Ukraynalı ekspert: Azərbaycanın ərazilərini azad etməsi Prezident İlham Əliyevin uzaqgörən strategiyasının nəticəsidir

 

 

Azərbaycanın Qarabağ bölgəsində uğurlu antiterror tədbirlərinin, ərazilərin işğaldan azad edilməsinin əsas səbəbi Prezident İlham Əliyevin Azərbaycan dövlətinin uzaqgörən, düzgün strategiya qurmasıdır. Azərbaycan dövləti bu məsələdə sistemli siyasət apara bildi, ordu quruculuğunda düzgün addımlar atdı, uzunmüddətli güclü strateji plan hazırlayıb həyata keçirdi.

Bu fikri AZƏRTAC-a müsahibəsində, Ukraynanın Milli Antiböhran Qrupunun aparıcı tərəfdaşı, siyasi ekspert Taras Zaqorodnıy söyləyib.

Onun sözlərinə görə, Qarabağ probleminin həlli üçün Azərbaycan güclü müttəfiqlər cəlb etməyə nail oldu, baxmayaraq ki, bəzi Qərb dövlətləri antiterror tədbirlərinin əleyhinə idi. Azərbaycan ətrafında yaranmış şəraitlə bağlı düzgün yol seçərək bu istiqamətdə irəlilədi.

Azərbaycan ərazisindəki separatçı anklav faktiki olaraq dağıdılıb indi biz bu çoxillik işin nəticəsini görürük. Bir daha vurğulayıram ki, çoxillik işi. Çünki bu, belə asanlıqla yarana bilməzdi bu, bir çox ölkələr, o cümlədən Ukrayna üçün yaxşı nümunədir”, - deyə siyasi ekspert vurğulayıb.

T.Zaqorodnıyın sözlərinə görə, beynəlxalq qurumlar uzun müddətdir ki, öz yaxşı tərəflərini göstərmirlər, çünki çox vaxt ölkələrin maraqları ilə ayrı-ayrı beynəlxalq bürokratiyanın maraqları üst-üstə düşmür: “1980-ci illərin sonu - 1990-cı illərin əvvəlində Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunduqdan sonra beynəlxalq qurumlar ötən illər ərzində yalnız uğursuz vasitəçiliklə, monitorinqlə kifayətləndilər. Yəni, beynəlxalq qurumlar, təəssüf ki, indiki formada artıq tükəniblər”.

 

Azərbaycan.-2023.- 26 sentyabr.- S.8.