YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib

 

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında növbəti qanvermə aksiyası keçirilib. Aksiyada Mərkəzi Aparatın əməkdaşları da daxil olmaqla, partiyanın 300 nəfərə yaxın üzvü iştirak edib. Toplanan qan ehtiyatı talassemiya irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi üçün nəzərdə tutulub.

Mərkəzi Qan Bankının həkim-hematoloqu Könül Muxtarlı bildirib ki, qanvermə prosesində 18-65 yaşlı şəxslər iştirak edə bilər: "Qanı heç bir dərman vasitəsi əvəz edə bilmədiyinə görə, ona həmişə ehtiyac var. Hazırda ölkədə 1500 nəfərə yaxın talassemiya xəstəsi qeydiyyatdadır. Nəzərə almaq lazımdır ki, bir nəfər donorluq etməklə, qana ehtiyacı olan üç xəstəyə kömək olur, onların həyatını xilas edir. Ona görə bu aksiyada toplanan qan ehtiyatı talassemiya irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün böyük dəstəkdir", - deyə həkim-hematoloq vurğulayıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası ənənəvi olaraq hər il qanvermə aksiyaları keçirir. Partiya xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq qanvermə aksiyaları təşkil edir. Bu, partiya üzvlərinin ölkəmizdə həyata keçirilən humanist tədbirlərdə fəal iştirakının göstəricisidir.

 

Azərbaycan.-2023.- 25 oktyabr, № 232.- S.9.