Alimin ziyası aləmə nur çilər

 

Vasim Məmmədəliyev belə ziyalılardan idi

 

Elm və ürfan sahiblərinin belə bir deyimi var: "Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən yenə elmə sarılsın". Hələ uşaqkən atası Məmmədəli kişi övladına ərəb, fars əlifbasını öyrədərkən demişdi ki, "alimin ziyası aləmə nur çilər. Alimlərin sirrinə vaqif olmaq istəyirsən, elm öyrən". Kiçik yaşlarından ürfan fəlsəfəsinə böyük maraq, kainatın sirlərini öyrənmək arzusu Vasimi Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə gətirdi. Tələbəlik həyatının elə ilk illərində dərin zəkası, biliyi, bacarığı, çalışqanlığı ilə təhsil aldığı universitetdə tanınır və ona ümid bəslənirdi...

 

Ölkəmizdə islam dəyərlərinin təbliğ və təşviqində  xüsusi  xidmətləri ilə seçilən, "Qurani-Kərim"in tərcüməsində mühüm rol oynamış şəxslərdən biri, dövlət-din münasibətlərinin yaranmasında əvəzsiz rolu olan, Azərbaycan elminə dünya şöhrəti qazandıran, ərəb dilçiliyini ümumiləşdirən, klassik ədəbiyyatı dərindən mənimsəməklə yanaşı, ingilis, rus, ərəb, türk, fars dillərini mükəmməl bilən Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakının Kürdəxanı kəndində anadan olub. 1959-1964-cü illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirib. Azərbaycanda ərəb dilinin mükəmməl bilicisi  Ələsgər Məmmədovun tələbəsi olub. Tiflis Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirən gənc ərəbşünas akademik Georgi Seretelinin tələbəsi olub. Tiflisdə oxuduğu zaman Vasim Məmmədəliyev dünya şöhrətli bu alimin tövsiyələrinə diqqət yetirir, ondan   elmi  istiqamət alır, eyni zamanda özü də Quranın anlamı, islam dini qaynaqlarının öyrənilməsinə aid bir çox məsələnin tədqiqində gürcü ərəbşünaslarına elmi istiqamət verirdi. 1974-cü ildə 32 yaşında "Müasir ərəb ədəbi dilində feilin zaman, şəxs və şəkil kateqoriyaları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək SSRİ-də ən gənc elmlər doktoru elmi dərəcəsinə sahiblənən ərəbşünas alim oldu. O, Azərbaycanda ərəbşünaslıq sahəsində yeni məktəbin yaranmasının əsasını qoydu.

Ərəbşünaslığın öyrənilməsində öz yolu, dəst-xəti olan Vasim Məmmədəliyev "istər klassik ərəb dilçilik məktəbləri haqqında "Ərəb dilçiliyi", "Bəsrə qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Quran və elm" kimi monoqrafik tədqiqatlarında gərgin elmi araşdırmalar aparmışdır. Görkəmli Azərbaycan ərəbşünasının elmi nəticələri VII əsrdən bəri Bəsrə, Kufə, Bağdad, Misir və Əndəlus filoloqları arasında böyük  diskussiyalar, klassik ərəb dilinin fonetika, morfologiya, sintaksis və  leksikologiyasında mübahisə doğurmuş 121 məsələnin  müasir dilçilik elminin nəticələri əsasında aydınlaşdırılmasında mühüm rol oynamışdır.

Akademik V.Məmmədəliyev tədqiqatlarında Orta əsr ərəb filoloqları, Avropa şərqşünasları, rus və müasir ərəbşünasların ərəb dilçiliyi və qrammatika məktəblərinə dair fikir və mülahizələrinə münasibət bildirmiş və bu sahənin öyrənilməsində yeni nəticələr əldə etmişdir. Onun qənaətləri şərqşünaslıq və ümumi dilçilik üçün çox dəyərlidir. Bu qiymətli əsərləri ilə akademik V.Məmmədəliyev Azərbaycan ərəbşünaslığının nüfuzunu dünyada tanıtdırmışdır. İftixarla deyə bilərik ki, alimin elmi əsərləri eyni  zamanda dünya şərqşünaslığına verilmiş ən layiqli töhfədir.

Vasim Məmmədəliyevin əsas üstünlüyü ərəb, fars, türk filologiyasını olduqca yaxşı bilməsi, bu dillərlə yanaşı, rus və ingilis dillərinə də mükəmməl yiyələnməsidir. Çoxsaylı qaynaqlardan müqayisə yolu ilə nümunə və mühakimələri orijinaldan tərcümə etmək  hər tədqiqatçıya nəsib olan xoşbəxtlik deyil.

Akademik Vasim Məmmədəliyevin ərəb Şərqi və islam dünyası haqqında biliklər xəzinəsində ərəb dilçiliyi, ədəbiyyatı və tarixi, Şərq filologiyası və mürəkkəb poetika sistemi, islam tarixi, Azərbaycan ədəbiyyatı, əruz  və musiqi, muğam sənəti və ifaçılıq tərzi haqqında mühazirə, söhbət və mühakimələri hamı tərəfindən maraqla dinlənilirdi.

V.Məmmədəliyev Şərq dünyasını, ərəb filologiyasını öyrənməklə birtərəfli mövqedə durmur, dünya mədəniyyətinin və Qərb sivilizasiyasının dəyərli məqamlarını təqdir edərək bəşər elminin inkişafına öz payını verirdi. O, elm və din problemi haqqında ilahi kəlamları əsas tutan bir araşdırıcı kimi ilahiyyat elminin uğur qazanmasında əvəzsiz xidmət göstərib. Bakı Dövlət Universitetində İlahiyyat fakültəsinin təşkil edilməsi də V.Məmmədəliyevin adı ilə bağlıdır. Vasim müəllim əmək və elmi fəalliyyətinin bir hissəsini həmin fakültənin dekanı, eyni zamanda Şərqşünaslıq fakültəsində ərəb filologiyası kafedrasının müdiri vəzifəsində davam etdirmişdir. Görkəmli ərəbşünas alim həm də Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Elmi-Dini Şurada çalışmışdır. Akademik V.Məmmədəliyev islam dini və elm, Qurani-Kərim və elm  mövzularının müasir, müstəqil Azərbaycan şəraitində ictimai dərkini asanlaşdırmaq üçün əsərlər yazır, çıxışlar edir və maraqlı söhbətlər aparırdı.

Vasim müəllim bəşəri  fəaliyyət göstərən alimlərdən idi. Xatırladaq ki, insanların ən böyük mənəvi ehtiyacı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi də akademik Ziya Bünyadovla birgə onun adı ilə bağlıdır.

V.Məmmədəliyev İslam Konfransı Təşkilatı xətti ilə, dünyanın bir sıra ölkələrində - Misir, İraq, Suriya, Səudiyyə Ərəbistanı, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Küveytdə, habelə Türkiyə, İran, ABŞ, İtaliya, Polşa, İndoneziya, Çad Respublikasında keçirilən elmi-dini konfranslarda, simpoziumlarda ölkəmizi ləyaqətlə təmsil edib, bəzən isə  mötəbər tədbirlərə  sədrlik  edib. Bu məqamda Azərbaycan-ərəb ədəbi, elmi və mədəni əlaqələrinin inkişafında görkəmli alimin rolu və fəaliyyəti xüsusi qeyd olunmalıdır.

V.Məmmədəliyevin Rabatda Təhsil, Elm və Mədəniyyət işləri üzrə İslam Təşkilatının (İSESCO) xətti ilə nəşr etdirdiyi "Azərbaycan dilinin ərəb hərflərilə ifadəsi" kitabı ərəb oxucularını Azərbaycan dilinin tarixi, dil və əlifba, ərəb əlifbasının tarixi rolu kimi məsələlərlə tanış etmək üçün ən etibarlı vasitədir.

Alimin 60-dan çox məqaləsi Bağdad, Mərakeş, Əbu Dabi, Tehran, İstanbulda "Sovtul-ittihad", "Əd-diya", "Əl-iqtisad-əl-islami", "Varlıq", "Türkiyə Diyanət Vəqfi", "Ədəbestan" və başqa jurnallarda işıq üzü görmüş və "Füzuli əl-Bağdadi" məcmuələrində nəşr edilmişdir.

Onun ərəb dilinə tərcümə etdiyi "Xaqani Şirvani. Rübailər", "Cəlil Məmmədquluzadə. Hekayələr", "H.Araslı. Xaqani Şirvani" kitabçası, rus müəllifi professor A.Rojdestvenskinin "Fikrət Əmirov" monoqrafiyası və F.Əmirovun "1001 gecə" baletinin librettosu  ərəb oxucularının böyük marağına səbəb olmuşdur.

Misirli Məhəmməd Abdulla Əbu Zeyd, suriyalı Əbdülfəttah ibn Rəmzi və Rizvan Dibsi akademik Vasim Məmmədəliyevin elmi rəhbərliyi ilə  filologiya üzrə  doktorluq  dissertasiyası müdafiə etmişlər. Ümumiyyətlə, alim bu sahədə 20-yə qədər doktorantın opponenti olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın və Dağıstanın Əməkdar elm xadimi, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri V.Məmmədəliyev göstərdiyi çoxsahəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, "Şöhrət", "Şərəf" ordenləri ilə təltif edilmiş, "Qızıl çinar" beynəlxalq mükafatını almışdır.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.-24 oktyabr, ¹232.-S.11.