Vətənə, dövlətə sevgi sədaqət nümunəsi

 

"Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi ölümə gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir".

Azərbaycan xalqı üçün çox möhtəşəm günlərdən birində - bu ilin 15 oktyabrında Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışında belə dedi.

Azərbaycan övladlarının dastanlara sığmayan qəhrəmanlığı yalnız qürur, iftixar hissləri bəxş etdiyi doğma xalqını sevindirmir, onların qəhrəmanlığı barədə eşidən, duyan hər kəsi heyrətləndirir. O igidlər ki, Vətəni yolunda gözünü qırpmadan canını fəda etməyə hər an hazır olduqlarını döyüş meydanlarında, ölümün gözlərinin içinə dik baxaraq göstərdilər.

Bu il mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə Prezident İlham Əliyev torpaqlarımızı azad edən gənclərin qəhrəmanlığından danışdı: "Gözəl gənc nəsil yetişdirdik - vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər", - dövlətimizin başçısı dedi.

1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Qarabağın, Şərqi Zəngəzurun başının üstünü qara buludlar aldı. Ermənistan adlı dövləti Azərbaycan torpaqlarında yaratmış işğalçı ermənilər ölkəmizdən yeni ərazilər qoparmaq hayında idilər. İlk işləri tarixi faktları saxtalaşdırmaq, Qarabağa, Şərqi Zəngəzura ilk dəfə ayaq basdıqları zamanı xatırladan, təsdiq edən bütün izləri silmək cəhdləri oldu. Sonra da yurdlarına gəlib köç saldıqları, dillərini öyrəndikləri, süfrələrindən duz-çörək yedikləri azərbaycanlıların qanına susadılar. Əslində, məkrli planları yeni deyildi. Təcavüzkar ermənilərin tarixdə heç vaxt olmamış heç zaman da olmayacaq "böyük Ermənistan" uydurmaları yenə azərbaycanlıların başına bəla oldu.

O zaman da qəsbkarların arxaları, dayaqları güclü idi. Onları dövrün müasir silahları ilə silahlandırırdılar. Maddi ehtiyacları təmin olunurdu. Üstəlik, dünyaya yalandan çığır-bağır salmalarına, qəddar əməllərini pərdələmək üçün təbliğat aparmalarına da dəstək verilirdi. Qərbi Azərbaycanda, Qarabağda, Şərqi Zəngəzurda yerli əhalini uşaqdan-böyüyədək dəhşətli işgəncələr verərək qətlə yetirən, əsir götürən, sonunda da doğma evlərindən, isti ocaqlarından qovan, yurdlarını yağmalayan, talan edən, xarabalığa çevirən ermənilərin cinayət əməllərini dünyanın görən gözləri, eşidən qulaqları sanki kor, kar olmuşdu. Kəlbəcərdə, Meşəlidə, Xocalıda daha neçə-neçə yaşayış məskənimizdə qətliamlar, soyqırımları törədən Ermənistan beynəlxalq səviyyədə cəzasız qalır, bundan daha da azğınlaşırdı.

Birinci Qarabağ müharibəsində Azərbaycanın qəhrəman övladları düşmən gülləsinə canlarını sipər etdilər. Ancaq müstəqilliyini yeni bərpa edən ölkəmiz hələ iqtisadiyyatını gücləndirə, ordusunu qura bilməmişdi.

Vətən torpaqlarının düşmənin tapdağı altında qalması hər bir azərbaycanlının yalnız dərdi, qüssəsi, kədəri deyildi, həm ən böyük hiddəti idi. Zaman keçirdi, amma ümidlər üzülmürdü, inam azalmırdı. Hər bir azərbaycanlı əmin idi, bir gün gələcək, ermənilərin dəhşətli işgəncələr verərək şəhid ya şikəst etdikləri soydaşlarımızın qisası alınacaq, Ermənistan silahlı qüvvələri məğlub edilərək Qarabağdan, Şərqi Zəngəzurdan qovulacaq.

O gün gəldi. 2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev qismən səfərbərlik elan etdi. Minlərlə gənc cəbhəyə yollanmaq üçün hərbi komissarlıqlara üz tutdu. Onların çoxunun yaşları işğal illərindən kiçik idi. Ermənistanın otuz ilə yaxın əsarətdə saxladığı Qarabağ Şərqi Zəngəzur haqqında kitablardan oxumuşdular, böyüklərin söhbətlərindən eşitmişdilər. Lakin görmədikləri o yerlərin, orada şəhid edilən, əsir götürülən, bəziləri hələ itkin sayılan soydaşlarının dərdləri, Ermənistanın  işğalında qalan ərazilərimizin nisgili bu gənclərin qəlbində ağrıya dönmüşdü.

Vətən torpaqları erməni işğalından azad edilməlidir! Azərbaycanın müxtəlif bölgələrində dünyaya gəlmiş, boya-başa çatmış həmin gənclərin ən böyük, ən müqəddəs arzusu, məqsədi bu idi. Bu amalla İkinci Qarabağ müharibəsində cəbhədə, döyüş meydanlarında işğalçı ölkənin silahlı qüvvələrinə dünyanı dar etdilər. 44 günlük müharibənin hər gününü, hər anını Zəfər tarxinə çevirdilər. Arxa cəbhədə gözlərini onlara dikmiş, ürəkləri onlarla döyünən soydaşlarını müqayisəyəgəlməz, təsvir edilməsi mümkün olmayan qələbə müjdələri ilə qürurlandırdılar.

2020-ci ildə İkinci Qarabağ müharibəsində aldığı məğlubiyyət dərsindən sonadək nəticə çıxarmayan, Qarabağın Xankəndi ətraf yerlərində qalaraq terror əməllərini davam etdirən Ermənistan silahlı qüvvələri birləşmələrinin qalıqlarını cinayətkar xunta rejimini isə peşəkar, qətiyyətli, cəsur Azərbaycan Ordusu bu ilin 19-20 sentyabrında cəmi 23 saat 43 dəqiqə çəkən lokal xarakterli antiterror tədbirləri zamanı məğlub etdi. Ümid edək ki, bu, Ermənistan üçün sonuncu dərs olacaq. Bir daha özgə torpaqlarına göz dikməyi, təxribatlar törətməyi birdəfəlik unudacaq.

Azərbaycan dövlətinin, xalqının qüruru, fəxri olan gənclərimiz isə əmin-amanlıq içərisində yaşayacaq, ölkəmizin daha da inkişaf etməsi naminə çalışacaqlar.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 29 oktyabr, № 237- S.10.