı ilə Əsgəranın arasında yerləşirdi. Ermənilərin hamısı ora gəlib çay içirdi. Onların gördüyü, hansı xarakterə malik olduqlarını bilirdim".

 

Azərbaycan.-2023.- 20 oktyabr, № 229.- S.9.