Qatillər haqq-ədalət qarşısında cavab verirlər

 

Təlxəklər Bakıda istintaq təcridxanasında layiq olduqları cəzanı gözləyirlər

 

Zaman 2023-cü il, məkan Bakı şəhəri...

1991-ci ildə Xocalının Meşəli kəndində qətliamlar törədən, uşaq, qadın, qoca demədən girovlara tükürpərdici işgəncələr verən erməni canilərinin başçısı Vaqif Xaçatryan Azərbaycan məhkəməsində timsah göz yaşları tökür...

Üzünə məsum ifadə verərək, yazıq cildində Meşəlidə olmazın işgəncələr verdiyi azərbaycanlılara yaltaqlanır, ana dilimizdə "şirin-şirin" danışaraq erməni yalanlarını quraşdırır... 

Amma nə illah edirsə, vaxtı ilə çörəyini yediyi, kirvə olduğu, "dost"luq etdiyi azərbaycanlılara qarşı niyə insanlığa sığmayan cinayətlər törətdiyinə, onların başına müsibətlər açdığına, bütöv ailələri yer üzündən sildiyinə, körpələrin başını kəsdiyinə... görə özünə haqq qazandıra bilmir...

Xaçatryan ağlayır...

Quzu cildinə bürünmüş bu qatilin düz 32 il əvvəl Meşəlidə canlarını faşist ermənilərdən zorla qurtaran və indi məhkəmədə ona qarşı şahidlik edən azərbaycanlılara yönəlmiş kinli baxışlarından isə iblislik, murdarlıq, qaniçənlik yağır...

Erməni cəlladı törətdiyi qanlı əməllərin şahidlərini sağ qoyduğuna görə özünü bağışlaya bilmir, dişi bağırsağını kəsir...

Xaçatryan qızarır, bozarır, hikkəsindən ağlayır...

 

Meşəlililərin qatili

 

Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistandan gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqibetmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 340 nəfər daimi yaşayış yerlərindən didərgin salınıb.

Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Vaqif Xaçatryan 2023-cü ilin iyul ayında Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb və Bakıya gətirilərək Azərbaycan qanunları qarşısında törətdiyi cinayət əməllərinin haqq-hesabını verməyə başlayıb.

Vaqif Xaçatryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilir.

Məhkəmə prosesləri zamanı əvvəlcə qaniçən Xaçatryan erməni hiyləgərliyi ilə kimliyini inkar etmək yolunu tutaraq, Meşəlidə əliyalın sakinlərin, körpələrin, qadınların qatilinə çevrilənin özü olmadığı yalanını danışdı.

Ancaq məhkəmə irəlilədikcə, nəhayət, xəbis Xaçatryan 1991-ci ilə qədər sıx-sıx gəlib-getdiyi, sakinlərini uşaqdan-böyüyə kimi adbaad bildiyi, bir yerdə çörək kəsdiyi, kirvə olduğu, sonda isə qənim kəsildiyi Meşəli kəndinin sakinlərini "tanımağa", amma yenə də həyata keçirdiyi cinayət əməllərini inkar etməyə başladı.

Həyasız hay məhkəmə zalında vaxtı ilə işgəncə verdiyi, doğmalarını diri-diri yandırdığı, olmazın müsibətlər yaşatdığı azərbaycanlıların düz gözünün içinə baxa-baxa bu insanlıqdan uzaq əməlləri törətmədiyini söylədi.

Lakin qatil Xaçatryan məhkəmədə Fərrux dağındakı postda xidmət etdiyini, silahlandırıldıqlarını da... etiraf etməli oldu.

Meşəli qatilinin məhkəməsi davam edir və çox yaxın zamanda Xaçatryanın bütün qanlı əməllərini boynuna alacağı gün kimi ortadadır.

Çünki hələ digər faktlar bir yana, Meşəli soyqırımının 50-dən çox şahidi bu gün məhkəmədə ifadə verir.

Və həmin şəxsləri adbaad tanıyan, yağlı dilini işə salaraq onlarla "qadan alım", "başına dönüm" kimi ifadələrlə dialoq yaratmağa çalışan, bütün bunların işə yaramadığını, qatil əməllərinə görə mütləq cavab verməli olduğunu görən Vaqif Xaçatryan işgəncə verdiyi, əzizlərini öldürdüyü azərbaycanlıların, kameraların önündə zülüm-zülüm ağlayır...

 

Bu, həmin qatildir

 

Oktyabrın 17-də keçirilən məhkəmə prosesində Meşəli kəndinə qəfil hücum olduğunu söyləyən zərərçəkmiş Kamal Rəcəbov bunları deyib: "Evdə yatmışdım. Gördüm ki, güllə yağış kimi yağır və ermənilər tərəfindən kəndə od vurulub. Onların atəşi nəticəsində sağ budumdan güllə yarısı aldım. Qışın günündə ailəmdən uzaq qaldım. Güllə atışından 2 metrlikdə olan ailə üzvlərimi təxliyə etməyə imkan yox idi. Yoldaşımı və 2 azyaşlı körpəmi itirdim. Onların qadınlara da yazığı gəlmədi. Gözümün qabağında 2 və 17 yaşında olan qızı vəhşicəsinə qətlə yetirdilər".

Prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Təmraz Məmmədov bildirib ki, Əsgəranda ermənilərin qətlə yetirdiyi sakinlərin meyitlərini yığıblar: "Orada bir qadını yandırmışdılar. Dedilər ki, Vaqif yandırıb. Mən Vaqifi hadisələr zamanı görmüşdüm. Ondan qabaq da Meşəlidə döyüşlər zamanı adını eşitmişdim. Laçın postunda saxlanılanda tanıdım, dedim ki, bu, Vaqifdir".

Meşəli hadisələrində atılan ilk güllənin atasına dəydiyini söyləyən zərərçəkən İbrahim Nurməmmədov isə gördüyü dəhşətləri belə dilə gətirib: "Atamı, bibilərimi, qayınatamı, qayınanamı, iki baldızımı, qaynımı öldürdülər. Ümumilikdə, 9 ailə üzvüm şəhid olub. Hadisə günü şəhidləri, yaralıları ərazidən "Zil" markalı avtomobillə çıxarmışam. Bu Vaqifi çox yaxşı tanıyıram, bu da sürücü olub. Sürücülər bir-birini yaxşı tanıyırlar. Buna ömürlük cəza tələb edirəm".

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Şakir Qonaqov deyib ki, qardaşı Musa Qonaqov Meşəli kəndində şəhid olub: "Könüllü kimi oralarda xidmət edirdi. Hadisələr baş verəndən 3 gün sonra nəşi bizə verildi, həmin gecə dəfn elədik. Döyüş yoldaşları deyir ki, sona qədər vuruşub, son gülləsi ilə özünü öldürüb. Lakin nəşinin üstündə güllə izləri çox idi. Demək ki, şəhid olmuş qardaşımın nəşinə də güllə vurublar. Vaqif Xaçatryana ən ağır cəza verilsin. Güllələmək lazımdır. Bunlar Azərbaycanın çörəyini yeyiblər, qudurublar".

 

Çörəyimiz erməni canilərinə qənim oldu

 

İstər Vaqif Xaçatryan, istərsə də Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan və digərləri olsun, Azərbaycanın çörəyini yeyib qudurmuş, əlləri azərbaycanlıların qanına batmış qatillərdir.

Allaha şükür, haqqın dönüb dolaşıb yerini tapdığı, çörəyimizin erməni canilərinə qənim olduğu günləri də gördük.

Azərbaycan torpağında - Xankəndidə oturub bizə diş qıcayan, paytaxtımıza göz dikən oyuncaq "prezidentlər", "nazirlər", "deputatlar" indi Bakıda istintaq təcridxanasında oturub Azərbaycan çayı içə-içə qara günlərini düşünürlər.

"Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü "prezident" adlandırmış üç təlxək bax burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq", - deyə oktyabrın 15-də Xankəndi şəhərində dövlət bayrağını ucaldan zaman etdiyi çıxışında Prezident İlham Əliyev də bəyan etdi ki, bu canilər öz layiqli cəzalarını gözləyirlər.

 

İlahi ədalət

 

Bütün bunlar İlahi ədalətin yerini tutmasının əyani nümayişidir. Sərsəm və ermənilərin özünü uçuruma aparan "miatsum" ideyasının arxasınca düşərək xalqımıza qarşı etnik təmizləmə, qətliamlar, soyqırımlar törədən canilər bu gün Azərbaycan qanunları qarşısında bir-bir sorğuya çəkilirlər. Bir zamanlar Qarabağda, digər işğal etdikləri ərazilərimizdə əliyalın insanlarımıza divan tutmaları, o cümlədən Gəncədə, Tərtərdə, Bərdədə terror törədərək mülki insanlarımızı qətlə yetirmələri ilə öyünən bu qatillər qanlı əməllərinə görə ədalət mühakiməsinə çıxarılıblar. Xocalılılar, meşəlililər, ballıqaylılar, ağdabanlılar, başlıbellilər, gəncəlilər, tərtərlilər, bərdəlilər... onlara müsibətlər yaşadan erməni qaniçənlərinin layiqli cəzalarını aldıqlarını görürlər... 

Ermənistanda və dünyada erməni faşizminə dəstək duranlar da görməli və bilməlidirlər ki, Azərbaycan xalqı, dövləti milli maraqlarını təhlükəyə atan, kimliyinə düşmən kəsilən bütün gücləri məhv etməyə qadirdir və bunu 44 günlük Vətən müharibəsində, 23 saatlıq antiterror tədbirlərində erməni faşizminin başını əzərək artıqlaması ilə nümayiş etdirib.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 21 oktyabr, № 230. - S.5.