Ermənistanı silahlandıran Fransa sülh danışıqlarında iştirak edə bilməz

 

 

Azərbaycanın bu il sentyabrda Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirməsi Prezident İlham Əliyevin Xankəndidə dövlət bayrağımızı ucaltması ilə regionda siyası vəziyyət dəyişdi. Azərbaycanın bu qətiyyətli addımından sonra bəzi ölkələr, bu dövlətlərin planlarını həyata keçirməkdə "vasitəçilik" missiyasını yerinə yetirən beynəlxalq qurumlar asılı olduqları dövlətlərin, xüsusilə Fransanın Cənubi Qafqazda maraqlarını təmin etmək üçün ölkəmizə qarşı total "hücuma" keçiblər.

Qarabağ probleminin müəlliflərindən biri olan, yeni tariximizin 35 ilini əhatə edən bir müddət ərzində münaqişənin həllində vasitəçilik missiyası ilə məşğul olan Fransa illərdir onun həllinə maneçilik törətməklə yanaşı, Ermənistanı silahlandırmaqla, separatçılara hərbi-siyasi dəstək verməklə məşğul olub. Əgər 2020-ci ilə kimi Fransa həyata keçirdiyi ikiüzlü siyasəti bir qədər gizli etməyə çalışırdısa, 44 günlük müharibədən sonra bu dövlət öz üzünü açıb göstərərək ölkəmizə qarşı çirkin kampaniyalara rəhbərlik etdiyini ortaya qoydu. Əgər əvvəlki illərdə fransalı hərbi mütəxəssislər vaxtaşırı Ermənistan ordusuna təlimlər keçir, istehkamlar tikməyə yardım edirdilərsə, silah-sursat təminatını gizli həyata keçirirdilərsə, bu gün həmin dövlət Ermənistanın "təhlükəsizliyi naminə" bunu tam açıq surətdə edir.

Mövcud reallıqları qəbul edə bilməyən, Cənubi Qafqazdakı çoxillik ikiüzlü siyasəti iflasa uğrayıb gülünc duruma düşən Fransa indi ölkəmizə qarşı səlib yürüşünə keçib. Ermənistana yalnız siyasi dəstək verməklə kifayətlənməyən Paris təcavüzkar ölkəni silahlandırmağa da başlayıb. Bütün qüvvəsi ilə sülh danışıqları prosesinə əngəl olan Emmanuel Makron Aİ-nin müşahidə missiyası adı ilə Parisin jandarm qüvvələrində xidmət etmiş hərbi qulluqçuları kəşfiyyat xarakterli məlumatlar toplamaq məqsədi ilə Ermənistan-Azərbaycan sərhədinə yerləşdirib. Bu azmış kimi, Ermənistanı Cənubi Qafqazda forpostuna çevirməkdə israrlı olan Fransa bu istiqamətdə fəaliyyətini davam etdirərək təlim adı altında ilkin olaraq 56 fransız hərbçini İrəvana göndərib. Məsələyə münasibət bildirən Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi fransız hərbçilərinin Ermənistana gəlişinin "HOPE FSX2023" təlimlərində iştirak etmək olduğunu bildirib. "Dash" tipli iki təyyarə, 8 ton avadanlıqla Ermənistana göndərilən fransız hərbçilərinin "mülki təhlükəsizlik" təlimlərində iştirak etməsi üçün gəlməsi qeyd edilsə , bunda məqsəd başqadır. Belə ki, bu,  indiyədək Ermənistanı gizlin silahlandıran Parisin rəsmi Yerevanla hərbi əməkdaşlığını genişləndirməsindən xəbər verir. Məsələ burasındadır ki, Paris bu iyrənc əməllərinə haqq qazandırmaq üçün Ermənistanın "təhlükəsizliyi" amilindən istifadə etməyə çalışır...

 Birincisi, indiyə kimi özünü "böyük Ermənistan" yaratmaq kimi sərsəm ideyaya həsr edib region dövlətlərinə təhlükə yaradan, ərazi iddiası irəli sürən Ermənistan olub. İkincisi, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistana sülh təklif edən dövlətdir. Bu gün sülh danışıqlarının əsas mövzusu sərhədlərin delimitasiya demarkasiya olunmasıdır. Məntiqlə, əgər Azərbaycanın Ermənistana ərazi iddiası varsa, niyə sərhədlərin delimitasiya demarkasiya olunmasını israrla tələb edir?

Heç kimə sirr deyil ki, Ermənistanın baş naziri tapşırıqları Fransadan regonda marağı olan Qərb dövlətlərinin fikirlərinin ifadəçisi olan Avropa Parlamentindən Aİ-dən alır. Bu gün Ermənistanı silahlandıran, hər vasitə ilə danışıqlar prosesinə özünü pərçim etməyə çalışan Fransanın Ermənistanın "hərbi qüdrətini" artırmaq üçün etdiyi yardımın kökündə bir məsələ dayanır. O da Cənubi Qafqaz siyasəti ifşa olunan Fransanın yenidən danışıqlar prosesində iştirak edib özünə mövqe qazanmasıdır.

Sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra bütün təşəbbüs yalnız rəsmi Bakının əlində cəmləşib. İndi tərəfləri ən çox düşündürən sual budur: sülh protokolu kimin vasitəçiliyi ilə imzalanacaq? Təbii ki, bu həlledici məqamda danışıqlar prosesində kimin söz sahibi ola biləcəyini məhz Azərbaycanın siyasi iradəsi müəyyən edir. Problemin yekun mərhələsi indiyə kimi regional proseslərdə fəal iştirak edən ABŞ Qərbi, xüsusilə Avropa Birliyini daha fəal hərəkət etməyə məcbur edir. Bir tərəfdən Ermənistanın dar macalda "sıxışdırıldığı", daha doğrusu, Qərb dövlətlərinin diktəsi ilə Rusiyadan uzaqlaşmaq cəhdləri bu ölkəni yeni problemlə üz-üzə qoyub.

Amma sülh danışıqları prosesində vasitəçiliyini təklif edən dövlətlərin beynəlxalq qurumların məsələyə Azərbaycanın siyasi iradəsi çərçivəsindən baxmaqdan başqa çərələri yoxdur.

Bu arada region dövlətlərindən İran da danışıqlar prosesinə öz vasitəçiliyini təklif edib. Sülh protokolunun kimin vasitəçiliyi ilə harada imzalanacağı konkret olaraq məlum olmasa da, birmənalı olaraq deyə bilərik ki, bu prosesdə indiyə kimi Ermənistanı silahlandırıb iki qonşu dövlət arasında düşmənçilik yaradan, günahsız insanların ölümünə, zülm, zillət çəkməsinə səbəb olan Fransa olmayacaq!

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 24 oktyabr, № 232.- S.7.