Gürcüstanda qəhrəman Rahib Məmmədovun heykəlinin açılışı olub

 

Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində azərbaycanlı qəhrəman Rahib Məmmədovun heykəlinin açılışı olub.

Tədbirdə Gürcüstanın Zemo-Svaneti bölgə rəhbərliyi, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Batumi şəhərindəki baş konsulu Rıza Kağan, Rahib Məmmədovun ailə üzvləri, Gürcüstan və Azərbaycan ictimaiyyətinin nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.

Bölgə qubernatorunun müavini Nino Viblianinin sözlərinə görə, əslən Azərbaycanın Ağdam rayonunun Mahrızlı kəndindən olan 19 yaşlı gənc 1987-ci ildə öz həyatı bahasına Çaladidi kəndinin 28 sakinini xilas edib. O deyib ki, Rahib Məmmədovun xatirəsi hər zaman anılır və bu gün ucaldılan heykəl Azərbaycan və Gürcüstan xalqlarının dostluğunun daha bir təzahürüdür.

R.Məmmədovun qardaşı Sahib Məmmədov isə deyib ki, abidənin açılışı onların ailəsi üçün sevindirici və qürurverici hadisədir: "Bu işdə əməyi olan hər kəsə ailəmiz adından şəxsən öz təşəkkürümü bildirirəm. Qəhrəmanlar unudulmur".

 

R.SALMANLI,

Azərbaycan.-2023.-24 oktyabr, №232.-S.11.