Ağıllı kənd konsepsiyası Zəngilanda reallaşıb

 

Bu günlərdə xalqımız tarixi hadisələrə şahidlik etməyə davam edir. Oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması suverenliyimizin tam bərpa edilməsinin mühüm rəmzidir.

Uzun illər düşmən işğalında qalmış tarixi torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Ərazi bütövlüyümüz bərpa olunub, suverenliyimiz təmin edilib.

20 oktyabrı bizim üçün əlamətdar edən tarixi hadisə, Zəngilan şəhərinin düşmən işğalından azadlığı günü olmasıdır. Hamımız yaxşı bilirik ki, ermənilər işğal altında saxladıqları ərazilərimizi viran qoymuş, bütün bina tikililəri məhv etmişlər. Təəssüf ki, belə vandallıq aktlarından ən çox ziyan çəkmiş rayonlarımızdan biri Zəngilan olmuşdur.

Ermənistan bu 30 il ərzində yalnız evləri dağıtmaqla, infrastrukturu sıradan çıxarmaqla kifayətlənməmiş, dini tarixi abidələrimizi məhv etmişdir. Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq quruculuq işlərinə başlanılmışdır. 3 ildən qısa müddətdə, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Zəngilana da həyat qayıdıb.

Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən "ağıllı kənd" layihəsi "Ağıllı kənd" konsepsiyasının reallaşmasının bariz təzahürüdür. 30 il doğma yurd həsrəti çəkmiş zəngilanlılar artıq evlərinə qayıdırlar, Böyük qayıdış proqramı uğurla icra edilir. Sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilərdə tikilən 3 beynəlxalq hava limanından biri məhz Zəngilanda yerləşir. Vaxtilə viran edilmiş Zəngilan planlı surətdə yenidən qurulmaqdadır. Artıq bu rayon Beynəlxalq Şəhərsalma Forumuna evsahibliyi edib. İşğaldan azad edilmiş digər ərazilərimizlə birlikdə Zəngilanda da müasir infrastruktur qurulur, insanların rahat yaşaması üçün hər cür şərait yaradılır, məktəb, bağça, xəstəxanalar tikilir.

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdıqdan sonra məşğulluq məsələlərinin həlli dövlətimizin diqqət mərkəzindədir. Bu ərazilərdə sahibkarlığa verilən dəstəkdə əsas məqsəd dayanıqlı inkişafa nail olmaqdır. Artıq ölkəmizdə yeni inkişaf dövrü başlayıb, Qarabağa Şərqi Zəngəzura uzun illərdən sonra həyat qayıdıb.

 

Adil ƏLİYEV,

Milli Məclis Sədrinin müavini

Azərbaycan.-2023.- 21 oktyabr, № 230. - S.3.