Erməni tribunasına çevrilən təşkilat

 

 

Səlibçi hücumları Avropa Parlamentinə yalnız utanc gətirir

 

44 günlük Vətən müharibəsindən Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsindən sonra ölkəmizə qarşı qərəzli mövqedə dayanan müxtəlif dövlətlər beynəlxalq qurumlar daha da "fəallaşıblar".

Belə ki, Qərb dairələri tərəfindən Azərbaycanı "etnik təmizləmə" siyasəti həyata keçirən ölkə kimi təqdim etmək cəhdləri son zamanlar özünü daha çox büruzə verir.

Bu xətt Avropa Parlamentinin, xüsusən Fransanın mövqeyində aydın görünür.  Ermənipərəst Fransanın təşəbbüsü ilə Avropa Parlamentinin ard-arda Azərbaycana qarşı qəbul etdiyi riyakar bəyanatlar da bunun bariz nümunəsidir.

AP-nin rüşvətxor deputatları erməni lobbisinin puluna olan hərisliklərindən ölkəmizə qarşı ədalətsiz yanaşma sərgiləyirlər. Avropa Parlamenti faktiki olaraq, erməni yalanlarının ayaq açıb yeridiyi platformaya çevrilib. Bu qurumun yaxın günlərdə tribunasında Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanı ittiham edən çıxışına dəstək verməsi bunu bir daha təsdiqləyir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə məsələ ilə bağlı "Azərbaycan" qəzetinə açıqlamasında deyib ki, Avropa Parlamenti çox vaxt öz səlahiyyətinə aid olmayan  məsələlərə münasibət bildirir. Bu təşkilat sanki Avropanın bütün problemlərini həll edib üzərinə düşən vəzifələri artıqlaması ilə yerinə yetirib, indi isə başqa məsələlərə keçib: "Bu yanaşma Azərbaycanla bağlı münasibətdə özünü daha bariz göstərir. Qurum vaxtaşırı ölkəmizlə əlaqədar düzgün olmayan, həqiqətləri təhrif edən, dövlətimizin müstəqilliyinə qarşı yönələn təhdid dolu bəyanatlar qəbul edir. Bu yolverilməzdir. Belə hərəkətlər Azərbaycanın suveren hüquqlarını qorumaq qətiyyətini zəiflətmək məqsədi güdür".

Avropanın müəyyən dairələrinin Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilmədiyini qeyd edən deputat deyib ki, onlar çox istəyirlər ki, Azərbaycanın təbii sərvətləri transmilli şirkətlərin ixtiyarında olsun, dövlətimizin daxili xarici məsələləri Avropanın müəyyən paytaxtlarındakı kabinetlərdə müzakirə edilib qərar qəbul olunsun. Amma bunların heç biri qətiyyən olmayacaq. Azərbaycan müstəqilliyini ona görə bərpa etməyib ki, kimlərinsə təsiri altında olsun: "Kimin qətnamə qəbul etməsindən, qərəzli münasibətindən asılı olmayaraq, Azərbaycan müstəqil siyasətini davam etdirəcək. Beynəlxalq birlikdə yüksək nüfuzunu daha da artıracaq. Avropanın müəyyən dairələrinin Azərbaycana qarşı qərəzli mövqeyinə baxmayaraq, biz bu tezlikdə Avropa ölkələri ilə münasibətlərimizi daim yaxşılaşdırmaqda, ikitərəfli əlaqələri daha yüksək səviyyəyə qaldırmaqda maraqlıyıq".

A.Mirzəzadə bildirib ki, Azərbaycan bundan sonra da dost Avropa ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə diqqət edəcək. Müəyyən dairələrin Azərbaycan əleyhinə fəaliyyətinə tarix həmişə mənfi qiymətini verib bundan sonra da verəcək.

 

  Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 21 oktyabr, №230- S.9.