Ədalətli mövqe sərgiləyən dövlətlər haqq işimizi dəstəkləyirlər

 

Qarabağ Azərbaycandır! Dünyada erməni lobbisinin təsirinə düşməyən, ermənilərin maliyyə dəstəyi ilə hakimiyyətə gəlməyən bütün dövlətlər artıq bu həqiqəti qəbul edirlər. Cəmi bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-nin tribunasından səsləndirdiyi  "Qarabağ Azərbaycan torpağıdır" ifadəsi alqışlara səbəb oldu.

Heç şübhəsiz ki, bu uğura çoxillik gərgin əməyin, praqmatik siyasətin, səmərəli fəaliyyətin nəticəsində nail olmuşuq. Bu alqışlar  Azərbaycan diplomatiyasının uğuru, beynəlxalq hüquqa, haqqa, ədalətə verilən qiymət kimi qəbul edilməlidir. Bu uğurlara Azərbaycan  Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatlarla qarşılıqlı təması, onların  liderləri ilə ardıcıl görüşləri, səmərəli fəaliyyəti, konkret qərəzsiz mövqeyi, qətiyyətli iradəsi nəticəsində nail olmuşuq.

2020-ci ildə qazandığımız tarixi qələbədən sonra müxtəlif ölkələrin rəhbərlərinin  dövlətimizin başçısına göndərdikləri  təbrik məktubları, 2023-cü il sentyabrın 9-da Qarabağda keçirilən "seçki"ləri tanımadıqlarını bildirmələri haqqında ədalətli mövqe sərgiləmələri bunun nəticəsidir. Söz yox ki, bəzi qərəzli beynəlxalq təşkilatlar, o cümlədən ikili standartlardan əl çəkməyən bir sıra qüvvələr hələ nəfislərinin əsiri olub  məkrli niyyətlərindən əl çəkə bilməyiblər, amma ümid etmək olar ki, bir gün onlar da həqiqəti qəbul edəcəklər. Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanıması, Qarabağda yaşayan erməni icmasının dövlətimizin reinteqrasiya haqqında təkliflərini müzakirə etdikləri bir zamanda "ermənipərəst" təşkilatların, dövlət başçılarının müqavimət göstərəcəkləri artıq birmənalı olaraq inandırıcı görünmür.

İftixarla deyə bilərik ki, aparılan düzgün siyasət, vaxtında görülən tədbirlər  nəticəsində  bu gün  ölkəmiz hadisələrin arxasınca getmir, lider dövlət kimi  regionda aparılan siyasətin baş aktoru rolunda çıxış edir. Elə bunun nəticəsidir ki, dünya Azərbaycanla hesablaşır. Ölkəmiz nəinki regionda, artıq dünyada söz sahibi olan  qüdrətli dövlət kimi qəbul edilir. Ən yaxın keçmişin tarixi hadisələri zamanı dünyanın bir sıra dövlətlərinin ədalətli mövqeyimizi dəstəkləməsi, hadisələrin gedişi zamanı ölkəmizin rəhbəri ilə telefon danışıqları da bunun sübutudur. 

Sentyabrın 19-da ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək dövlətimizin başçısı ilə yaranmış vəziyyət barədə fikir mübadiləsi aparıb. Dövlətimizin başçısı sentyabrın 19-da baş verən hadisələrin səbəbi haqqında ABŞ Dövlət katibini məlumatlandıraraq bildirib  ki,  Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qruplarının terror məqsədilə əvvəlcədən minaları quraşdırması nəticəsində mülki şəxslər polis əməkdaşları həlak olublar. Ölk rəhbəri eyni zamanda ordumuzun bölmələrinin vaxtaşırı  minaatanlardan müxtəlif çaplı atıcı silahlarla atəşə tutulduğunu, sentyabrın 9-da keçirilən qondarma "prezident seçkiləri"ni Ermənistanın  Azərbaycanın suverenliyinə qarşı məqsədyönlü təxribatlarının davamı olduğunu vurğulayıb. Azərbaycan Prezidenti bildirib ki, bu kimi təxribatçı təhrikçi əməllərin qarşısının alınması üçün Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.

Sentyabrın 19-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı ilə telefon danışığı zamanı bu barədə fikir mübadiləsi aparıb.

Prezident İlham Əliyev antiterror tədbirlərinin dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaya toxunaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının, qanunsuz silahlı dəstələrin silahı yerə qoymasının tərk-silah edilməsinin, Yevlaxda keçiriləcək görüşün müsbət addım olduğunu bildirib. Prezident qeyd edib ki, Yevlax görüşündə Azərbaycan Respublikasının Konstitusiyası qanunları əsasında Qarabağ ermənilərinin hüquqları öhdəlikləri ilə əlaqədar, o cümlədən onların mədəni, dini, bələdiyyə digər hüquqları ilə bağlı məsələlər müzakirə ediləcək. Dövlət başçısı bunu Azərbaycanın öz daxili işləri kontekstində həyata keçirdiyini xüsusi olaraq vurğulayıb. Azərbaycan Prezidenti regional sülh gündəliyinin dəstəklənməsinin əhəmiyyətinə toxunub, birtərəfli addımların atılmasının tamamilə əks effekt yarada biləcəyini deyib. Əldə edilmiş nəticələr Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların da irəli aparılmasına müsbət təsir göstərəcək.

Avropa İttifaqı Şurasının prezidenti öz növbəsində antiterror tədbirlərinin dayandırılmasını müsbət hal kimi qiymətləndirib, atəşkəs rejiminin təmin olunacağına ümidvarlığını ifadə edib. Şarl Mişel həmçinin Yevlaxda keçirilən görüşü müsbət dəyərləndirib.

Qarabağda lokal xarakterli aniterror tədbirləri keçirilməmişdən öncə Ermənistanın təxribat xarakterli əməlləri barədə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların diplomatik korpusun nümayəndələrinə yetərli məlumat verilmişdir.

Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edən xarici işlər naziri Ceyhun Bayramov səfər çərçivəsində İtaliyanın xarici işlər beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç, ABŞ Dövlət katibinin Avropa Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kim, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmani, İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, ATƏT-in baş katibi Helqa Şmid, Latviya Respublikasının xarici işlər naziri Krişyanis Karins, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein Brahim Taha, İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen, Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Faysal bin Farhan Al Saud, Finlandiyanın xarici Avropa işləri naziri Elina Valtonen, Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Əbul Qeyt digər  şəxslərlə işgüzar görüşlər keçirərək  baş verən hadisələr barədə dolğun  məlumatlar verib.

Görüşlərdən məlum olub ki, ədalətli mövqe sərgiləyən dövlətlər həqiqəti qəbul edib, haqq işimizi dəstəkləyiblər.

Azərbaycan sülhpərvər dövlətdir. Bütün problemləri sülh yolu ilə, diplomatik gedişlə, ağlın, zəkanın gücü ilə həll etməyə çalışır. Bunu anlamayanlara yeri gələndə sərt üzünü, "dəmir yumruğ"unu da göstərə bilir. İşimiz haqq işi olduğu üçün döyüş meydanında qazandığımız qələbələr siyasi masalarda təsdiqini tapır.

 

Elşən QƏNİYEV

 

Azərbaycan. - 2023.- 22 sentyabr.- S.7.