Ən uzun gecə

 

30 il gözlədiyimiz qisas sentyabrın 26-dan 27-nə keçən gecə başladı

 

Həsrət yüklü durna qatarlarının uçub getdiyi, dəli ruzigarların dünyanı xəzan rənginə boyadığı, göylərin gözlərindən qüssə yaşlarının süzüldüyü güz vaxtının ən uzun gecəsiydi...

Hər yanın zülmətə büründüyü o gecədə hələ qəlbimizin baş ucunda qaradonlu yurd nisgili bardaş qurub oturmuşdu...

Günlərin, ayların, illərin ürəyimizə çəkdiyi çalın-çarpaz vətən dağı belimizi bükmüş, yuxumuzu ərşə çəkmişdi...

Eh, beynimiz, ağlımız, fikrimiz, düşüncəmiz hamısı saralıb-solan xatirələr cığırıyla  pərvazlanmışdı viran qalan yurdlara sarı... 

Yamyaşıl, axar-baxarlı hər yandan xoşbəxtlik sədaları ucalan bir şəhərdə, bir kənddə, bir evdə görmüşdük özümüzü, sonra birdən baxmışdıq ki, göy üzünü qara bulud alıb, çoxdan günəşimiz sönüb, özü düz 30 il əvvəl...

yurdumuz qalıb, elimiz, obamız...

Əsir düşüb torpağımız, girov götürülüb vətənimiz...

***

Yenə bağrımız parçalanmışdı torpağımızın viran halına, iki çeşmə ağlamışdı gözlərimiz tar-mar olan yurdlarımıza, ağı demişdi dilimiz özünü Azərbaycana qurban verən cavan canlara...

Üzümüzü Tanrıya tutaraq dualar etmişdik, şəhid qanı ilə suvarılan müqəddəs torpağımıza and içmişdik ki, bu qisası qiyamətə qoymayacağıq...

Amma o gecəni digər gecələrdən fərqləndirən başqa bir ab-hava da var idi.

Sanki o gecə ana torpaq uğrunda canını qurban verən şəhidlərin, Xocalıda əsir, girov düşərək min bir əziyyətlə qətlə yetirilən soydaşlarımızın, yurdundan didərgin düşərək  bu dünyayla vidalaşan küskün, nigaran ruhların "qisas", "qisas", "qisas" səslərini lap yaxından eşidirdik...

O gecənin səhərinin nurlu günəşlə açılacağının sevincini qəlbimizlə, könlümüzlə, ürəyimizlə, bütün varlığımızla hiss edirdik.

2020-ci ilin 26 sentyabr gecəsindən - Azərbaycan xalqının parlaq zəfərlərlə, qələbələrlə bol səhərlərə açılan o son gecədən danışırıq...

***

O payız gecəsinin səhərində, elə son bahar günəşinin son işartıları kimi öləziyən ümidlərimiz birdən-birə işarmağa, parlamağa başladı...

Ta 30 ilin o üzündən həsrətlə boylanan nisgilli arzularımız bir andaca dirçəldi, ana yurdumuzdan qanadlanıb ruhumuza məlhəm kimi yayılan, qulağımızda qələbə marşına çevrilən zəfər müjdələri Azərbaycan xalqını sevinc gözyaşlarına boğdu.

Döyüş meydanından şanlı Azərbaycan Ordusunun zəfər hayqırtıları gəldikcə, Qarabağın, Şərqi Zəngəzurun şah zirvələrində ay-ulduzlu üçrəngli müqəddəs bayraqlarımız dalğalandıqca ürəklərimiz qürurdan, fəxarətdən dağa döndü.

Düz 30 il boyu gündüzləri bağrımıza dağ çəkən, gecələri yuxularımızı ərşə çəkən ağrı-acılı Vətən nisgilindən qurtulacağımız günün yolunu həsrətlə gözləmişdik.

Səbirlə, düşməndən intiqamımızı alacağımız, torpaqlarımızın işğaldan azad olunacağı, yurdlarımıza qayıdışın gerçəkləşəcəyi günləri gözləmişdik.

30 il gözlədiyimiz qisasımız 2020-ci il sentyabrın 26-sı gecəsindən başladı. 

Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-si səhərini şanlı, şərəfli, fəxarətli böyük günlərə aparan xoş ovqatla açdı.

Payızın o qaranlıq gecəsindən doğulan sabahlarımız parlaq qələbələrə, zəfərlərə yol aldı...

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 26 sentyabr.- S.10.