Hayastanda dövlət çevrilişinə kütləvi hazırlıq gedir

 

Hayastanda narazılıq qarşıdurma həddinin daha da yüksəlməsi, müxalifətlə hakimiyyət arasında ziddiyyətlərin bir qədər kəskinləşməsi müşahidə olunur.

Müxalifətin İrəvanda keçirdiyi etiraz aksiyaları artıq iki gündür davam edir. Aksiyalarla separatçıları dəstəkləyən qüvvələr baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün birləşsə , hələ ki heç bir nəticəyə nail ola bilməyiblər.  Müxalifətçilər etirazlarına əsas səbəb kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər.

 

Prodüserin hakimiyyət sevdası

 

Ümumiyyətlə, 2018-ci il inqilabından sonra Hayastanda xalq arasında nüfuzunu itirən Sarkisyan-Koçaryan koalisiyasına havadarlıq edənlər artıq başqa adlar üzərində axtarışa başlayıblar. Görünən odur ki, bunlardan biri "Ana Ermənistan" blokunun rəhbəri Andranik Tevanyandır. Son günlərdə İrəvanda xalqı Paşinyana qarşı qaldıran, səsləndirdiyi fikirləri, açıqlamaları ilə yerli medianın diqqət mərkəzində yer alan Tevanyan Hayastanı növbəti vətəndaş qarşıdurmasına sürükləməyə çalışır. Məqsəd isə hakimiyyətlə xalq arasında uçurumu daha da dərinləşdirməkdir. Kimdir Tevanyan? İrəvan Memarlıq İnşaat İnstitutunun İqtisadiyyat inşaatın idarə edilməsi fakültəsini iqtisadçı mühəndis ixtisası üzrə bitirib. O, əmək fəaliyyətinə 1998-ci ildə Mayr Hayrenik televiziya şirkətində siyasi şərhçi kimi başlayıb. Növbəti il o, Ermənistan Milli Televiziyasında "Fair" iqtisadi bülleteninin aparıcısı olub. 1999-2000-ci illərdə Ermənistan iqtisadiyyat nazirinin müşaviri mətbuat katibi olub. 2000-ci ildə AR televiziya şirkətinin əməkdaşı olub. Həmin ilin sentyabrından 2001-ci ilin martına qədər AR-nin icraçı direktoru olub. AR televiziya şirkətinə direktor təyin olunana qədər jurnalist prodüser kimi çalışıb.

2021-ci il parlament seçkilərində Ermənistan partiyalar blokunun siyahısı üzrə parlamentin deputatı seçilib. 2023-cü ildə isə  bələdiyyə seçkilərində 15,4 faiz səs toplayaraq üçüncü yeri tutan "Ana Ermənistan" blokuna rəhbərlik edib. Son iki gündə isə Tevanyan Qarabağın Azərbaycanın tərkibindən çıxmasını Ermənistanın baş naziri Nikol Paşinyanın tutduğu vəzifədən uzaqlaşdırılmasını tələb edib.

 

İrəvan regionlarda tətil çağırışı

 

İrəvan sakinləri hökumət binası qarşısına toplaşaraq ölkənin baş naziri Nikol Paşinyanın üzə çıxmasını tələb ediblər. Onlar Paşinyanın istefası tələbi yerinə yetirilməyənə qədər meydanı tərk etməyəcəklərini bəyan ediblər. Nümayişçilərlə polis arasında toqquşma nəticəsində 16 polis daxil olmaqla 34 nəfər xəsarət alıb.

Eyni zamanda Rusiyanın İrəvandakı səfirliyinin binasına giriş-çıxış etirazçılar tərəfindən bağlanmışdı. Diplomatik nümayəndəlik tədbir görmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

"Ana Ermənistan" blokunun rəhbəri Andranik Tevanyan canlı efirdə ölkə vətəndaşlarını İrəvanda və regionlarda əmək tətillərinə çağırıb. Aksiya iştirakçıları təxribatçı çağırışlar edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə ediblər.  "4rd.am" nəşri isə yazır ki, müxalif qüvvələr İrəvanda və bölgələrdə itaətsizlik aksiyaları keçirmək məsələsini müzakirə edirlər.

 

Etirazlar səngimir

 

Dünən də İrəvanda hökumət binası yaxınlığında etiraz aksiyası keçirən müxalifət nümayəndələri ilə polislər arasında toqquşma olub. Bir neçə etirazçı yerə yıxılan polisi döyüb. Sosial şəbəkələrdə paylaşımlara görə, müxalifət düşərgəsində həbslərin aparılması planlaşdırılır və qeyd olunur ki, kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün hakimiyyət xüsusi plan hazırlayıb. Buraya müxalifət fəallarına qarşı güc tətbiq edilməsindən tutmuş, onların mitinq keçiriləcək ünvana daxil olmazdan əvvəl müvəqqəti həbsinə kimi müxtəlif planlar daxildir. O da vurğulanır ki, bu işdə təkcə polis yox, digər güc strukturlarının və hakimiyyətin nəzarətində olan xüsusi cəza dəstələrinin nümayəndələri də iştirak edəcəklər. Müxalifət isə hakimiyyət tərəfindən yaradılacaq bütün maneələrə rəğmən etiraz mitinqlərinin baş nazirin istefasına qədər davam edəcəyini bildirib. Belə ki, parlament müxalifəti gələn həftə hakimiyyətə qarşı küçə mübarizəsinə başlayacaqlarını bəyan edib.

Qeyd edək ki, Konstitusiya quruluşunu devirməyə çağırış edən 4 nəfər həbs edilib, 7 cinayət işi başlanılıb.

Bu arada Hayastanın baş naziri Nikol Paşinyan ölkədə müxtəlif yerlərdən dövlət çevrilişinə çağırışlar edildiyini bildirib. O, həmçinin vurğulayıb ki, hakimiyyət indi heç bir kəskin və avantürist addımlar atmamalıdır.

Beləliklə, bütün bunların fonunda hazırkı durumdan maksimum yararlanmağa çalışan müxalifətin əsl istəyi bəlli olur. Yeni simalarla üzə çıxan və hakimiyyət dəyişikliyinin labüdlüyünü bəyan edən bir qrup müxalif, Qərblə əməkdaşlığın, digər bir qrupu isə Rusiya ilə işləməyin tərəfdarıdır. Bu mübarizədən kimin qalib ayrılacağını isə zaman göstərəcək.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2023.- 21 sentyabr.- S.7.