İlham Əliyev Azərbaycanı daha da irəli aparacaq

 

Cənab Prezidentin andiçmə mərasimindən 20 il ötür. Bu illər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Hər şeydən əvvəl 1813-cü ildə Gülüstan Sülh Müqaviləsi bağlanandan sonra Azərbaycan ilk dəfə torpaqlarını bütövləşdirməyə  başlayıb.

Bütün bunlar Ali  Baş Komandanın səylərii nəticəsində reallaşdı. Ulu Öndərin  böyük enerji strategiyasına uyğun olaraq ölkəyə qoyulan investisiyalar, daxil olan vəsaitlər doğru istiqamətlərə xərcləndi. İqtisadiyyatımız inkişaf etdi, bunun nəticəsində ordu quruculuğuna böyük diqqət ayrıldı. Ordunun hərbi texniki təchizatı möhkəmləndirildi, ən müasir silahlar, hərbi texnikalar alındı. Beləliklə, güclü Azərbaycan Ordusu formalaşdırıldı. Ən əsası gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olundu. Onlar düşmənin üzərinə gedərək ölümdən belə qorxmadan otuz il ərzində işğal altında olan torpaqlarımızı azad etdilər. Bütün bu uğurlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinin zirvəsidir.

Prezident  İlham Əliyev hətta həsrət çəkdiyimiz, xəyal etdiyimiz məsələləri reallaşdırdı. Şuşada, Xocalıda, Xankəndidə Azərbaycanın Dövlət bayrağını qaldırdı. Sərhədlərimiz Laçında nəzarət buraxılış məntəqəsinin qurulması ilə tamamlanmışdısa, Xankəndinin qanunsuz erməni hərbi birləşmələrindən təmizlənməsi dövlət başçısının orada üçrəngli bayrağımızı ucaltması ilə bütün ərazilərimizdə suverenliyimiz tam şəkildə bərpa edildi. Azərbaycanın dostları da, düşmənləri bunu artıq yaxşı görürlər.

Düşmən hər zaman revanş addımlar atacaq, onların arxasında duranlar, havadarları  müxtəlif fərziyyələr irəli sürəcək, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirəcəklər. Ancaq Ali Baş Komandanın "dəmir yumruğ"u polad iradəsi yerindədir.

Eyni zamanda partiya sədri olaraq deyə bilərəm ki, bu illər ərzində siyasi dialoq da baş tutub. Vətən müharibəsi dönəmində hər kəs Prezident İlham Əliyevin ətrafında sıx birləşdi, birlik oldu. Azərbaycan nizam-intizamlı cəmiyyətə çevrilib, dostunu, düşmənini yaxşı tanıyır. Artıq ölkəmizlə beynəlxalq aləmdə hesablaşırlar.

Prezident İlham Əliyevin həm ölkəmizdə, həm beynəlxalq aləmdə böyük nüfuzu var. Allah Prezidentimizi qorusun! Ona işlərində uğurlar arzu edirəm. Bu illər ərzində Azərbaycanı irəli apardığı, qalib ölkəyə çevirdiyi kimi, növbəti fəaliyyəti dövründə suverenliyimizin daha da möhkəmləndirilməsi, qarşıda duran sosial-iqtisadi məsələlərin həlli üçün düşünülmüş siyasət yürüdərək ölkəmizi daha yüksək zirvəyə aparacaq.

 

Tahir KƏRİMLİ,

Milli Məclisin deputatı,

Vəhdət Partiyasının sədri

Azərbaycan.-2023.- 31 oktyabr, № 238.- S.6.