Astara heç vaxt belə abad gözəl olmayıb

 

Astara ölkəmizin ən qədim yaşayış məskənlərindən biridir. Buradakı yamyaşıl Talış sıra dağlarının, çayların, bulaqların, meşələrin, kənd qəsəbələrin vaxt yarandığını, insanların burada vaxt məskən saldıqlarını heç kəs doğru-dürüst deyə bilməz.

Rayon ərazisindəki qalalar, tarixi abidələr Astaranın qədimdən-qədim olduğunu təsdiqləyən daş yaddaşlardır. Desək ki, Böyük Yaradan bu diyardan heç nəyi əsirgəməyib, yanılmarıq. Xəzərin sahilində yerləşən Astara həm subtropik iqlimə malikdir. Dadı-ləzzəti ilə insana xoş əhvali-ruhiyyə bəxş edən çay, limon, naringi, portağal, feyxoa kimi nemətləri var Astaranın...

Qeyd etdiyimiz kimi, bu diyarın tarixi əsrlərin, eraların, neçə-neçə minilliklərin o tayından boylanır. Təbiətin naxış vurduğu, iz saldığı bu yerlərdə neçə-neçə nəsillər doğulub, yaşayıb, qurub-yaradıb, ömür karvanını sürərək köç edib gediblər. Burada yaşayan insanların səyi, əməyi ilə Astara həmişə adlı-sanlı, şanlı-şöhrətli olub. Amma keçmiş nəsillərin ruhu, bunu desək çox güman ki, bizdən inciməz: Astara heç vaxt belə gözəl, belə abad olmayıb. İndi onun hüsnü başqadır. Təbiət lövhələri, al-əlvan güllər, çiçəklər, ən başlıcası isə insan əlləri, zəhməti, ağlı-düşüncəsi ilə tikilənlər, qurulanlar gözə, ruha dinclik, qəlbə fərəh gətirir.

Elə işlər, əməllər var ki, onlar əhəmiyyəti, əzəməti ilə tarixdə yaddaşlarda yaşayır. Yuxarıda adlarını çəkdiyimiz tikililər kimi. Son 10 ildə Astara şəhərində salınan Dənizkənarı bulvarı da qeyd-şərtsiz bu siyahıya salmaq olar. Qamışlı bataqlıq üzərində salınmış möcüzədir bu tikinti. Vaxtilə heç kəsin ağlına gəlməzdi ki, bu ərazidə belə möhtəşəm istirahət guşəsi salınacaq. Lakin hər bir məqsəd insan əlində əlçatandır. Arzu, istək, işgüzarlıq olan halda arzuları gerçəkləşdirmək mümkündür. Astara şəhəri boyunca uzanan Dənizkənarı bulvar indi nəinki astaralıların, hətta turistlərin sevimli istirahət yerinə çevrilmişdir. Cənnəti xarırladan nadir ağacların, güllərin, çiçəklərin sərgisinin təşkil olunduğu yerə bənzəyir o. Böyüklərlə birlikdə balacaların da mənalı istirahəti, əyləncəsi üçün burada ictimai-iaşə obyektləri, açıq havada idman meydançaları, müxtəlif növ qurğular, yay klubları, çimərlik s. fəaliyyət göstərir. Gələn turistlər park-bulvar boyu tikilmiş hotellərdə rahat yerləşə bilirlər. Ən başlıca cəhətlərdən biri isə respublikamızın cənub qapısı sayılan Astara şəhərinin park-bulvarında - İran İslam Respublikası ilə sərhəddə yaradılmış Bayraq meydanında qaldırılmış aylı-ulduzlu üçrəngli bayrağımızın qürurla, vüqarla dalğalanmasıdır. Park-bulvarda səliqə-sahmanla tikilmiş koteclər isə öz müştərilərini gözləyir.

Görülən işlər hər bir astaralının qəlbində sevinc, fərəh hissi oyadır. Onlar sevinirlər ki, yaşadıqları, doğulub boya-başa çatdıqları rayon aydan-aya, ildən-ilə inkişaf edir, daha da şöhrətlənir. Bununla yanaşı, İkinci Qarabağ müharibəsində və eləcə də bu ilin sentyabr ayının 19-da separatçılara qarşı keçirilən lokal xarakterli antiterror əməliyyatı zamanı ordumuzun qazandığı parlaq qələbə insanlar arasında Vətənə məhəbbət, düşmənə nifrət hissini birə-beş artırmışdır.

Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadovun dedikləri: "Yaşım, həyat təcrübəm az deyil. İndiyə qədər müxtəlif işlərdə, vəzifələrdə çalışmışam. İstər sovetlər birliyi zamanında, istərsə də müstəqilliyimiz dövründə ölkəmizdə, eləcə də rayonumuzda baş verən hadisələrin hər biri yaxşı yadımdadır. Yüz illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev həyatının mənası bildiyi Azərbaycan üçün misilsiz işlər gördü. 90-cı illərin bəlalarından ölkəmizi, xalqımızı xilas etdi, onun gələcək tərəqqisi üçün möhkəm təməl qoydu. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək respublikamızı daha da irəliyə aparır. Bütün sahələrdə qazanılan nailiyyətlər belə deməyə əsas verir. Elə götürək bizim Astaranı. İstər tikinti-quruculuq, istər kənd təsərrüfatı, istərsə də təhsil, səhiyyə, mədəniyyət sahəsində böyük işlər görülmüşdür. Vaxtilə, yəni məlum 1990-cı illərin əvvəllərində dağıdılan, viran edilən müəssisələr işə salınır, mal-qaranın otlaq sahəsinə çevrilən çay plantasiyaları, sirtus meyvə bağları əvvəlki vəziyyətindən də yaxşı hala gətirilir. Daha məhsuldar yeni sortlar əkilir. İnsanların gəliri artır və bunun hesabına gün-güzəranı yaxşılaşır".

Bu da Vətən müharibəsi iştirakçısı, Astara Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadənin ürək sözləridir: "Azərbaycanın bütün bölgələrindən olan gənclər kimi, astaralı cavanlar da Vətən müharibəsində iştirak etmişlər. Qarabağ düşmən tapdağı altında qalan zaman hər birimiz vicdan əzabı çəkirdik, düşünürdük, daşınırdıq. Özümüz-özümüzə sual verirdik ki, axı bu necə ola bilər? Axı bizim sayımız, gücümüz çox ola-ola, niyə torpaqlarımız işğal altında qalmalıdır?  Demə, Prezident, Ali Baş Komandan İlham Əliyev hər şeyi zərgər dəqiqliyi ilə ölçüb-biçirmiş. 27 sentyabr 2020-ci il tarixdə ordumuz əks-hücuma keçdi. Mən o vaxt Lənkəran Dövlət Universitetini bitirib Dini Qurumlar üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsində məsləhətçi işləyirdim. Sentyabrın 21-də könüllü olaraq cəbhəyə getdim. 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsinin birinci günü mən artıq ön cərgədə idim. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunmasında bir astaralı gənc kimi iştirak etdim. Müharibədən qayıdandan sonra Aprel döyüşlərində və Vətən müharibəsində iştirak etdiyimi nəzərə alaraq mənim Astara Rayon İcra Hakimiyyətində yeni yaradılan Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işləməyimi məsləhət bildilər. Qeyd etməliyəm ki, astaralı gənclər çox vətənpərvərdirlər. Bu Vətən məhəbbətinin, sevgisinin nəticəsidir ki, Birinci və İkinci Qarabağ müharibələrində rayondan 127 nəfər şəhidlik zirvəsinə yüksəlmiş, 90 nəfər isə əlil olmuşdur. Lokal xarakterli antiterror əməliyyatı keçirilərkən daha 2 nəfər astaralı gənc Vətən yolunda canından keçmişdir. İtkilərə baxmayaraq, bütün xalqımız kimi, Astara camaatı da separatçıların darmadağın edilməsini, ərazilərimizin xain, xəbis, nankor, hiyləgər erməni vandallarının tapdağından azad edilməsini sevinc hissi, bayram əhvali-ruhiyyəsi ilə qeyd etdi".

...Payızdır, "qızıl" payız. Təbiət öz donunu dəyişir. İlin bu fəslində də Astara olduqca füsunkardır. Limon, naringi, portağal ağacları sarı, narıncı rəngə boyanır. Fermerlər aylardan bəri çəkdikləri zəhmətin bəhrəsini dərirlər. Məlumat üçün deyək ki, Astarada 4 min 473 hektar sitrus meyvə bağları var ki, bunun da 366 hektarı limon, 2 min 463 hektarı naringi, 468 hektarı portağal, 872 hektarı feyxoa, 150 hektarı kivi,155 hektarı kinkandır. Meyvə bağları əsasən Kijəbə qəsəbəsi, Siyəkü, Pensər, Şüvi, Səncərədi və Təngərüd kəndləri ərazisindədir. Hazırda seçmə yolu ilə tezyetişən sortlar yığılır. Noyabr ayının birinci ongünlüyündən kütləvi yığıma başlanacaq.

Astarada quruculuq sahəsində işlər uğurla davam edir. Sakinlərin hər biri istəyir ki, rayon daha da inkişaf etsin, abad olsun. Buna görə yerli investorlar kənd təsərrüfatı, turizm və digər sahələrə 7,5 milyon manatdan çox vəsait qoymağı, bunun sayəsində 602 yeni iş yeri açmağı nəzərdə tutmuşlar. İndidən demək olar ki, icrası nəzərdə tutulmuş tədbirlər reallaşmaq üzrədir. Bax, beləcə inkişaf edir, abadlaşır, gözəlləşir respublikamızın cənub qapısı olan Astara...

 

Seyran CAVADOV,

Azərbaycan.-2023.- 26 oktyabr, № 234.- S.16.