QLOBAL LİDERLİK ÖRNƏYİ

 

 

"İlham Əliyev həm biliyinə, həm iş təcrübəsinə, həm ağlına, həm də insani keyfiyyətlərinə görə Azərbaycanın siyasi səhnəsində görkəmli bir adamdır"

 

Heydər ƏLİYEV

 

 

 

Ərazi bütövlüyünün bərpası dünyanın Azərbaycana münasibətini büsbütün dəyişdi!

 

44 günlük Zəfər müharibəsində qazanılan möhtəşəm qələbə dünyanın Azərbaycan xalqına da verdiyi dəyəri yenilədi!

 

Azərbaycanın apardığı XXI əsrin ən yeni müharibəsi, həmin müharibədə tətbiq edilən müasir strategiya və taktika, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər üç cəbhədə - hərb meydanında, diplomatiya və informasiya müharibəsində qazandığı möhtəşəm qələbə bütün dünyanın İlham Əliyevə də baxışını və ona olan münasibətini yeni səviyyəyə qaldırdı!

 

Əslində, bütün bunlar mövcud reallığın və onların bir qədər gecikmiş şəkildə olsa da, yenidən, obyektiv şəkildə dərki və qiymətləndirilməsi sayılır!

 

Həm də sonsuz qürur və fəxarət doğurur!

 

***

 

Cənab İlham Əliyev iyirmi il öncə prezidentliyə namizədliyini irəli sürəndə Azərbaycan xalqı onu yalnız üç sahədə sınaqdan uğurla çıxmış siyasətçi kimi tanıyırdı:

 

* "Əsrin müqaviləsi" neft kontraktının imzalanması ilə başa çatan gərgin, uzunsürən və məsuliyyətli "neft danışıqları"ndakı əvəzsiz xidmətinin;

 

* Milli Olimpiya Komitəsinə rəhbərliyi dövründə ölkədə idmanın dirçəldilməsi və inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinin şahidi olmuşdu;

 

* Milli Məclisin deputatı kimi seçicilərinin timsalında geniş əhali təbəqəsinin sosial-iqtisadi problemlərinin həllində ciddi dönüş yaratması, əsl millət vəkili statusunu qazanması.

 

Cənab İlham Əliyevin bu məsuliyyətli vəzifəyə ali təqdimatını isə Ulu Öndər Heydər Əliyev verdi:

 

"O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

 

Artıq zaman, dövrün çətin sınaqları hər şeyi öz yerinə qoyub!

 

Adam hətta özünə "Əgər İlham Əliyev Azərbaycan Prezidenti seçilməsəydi və ötən illər ərzində dövlətə rəhbərlik etməsəydi, onda ölkənin və xalqın vəziyyəti necə olardı?" sualını verməkdən də ehtiyat edir!

 

Doğrudan da, necə olardı?

 

* Tarixinin ən qüdrətli Azərbaycanı yaranardımı?

 

* Azərbaycan müstəqil, yalnız milli və dövləti maraqlara xidmət edən siyasət yeridə bilərdimi?

 

* Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin keçdiyi ölkəyə, logistika mərkəzinə çevrilərdimi?

 

* Avropanın enerji ilə təchizatının müəyyən qisim ağırlığını öz üzərinə götürə bilərdimi?

 

* İşğal altındakı torpaqlar azad edilərək ərazi bütövlüyümüz bərpa edilərdimi?

 

Bu qəbildən olan sualların sayını istənilən qədər artırmaq da olar!

 

Həqiqət isə birdir!

 

Bu gün heç kəsdə zərrə qədər də şübhə yoxdur ki, bütün bu və digər məsələləri yalnız və yalnız cənab İlham Əliyev həll edə bilərdi!

 

Həm də bu qədər uğurla!

 

***

 

Gəlin digər bir sualı da cavablandırmağa çalışaq:

 

Cənab İlham Əliyev ölkə daxilində daha çox iş görür, yoxsa Azərbaycanın beynəlxalq əlaqələri və əməkdaşlığının inkişaf etdirilməsi sahəsində?

 

Bu da asan olmayan sualdır!

 

Cavabın çətinliyi isə ondadır ki, Azərbaycan hər iki sahədə çox mühüm işlər görüb və görür, hər iki sahədə möhtəşəm uğurlara imza atıb və atır!

 

Cənab İlham Əliyevin öz təbiri ilə desək, "Məqsəd xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı etməkdir!"

 

***

 

Həyatda hər şeyin zamana ehtiyacı var!

 

Zaman təkcə ömür deyil!

 

Zaman həm də görüləcək işlərin, reallaşdırılacaq layihələrin gerçəkləşdirilməsi üçün tələb olunan vaxtdır, müddətdir!

 

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanla bağlı mühüm planları, görəcək işləri vardı!

 

Təəssüf ki, ömür vəfa etmədi...

 

Ulu Öndərimizin müdrikliyi və uzaqgörənliyi həm də onda idi ki, vaxtında onu ləyaqətlə əvəz edəcək siyasi varisi yetişdirmiş, Azərbaycanın güclü və etibarlı əllərə tapşırılması qayğısına da qalmışdı.

 

Ümummilli Liderimiz hansı yarımçıq işləri nəzərdə tuturdu?

 

***

 

20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanmışdı.

 

Lakin ilkin neftdən qazanılan vəsait çəkilən xərclərin bağlanmasına yönəldildiyindən büdcəyə kifayət qədər neft pulları daxil olmurdu. Odur ki, nəzərdə tutulan bir çox vacib işləri dərhal görmək mümkün deyildi.

 

BELƏ Kİ:

 

* Hələ də ölkədə işsizlik və yoxsulluq faizi yüksək idi;

 

* Çadır şəhərciklərində və ictimai binalarda yaşayan məcburi köçkünlərin vəziyyəti ürəkaçan deyildi və dövlət onlara kifayət qədər qayğı göstərə bilmirdi;

 

* Regionlarda insanlar çətinlik çəkir, kəndlər boşalırdı;

 

* Ordu quruculuğuna başlanılsa da, ordunun müasir silah-sursatla təchizi və hərbi hissələrdəki şərait lazımi səviyyədə deyildi;

 

* Bakı-Tbilisi-Ceyhan neft kəməri işə salınsa da, maliyyə problemləri sarıdan (o dövrdə beynəlxalq banklar Azərbaycana həvəslə kredit ayırmırdılar) Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars transmilli layihələrinin gerçəkləşdirilməsi ləngiyirdi;

 

* Beynəlxalq qurum və təşkilatlarda Azərbaycanın haqq işinin müdafiəsinin gücləndirilməsinə ehtiyac duyulurdu;

 

* İşğal altındakı torpaqların azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası milli, tarixi və müqəddəs vəzifə kimi qarşıda dururdu və s.

 

Ulu Öndər Heydər Əliyev yarımçıq qalan işlərin başa çatdırılmasının çətinliyini və mürəkkəbliyini gözəl bilirdi.

 

Həm də əmin idi ki, həmin müşkül məsələlərin öhdəsindən yalnız İlham Əliyev gələ bilər!

 

Dövlətin ən ağır və məsuliyyətli dövrlərinin birində hakimiyyət sükanı arxasına keçən cənab İlham Əliyev görüləcək işlərin miqyası və nəhəngliyini, zamanın darlığını yaxşı anlayırdı.

 

Həm də Ümummilli Liderimizin və xalqın ona olan inam və etibarını doğrultmaqdan qeyri yol olmadığını da gözəl bilirdi.

 

Bu, İlham Əliyev üçün tarixi imtahan idi!

 

Bu, dövlət başçısı seçilən İlham Əliyev üçün əsl sınaq idi!

 

Elə bir imtahan və sınaq ki özünü həm ölkə daxilində görülən işlər, həm də beynəlxalq aləmdəki fəaliyyəti ilə doğrultmalı idi!

 

Xoşbəxtlikdən doğrultdu da!

 

***

 

Artıq cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətə başlamasından iyirmi ilədək müddət keçir.

 

Geriyə boylananda görülmüş işlərin həcmi və möhtəşəmliyi qürur və iftixar hissi doğurur.

 

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə Azərbaycan başdan-başa dəyişdi, yeniləndi, müasirləşdi:

 

* Tarixinin ən qüdrətli, müstəqil daxili və xarici siyasətini yürüdən yeni Azərbaycan yarandı;

 

* Azərbaycanın enerji təhlükəsizliyi təmin olundu, ən ucqar yaşayış məntəqələri belə fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olundu;

 

* Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı təsdiq edilərək uğurla həyata keçirildi;

 

* Nəqliyyat təhlükəsizliyi təmin edildi, yol infrastrukturu tam yeniləndi, kəndarası yollar belə asfaltlandı;

 

* Qaçqın və məcburi köçkünlər müasir tipli evlərə və çoxmərtəbəli binalardan ibarət şəhərciklərə köçürülərək yaşayış şəraitlərini əsaslı şəkildə yaxşılaşdırdılar;

 

* Yoxsulluq və işsizlik minimum səviyyəyə endirildi;

 

* Bütövlükdə Prezident İlham Əliyevin müəllifi olduğu İnkişafın Azərbaycan Modeli yaradılaraq müstəqil dövlətimizin sürətli, ardıcıl və davamlı inkişafı təmin edildi!

 

Beləliklə, Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə, söz sahibinə, dövlət başçısı  İlham Əliyev isə dünyanın sayılıb-sevilən liderlərindən birinə, ən nüfuzlu beynəlxalq tədbirlərin arzuolunan dəvətlisinə, sayılıb-sevilən iştirakçısına çevrildi!

 

***

 

Ulu Öndər Heydər Əliyev cənab İlham Əliyevi həm də "müasir dünya siyasətinin dərin bilicisi" də adlandırmışdı.

 

İlham Əliyev beynəlxalq aləmdəki ardıcıl, səmərəli və uzaqgörən fəaliyyəti ilə Ümummilli Liderimizin bu fikrini də ləyaqətlə doğrultdu.

 

Cənab İlham Əliyev dünya siyasətinə öz xarakteri, daim dəyişməz olan prinsipləri ilə qatıldı!

 

Bu sayaq da qəbul edildi, tanındı, sevildi, məşhurlaşdı və Azərbaycana çoxsaylı dostlar qazandırdı!

 

İlham Əliyev beynəlxalq aləmdə Azərbaycanın yeni imicini formalaşdırdı:

 

* demokratik;

 

* güclü;

 

* müasir;

 

* multikultural dəyərlərə sahib;

 

* idmansevər;

 

* etibarlı tərəfdaş;

 

* qorxmaz, döyüşkən və itirilmiş torpaqlarına sahib çıxan.

 

***

 

Azərbaycan Prezidenti İlham Əliyev qarşısına qoyduğu bütün hədəflərə sarsılmaz iradəsi, polad əzmi, qətiyyəti və dəyişməz prinsipləri ilə çatdı!

 

Heç zaman, heç bir halda Azərbaycanın milli və dövlət maraqları ilə bağlı məsələlərdə kimsəyə güzəştə getmədi!

 

İlham Əliyevin fəaliyyət prinsiplərinə qısa şəkildə nəzər salaq:

 

* Sözlə əməlin vəhdəti, dediyini etmək;

 

* Atılan hər addımda dövlət maraqlarını, milli mənafeyi rəhbər tutmaq;

 

* Beynəlxalq hüquqa və ədalətə sadiqlik;

 

* Əlaqə və əməkdaşlıq zamanı tərəfdaş dövlətlərin də maraqlarını nəzərə almaq;

 

* Çətinliyə düşən dost dövlətlərə, dövlət başçılarına arxa durmağı, mərd-mərdanə kömək göstərməyi bacarmaq;

 

* Prinsipial məsələlərdə möhkəm iradə və qətiyyət, dönməzlik göstərmək, hadisələrin üstünə getmək;

 

* Çaşanların, yalan danışanların, cızığından çıxanların cavabını kəskin şəkildə vermək, bunun üçün münasib zaman və məkan seçməyi bacarmaq;

 

* Nəyi nə vaxt və necə etməyi səhvsiz, dəqiqliklə müəyyənləşdirmək.

 

***

 

Prezident İlham Əliyevi dünyada məşhurlaşdıran və türk dövlətlərinin sevimlisinə çevirən başlıca amillərdən biri onun beş əsrdə ilk dəfə itirilmiş Azərbaycan torpaqlarını döyüşərək geri qaytarması, ikiəsrlik "Qarabağ problemi"ni çözməsi oldu!

 

44 günlük Zəfər müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistan ordusunu məhv etdi, düşməni qarşısında diz çökdürdü, "dəmir yumruğu" ilə başını əzərək kapitulyasiya aktını imzalatdırdı.

 

İlham Əliyev Vətən müharibəsinə mükə

 

mməl hazırlıq gördü, Azərbaycan Ordusunu ən müasir silahlarla, ən yeni strategiya və taktika ilə təmin etdi!

 

XXI əsrin ən yeni müharibəsini apardı, dünyaya yeni müharibə modeli təqdim etdi və bu gün də dünyanın ən güclü dövlətləri belə onun tətbiq etdiyi strategiya və taktikanı öyrənərək öz ordularında tətbiqi üçün islahat və dəyişikliklər aparırlar.

 

İlham Əliyev özü bu müharibədə üç cəbhədə çalışdı: həm hərb meydanında, həm diplomatiya sahəsində, həm də informasiya savaşında!

 

Bütün bu uğurların kökündə xalq-iqtidar birliyi dayanır.

 

İlham Əliyev hərbi əməliyyatlardan öncə milli birliyə nail oldu, yeni vətənpərvər gənclər nəsli yetişdirdi, onların iştirakı ilə möhtəşəm ordu yaratdı.

 

İlham Əliyev uzaqgörənliyinin bir sıra vacib cəhətləri vardır:

 

* Fəhmi, uzaqgörənliyi və təcrübəsi sayəsində dünyada baş verə biləcək hadisələri qabaqcadan görə bilir;

 

* Mühüm dəyişiklikləri qabaqlayaraq zəruri addımlar atır;

 

* Düşmənin planlarını puça çıxarmaq üçün dəqiq və hesablanmış gedişlər edir;

 

* Diplomatiya ilə gücün tətbiqinin sərhədlərini hamıdan öncə və dəqiq müəyyən edir;

 

* Heç zaman tələsmir, əlverişli və gərəkli məqamı isə əldən vermir;

 

* Bütün gedişlərində beynəlxalq hüquqa və konvensiyalara, imzalanmış sənədlərə istinad edir;

 

* Hər hansı addımı atmazdan öncə beynəlxalq ictimai rəyin hazırlanmasına və formalaşdırılmasına xüsusi diqqət yetirir;

 

* Polemikada opponentini tutarlı faktlar və dəmir məntiqlə mat vəziyyətinə salır;

 

* Düşməni vaxtında zərərsizləşdirməyin və təcrid etməyin üsul və vasitələrini mükəmməl bilir;

 

* Hadisələrin axarı ilə getmir, əksinə, hadisələri istədiyi məcraya yönəldir;

 

* Başladığı işi hüquqi və diplomatik cəhətdən əsaslandırır, istədiyi sonluqla başa çatdırır!

 

***

 

İlham Əliyevi dünyada məşhurlaşdıran və sevdirən nədir?

 

Bu suala qismən cavab vermişik.

 

İndi isə Azərbaycan Prezidentinin beynəlxalq sahədəki fəaliyyətinin bəzi məqamlarına yığcam nəzər salaq:

 

Cənab İlham Əliyev beynəlxalq aləmdə və diplomatiyada ilk dəfə neft danışıqlarında tanındı və müsbət imic qazandı.

 

Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurasındakı nümayəndə heyətinə uğurlu rəhbərliyi onun nüfuzunu xeyli artırdı.

 

İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezidentliyi dövründə Azərbaycanda idmanın yüksəlişinə nail olması, I Avropa Oyunlarını, habelə

 

IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməsi ölkəmizin dünyada idman dövləti kimi tanınması ilə yanaşı, islam dövlətləri arasında birliyin güclənməsinə də müsbət təsir göstərdi.

 

Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, cənab İlham Əliyevin bu qurumun iclaslarına rəhbərlik etməsi, burada bir sıra dəyərli təklif və təşəbbüslər irəli sürməsi diqqətçəkən və yaddaqalan məqamlardan oldu.

 

Ölkəmizin bir sıra beynəlxalq forumların təşəbbüsçüsü olması və onlara evsahibliyi etməsi, cənab İlham Əliyevin həmin forumlarda, habelə Davos İqtisadi Forumunda, İslam Əməkdaşlıq Təşkilatının toplantılarında maraqlı, məntiqli və ağıllı çıxışlar etməsi ona olan diqqət və hörməti daim artırmışdır.

 

Cənab İlham Əliyevin Qoşulmama Hərəkatına uğurlu rəhbərliyi onun beynəlxalq fəaliyyətinin ən parlaq səhifəsinə çevrildi.

 

Qurumun rəhbəri kimi İlham Əliyevin inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun addımlar atması, COVID-19 pandemiyası zamanı onların vaksinlərlə təminatına xüsusi diqqət yetirməsi, bu sahədə ədalətsizliklərə qarşı etiraz səsini ucaltması, habelə yardım göstərilməsini təşkil etməsi böyük rəğbətlə qarşılandı. Nəticədə Azərbaycanın bu quruma rəhbərliyi müddəti artırıldı.

 

Türkiyə-Azərbaycan qardaşlığı, İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu və birgə əməkdaşlığı türk dövlətlərinin birləşməsinə böyük töhfələr verir.

 

Təşəbbüsçüsü və yaradıcısı Azərbaycan olan birliyin Türk Dövlətləri Təşkilatına çevrilməsi üzv dövlətlərin birliyinin möhkəmlənməsinə və indiki mürəkkəb şəraitdə güclərini birləşdirməklə əlbir əməkdaşlıqdan daha çox faydalanmalarına şərait yaradır.

 

Ən fərəhli cəhətlərdən biri budur ki, İlham Əliyev xarici siyasi fəaliyyətində daim birləşdirici rol oynayır, mövcud imkanlardan hamının birgə bəhrələnməsinə şərait yaradır.

 

Həm də dost dövlətlər arasındakı anlaşılmazlıqları aradan qaldırmağı, bir-birinə gərək olan dövlətlər arasında sülh yaratmağı ustalıqla bacarır.

 

Sanki cənab İlham Əliyev dünyada qaz böhranı yaranacağını irəlicədən bilirdi!

 

"Cənub qaz dəhlizi", TAP və TANAP layihələrinin icrası vaxtında başa çatdı.

 

Bu gün Azərbaycan Avropanı təbii qazla təmin edən ən etibarlı tərəfdaşdır!

 

Bu gün Avropa Azərbaycan qazına ciddi ehtiyac duyur!

 

Bu gün Azərbaycan Avropadakı dostlarının dadına çataraq onlara lazımi köməyi göstərir.

 

Belə bir məqamda bu, xüsusilə vacib idi və İlham Əliyev uzaqgörənliyi Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də nüfuz baxımından yüksəlişinə kömək etdi.

 

***

 

Azərbaycan Prezidentinin İtaliya və Serbiyaya uğurlu səfərləri, onun Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda böyük hörmət və məhəbbətlə qarşılanması hər birimizin qəlbini sonsuz iftixar və sevinclə doldurur.

 

Tək Azərbaycan xalqı deyil, bütün türk dünyası cənab İlham Əliyevlə fəxr edir, onu sevir, ona arxalanır.

 

Vaxtilə Ulu Öndərimizin cənab İlham Əliyev haqqında söylədiyi yüksək fikirlər bu gün Avropada da öz təsdiqini tapır.

 

Bu mənada Azərbaycan Prezidentinin 23 noyabr 2022-ci ildə Serbiyaya səfəri və həmin səfər zamanı Prezidentimizin yüksək səviyyədə qarşılanması ilə bağlı bir neçə məqama diqqət çəkmək istərdik.

 

Bəli, artıq Avropada Avropa liderləri İlham Əliyev haqqında ən yüksək fikirlər səsləndirir, onun fəaliyyətinə ən yüksək dəyər verirlər.

 

Serbiya Prezidenti Aleksandar Vuçiçin Avropada İlham Əliyev haqqında söylədiyi fikrə bir daha nəzər salaq:

 

"İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür".

 

"Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər. Mən, həqiqətən, şadam ki, mənim böyük dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb və dəyişməyib, o, hər zaman öz ölkəsinin təhlükəsizliyini təmin edib, ona hörmət edilməsinə nail olub, öz ölkəsinin qayğısına qalır və öz ölkəsinin maraqlarını müdafiə edir. Qoy başqaları düşünsün ki, onlar dəyişiblər ya yox, yanaşma və prinsiplərini dəyişiblər ya yox".

 

***

 

Əslində, Avropa bu gün Ulu Öndər Heydər Əliyevin iyirmi il əvvəl söylədiyi fikirləri təsdiq edir!

 

Düzgün daxili siyasətin uğurudur ki, bu gün Azərbaycan qüdrətli dövlətə çevrilib, milli birlik bərqərar olunub, ən ağrılı problem - işğaldakı torpaqlar azad olunub və Qarabağın, Şərqi Zəngəzurun bərpası və dirçəldilməsi prosesi sürətlə davam edir.

 

Xarici siyasətin uğurudur ki, Azərbaycanın çoxsaylı dostları var, haqq işimiz dünyada müdafiə olunur, Avropa bizim qazımıza və dostluğumuza ciddi ehtiyac duyur!

 

Bütün bunları edən isə türk dünyasının fəxri sayılan cənab İlham Əliyevdir!

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2023.- 6 yanvar.- S.5.