300 milyardlıq xarici investisiya

 

Bu, ölkəmizin iqtisadi yüksəlişinin yalnız bir göstəricisidir

 

Prezident İlham Əliyev Qaradağ Günəş-Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib ki, son 30 il ərzində Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub.

Dövlət başçısı, həmçinin deyib ki, bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizin xarici investisiyalar üçün çox açıq olduğunu göstərir. Həmçinin bir daha aydın olur ki, Azərbaycan iqtisadiyyatı həyata keçirilən uğurlu siyasət nəticəsində dinamik inkişaf edir.

Mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev bildirib ki, bu rəqəm Azərbaycanın son 30 ildə iqtisadi inkişafını xarakterizə edən göstəricilərdən biridir. İnvestisiyaların həcminin yüksək olması Azərbaycana qlobal aləmdə göstərilən böyük inamla bağlıdır. Ölkəmizdə iqtisadi artım, siyasi stabillik bu artımın əsas səbəblərindəndir.

Deputatın fikrincə, onu da nəzərə almaq lazımdır ki, son 30 ildə ölkəmizə cəlb edilən investisiyaların 67 faizə yaxınının qeyri-neft sektorunun payına düşməsi mühüm əhəmiyyət kəsb edir. Bu, ondan xəbər verir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir. Sərmayələrin neftlə yanaşı, qeyri-neft sektoruna da cəlb edilməsi isə təbii ki, digər xarici yerli investorların bu sahəyə investisiya yatırmasına imkan yaradıb.

"Qarabağ Şərqi Zəngəzur da son 3 ildə investorların diqqətini çəkir. Belə ki,  orada müxtəlif sahələrə məxsus müəssisələrin inşası bir çox xarici şirkətin marağındadır", - deyən deputat onu da söyləyib ki, Azərbaycanda investisiya mühitinin yaxşılaşması ümumiyyətlə, iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərir. İnvestisiya mühiti yaxşılaşdıqca, qeyri-neft sektoruna cəlb edilən vəsaitlərin həcmi artır: "Azərbaycan enerji ölkəsi statusunu qoruyub saxlamaqla yanaşı, neft sektorundan əldə edilən gəlirlərin böyük qismini qeyri-neft sektorunun inkişafına yönəldir. Yəni ölkəmizdə qeyri-neft sektorunun daim inkişafda olması öz növbəsində maliyyə yatırımını sürətləndirir. Ölkəmizə investisiya yatırımı ilə qeyri-neft sektorunun inkişafı paralel şəkildə gedir, həm bir-birindən asılıdır".

Rüfət Quliyev əlavə edib ki, ölkəmizə 300 milyard dollarlıq investisiyanın yatırılması birmənalı şəkildə Azərbaycan iqtisadiyyatının potensialını növbəti illərdə inkişaf perspektivini göstərən əsas faktordur.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 28 oktyabr, № 236.- S.7.